“Ondan əl çəkməyəcəm”

Elman Türkoğlu: “Xədicə bunların hesabını verəcək”



Araşdırmaçı-jurnalist, "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın ittiham olunduğu 147.2 maddə üzrə (böhtan) cərimə qərarı amnistiyaya düşüb. Bu barədə o, özünün feysbuk səhifəsində yazıb: "Bu gün amnistiyaya düşmüşəm. Elman Türkoğlunun şikayəti üzrə mənə kəsilən 2500 AZN cərimə amnistiyaya düşüb.

Bu gün Binəqədi icra şöbəsində amnistiya qərarını mənə təqdim edib, işi bağladılar. Buna baxmayaraq, iyunun 28-də, saat 11:40-da həmin iş üzrə bəraət almaq üçün vəkilim Yalçın İmanovun şikayətinə baxılacaq” . Qeyd edək ki, parlamentin ötən ayın 20-də qəbul etdiyi layihəyə görə, 2500 manata qədər bütün cərimələr amnistiyaya düşür. Bundan başqa, yada salaq ki, hələ həbs olunmazdan öncə "Baş bayraqdar” Elman Həsənov (Türkoğlu) X.İsmayıla qarşı iddia qaldırıb. O, jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. E.Həsənov jurnalistin öz feysbuk hesabında yaydığı bir məlumatda onun şəxsi həyatına müdaxilə edildiyini və böhtan atıldığını iddia edib.

Məsələyə münasibət bildirən. E.Türkoğlu söyləyib ki, X.İsmayıldan əl çəkməyəcək: "Onu növbəti dəfə məhkəməyə verəcəm. İndi onun 148.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyəcəm. Xədicə mənim şərəf və ləyaqətimi alçaldıb. Sosial şəbəkələrdə saxta profillərlə haqqımda həqiqəti əks etdirməyən, əsassız məlumatlar paylaşıb. Mənə böhtan, şər atıb. Həmin paylaşımlara rəy bildirənlər də məni təhqir ediblər. Xədicə bunların hesabını verəcək. Mənimlə bağlı çıxartdığı saxta sənədlərin hamısını saxlayıram. Bir daha söyləyirəm ki, ondan əl çəkən deyiləm”.

Ayyət Əhməd