Ombudsmanın fəaliyyəti tənqid olundu

Elmira Axundova: “İnformasiya üzrə müvəkkilin səlahiyyətlərini Ombudsmana vermişik. Lakin bu müddətdə fəaliyyətini görməmişik”
Fuad Muradov: “Beynəlxalq tribunaya çıxa bilirsinizsə, niyə bildirmirsiniz ki, dinc sakinlərimiz həlak olur”



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) dünən Milli Məclisdə hesabat verib. Hesabatı ombudsman Elmira Süleymanova təqdim edib. Ombudsmanın məruzəsindən sonra müzakirələr olub.

Deputat Elmira Axundova öncə Bakı ərazisində mümkün terror təhlükəsindən danışıb. Xanım millət vəkili deyib ki, son günlər xristian və islam aləmi çoxsaylı terror hücumlarına məruz qalır: "Bir sıra dövlətlər vətəndaşlarının təhlükəsizliyi üçün tədbirləri artırıblar. Bayram günlərində Rusiyada oldum, teatr, ticarət mərkəzləri və metrodan istifadə edirdim. Onların təhlükəsizlik tədbirləri məni heyran edirdi. Bütün girişlər metalaxtaran avadanlıqla təmin edilib və insanlar diqqətlə yoxlanılır. Düzdür, sıxlıq yaranır, lakin paytaxt sakinləri də bunu anlayışla qarşılayır. Amma gördüyüm mənzərə, Bakıda mövcud olan indiki şəraitə uyğun deyil. Bildiyim qədər təhlükə var. Radikal və dini ekstremistlər saxlanılıb. Bakı və rayon icra hakimiyyətlərindən xahişim odur ki, xoşagəlməz hadisə baş vermədən, yubanmadan qabaqlayıcı tədbirlər görülsün. Ali məktəblərdə, iri ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Heç kəs terror hücumlarından sığortalanmayıb. Müharibə şəraitində yaşayırıq və təhlükəsizlik tədbirləri gücləndirilməlidir”.

"Bəzi mətbuat orqanlarının fəaliyyəti 1 aylıq dayandırılsın”

Deputat daha sonra Ombudsmanın məruzəsinə təklif və tövsiyələrini verib. O qeyd edib ki, məruzədə vətəndaşların şikayət və müraciətləri, onlara məmurlar tərəfindən laqeydlik göstərilməsi və bu istiqamətdə bir sıra fikirlər yer alsa da, konkret faktlarla göstərilməyib: "Hesabat həmçinin dərmanların qiymətlərinin əlçatan olmasını təklif edir. Amma bazar iqtisadiyyatı şəraitində bu mümkün deyil. Bunun üçün təklif etmişdim ki, 75-80 yaşlı ahıllara dövlət hesabına dərmanlar verilsin və ya onların pensiyasına əlavələr edilsin ki, dərman ala bilsin. Ombudsman mətbuata təzyiqlərdən danışır və jurnalistlərin müdafiəsinə qalxır. Lakin hesabatda toxunulmur ki, media kimlərləsə hesablaşmaq, açıq reketçiliklə pul qazanmaq yerinə çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır. Bəs bu jurnalistlərdən bizi kim müdafiə edəcək. İnformasiya üzrə müvəkkilin səlahiyyətlərini Ombudsmana vermişik. Lakin bu müddətdə informasiya üzrə müvəkkilin fəaliyyətini görməmişik. Bunun Elmira Süleymanovaya aidiyyəti yoxdur. Təklif edirəm ki, biz informasiya üzrə müvəkkili müstəqil qurum kimi bərpa edək. Ya da Elmira Süleymanovaya əlavə səlahiyyətlər verməliyik”.

Deputat Mətbuat Şurasına da səlahiyyətlər verilməsi təklifi ilə çıxış edib. Qeyd edib ki, Milli Teleradio Şurasında olduğu kimi, Mətbuat Şurası da bəzi mətbuat və ya saytları bir aylığa dayandırmaq barədə qərar vermək səlahiyyətinə malik olmalıdır: "Neqativ hallara qarşı Mətbuat Şurası daha təsirli mübarizə aparmalıdır”.

