Məlum olur ki, Bakıda liftlərin əksəriyyəti təhlükəlidirÇünki şəhər təsərrüfatının bu sahəsinə heç bir nəzarət yoxdur
Bayıl sakininin faciəli ölümü yaşayış binalarının lift probleminin hələ də həllini tapmadığını göstərir. Paytaxtda xeyli sayda binalar var ki, lift sistemi işləmir. Bəzən sakinlər 9, hətta 16 mərtəbəli binalara da pilləkənlə düşüb-çıxmaq məcburiyyətində qalır.
Mənzil kommunal təsərrüfatı idarələrinə şikayət etdikdə isə, bir cavab eşidirlər: "pul yığın, usta çağırın, lifti təmir etsin”. Son illər lift qəzalarının sayı da artıb. Gah uşaq liftdə qalır, gah da böyüklər. Bayıldakı, İ.Məmmədov küçəsi 2 "a” ünvanında yerləşən 14 mərtəbəli binada liftin xarab olması isə faciə ilə nəticələnib. Övladı ilə birlikdə liftə minən Elmar Mustafayev azyaşlı uşağını xilas etsə də, özü həlak olub. Bu faciəli olay göstərir ki, bəlkə də hazırda ən qorxulu yer liftlərdir. Çünki şəhər təsərrüfatının bu sahəsinə heç bir nəzarət yoxdur. İnsanlar qapısı bağlı, uçuq-sökük liftlərin "umuduna” qalıblar. Liftlərin əksəriyyəti istismar müddətini çoxdan başa vurub. Söhbət təkcə yaşayış binalarından getmir. Bir sıra müəssisə və təşkilatların liftləri köhnəlib, istifadəyə yararsız hala düşüb. Ancaq heç bir qurum bununla maraqlanmır. İnsanlar isə faktiki təhlükə - risk altındadırlar. Yadımdadır ki, 70-ci illərdə Bakıxanov küçəsindəki 5 mərtəbəli yaşayış binasında lift sistemi vardı. Nənəm orada yaşadığından həmin liftə tez-tez minərdik. 4 bloklu binanın hər blokunda liftçilərin nəzarət məntəqəsi vardı. Sakinləri məhz liftçilər liftə mindirir, gedəcəkləri mərtəbənin düyməsini basırdılar. Yəni, kimsənin nəzarətsiz liftə minməsinə imkan vermirdilər. Belədə insan özünü güvəndə hiss edirdi. Demirəm, indi də hər liftin önünə bir liftçi təyin edilsin. Müasir texnologiyalar əsrində, əlbəttə, bu absurd görünər. Amma lift sisteminə nəzarət daimi olmalıdır. Liftə minən şəxs ondan istifadə qaydasını bilməyə bilər. Yaxud da dəcəl uşaqların liftlə "oynadığının” o qədər şahidi olmuşuq ki. Nəinki köhnəlmiş liftlər təmir edilmir, yenilərinə də nəzarət edilmir, vaxtlı-vaxtında yoxlanmır. Məhz bu cür hallar bədbəxt hadisələrin baş verməsinə səbəb olur.
Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli "Şərq”ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Lift İstehsalat Birliyinin fəaliyyət göstərdiyini dedi:
- Bu birlik yalnız BŞİH-nin balansında olan binalara cavabdehdir. Necə fəaliyyət göstərirlər, bu, başqa mövzudur. Ancaq mənzil tikinti kooperativləri tərəfindən inşa edilmiş binalara xidmət göstərmək onların səlahiyyəti xaricindədir. MTK bina inşa edirsə, mənzil-kommunal departamentləri ilə, eləcə də, Fövqəladə Hallar Nazirliyi ilə müvafiq müqavilə bağlamalıdır. Buna əsasən də, həmin qurumlar binalarda təhlükəsizlik sistemini, liftlərin işlək vəziyyətdə olmasını təmin etməlidirlər. Əgər belə bir müqavilə yoxdursa, heç kim bu qurumları məsul tuta bilməz. Bəzən deyirlər ki, filan binada lift xarab oldu, FHN çağırışa gəlmədi. FHN hüquqi cəhətdən ona aid olmayan sahədə xidmət göstərə bilməz. İnşa edilmiş binaya əvvəlcə ümumi çıxarış alınmalıdır. Təhvil-təslim aktı imzalanmalıdır və müqavilə bağlanmalıdır. Bundan sonra FHN və ya Lift İstehsalat Birliyi o binanın təhlükəsizliyinə də, liftinə də cavabdehlik daşıya bilər. Amma hüquqi sənəd olmadan bu qurumların binalarda xidmət göstərməsi düzgün deyil. FHN hardasa yanğın baş verirsə və ya hansısa təbii fəlakət zamanı müdaxilə edir. Amma bir binada lift xarab olubsa, ya da liftin qapısı açılıb-bağlanmırsa, bunun nə FHN-ə, nə də Lift İstehsalat Birliyinə aidiyyəti var. Sadəcə, sakinlər binanı inşa etmiş MTK-dan müvafiq müqavilələrin imzalanmasını tələb etməlidirlər. Necə ki, MTK sakinlərdən bina tikilməmiş pul alır, sakinlər də ödədikləri məbləğ müqabilində can güvənliklərinin qorunmasını tələb etsinlər.
Məlahət Rzayeva