Deputat xanım həmkarına tövsiyə etdi: "Jurnalistikanın probleminə toxunursuzsa, kompleks yanaşın”

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, jurnalistlərin cəmiyyət qarşısında imtahanı davam edir: "Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra məqamlar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyə bilir”. Millət vəkili xanım həmkarına tövsiyə edib ki, jurnalistikanın probleminə toxunursa, kompleks yanaşsın: "Bu sahədə maddi və sosial sahəni də nəzərə alın”.

"Serj Sərkisyan və onun ətrafında olan insanlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun”

Deputat Fuad Muradov Ombudsmanın hesabatına toxunaraq qeyd edib ki, məruzə geniş və bütün sahələri ətraflı əhatə edib: "Ombudsman İnstitutunun beynəlxalq çərçivədə də böyük nüfuzu var. Elmira Süleymanovadan xahiş edərdim ki, öz nüfuzundan istifadə edərək ermənilər tərəfindən həyata keçirilən dəhşətlər, sakinlərimizin qırılması, xüsusən azyaşlı uşaqların ölməsində birbaşa iştirak edən Serj Sərkisyan və onun ətrafında olan insanlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun. Dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxması başlayıb və orada bir nömrəli namizəd də Serj Sərkisyandır. Eyni zamanda sizin fəaliyyət illərində həm beynəlxalq təşkilatlar, həm də insan hüquqları ilə məşğul olan institutlarda şəxsi əlaqələriniz var. Təklif edərdik ki, siz bu istiqamətdə köməklik göstərəsiniz”.

"Sülh lazımdır, amma bizim evimizə gəlib, başımıza top atırlar, deyək ki, atın, davam edin?”

F.Muradov beynəlxalq tribunada çıxış edən hüquq müdafiəçilərinin bu günlərdə səssiz qaldıqlarını da söyləyib: "Son zamanlar guya sülhpərəst qüvvələr müraciət yayırlar ki, sülh lazımdır. Sülh lazımdır, amma bizim evimizə gəlib, başımıza top atırlar, deyək ki, atın, davam edin? Bu qəbuledilməzdir. Bir qrup insanlar var ki, bundan istifadə edib siyasi dividend qazanmaq istəyirlər. Bu yaxınlarda cənab Prezidentin humanist addımı oldu və özlərini hüquq müdafiəçiləri elan edən insanlar azadlığa buraxıldı. Onlar beynəlxalq tribunada, müxtəlif beynəlxalq nəşrlərdə palaz-palaz müraciətlər edirlər. Son 3 gündə hüquq müdafiəçilərindən Ermənistan və təcavüzü ilə bağlı fəaliyyət görmədim. Sizdə belə imkanlar varsa, beynəlxalq tribunaya çıxa bilirsinizsə, niyə bildirmirsiniz ki, dinc sakinlərimiz həlak olur. Bir söz deyin də! Onlar o tribunanı öz şəxsi maraqlarına görə istifadə edirlər. Məsələlər sakitləşəndən sonra müzakirə etməliyik ki, bu insanlar kimə işləyirlər?”. Komitə sədri vurğulayıb ki, sosial şəbəkələrdə gənclər tərəfindən müsbət işlər də görülür: "Gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ermənilərin beynəlxalq dostları qarayaxma kampaniyasına əl atacaqlar. Buna hazır olmalıyıq və dərhal cavab verilməlidir. Azərbaycan gəncləri hər zaman hazırdır”.

Müzakirələrdən sonra ombudsmanın hesabatı səsverməyə çıxarılaraq qəbul olunub.

Ombudsman cəbhə bölgəsinə gedir

Bundan sonra çıxış edən E.Süleymanova deyib ki, yaxın günlərdə təmas xəttində olacaq. O, həmçinin qeyd edib ki, sabah (bu gün - red) beynəlxalq təşkilatların böyük nümayəndə heyəti Ombudsman Aparatında qəbul ediləcək. Ombudsman onu da əlavə edib ki, il ərzində aparata daxil olan təkliflər üzərində işlənilir: "Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzünə təsadüf edir. Mütəmadi olaraq hərbi hissələrdə oluruq. 100-dən çox rəsmi bəyanatlarımız olub. Hər bir sənəddə erməni dövlətinin işğalçılıq fəaliyyəti öz əksini tapıb”. Müvəkkil çıxışının sonunda deputatlara təklif edib ki, onlar yalnız zəbt olunan rayonların sərhədində olan rayonlarda deyil, bütövlükdə son günlər baş verən hadisələrlə bağlı orada yaşayan insanların əhval-ruhiyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirsinlər.

Anar Bayramoğlu