Ermənilər bu gün Azərbaycanla döyüş aparmaq gücündə deyil
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Qeyd edək ki, düşmənin dayanmadan atəşkəsi pozması fonunda cəbhə xəttində vəziyyətin gərginləşməsi aprel döyüşlərinə hazırlıq kimi dəyərləndirilir. Ehtimallara görə, ötən il Azərbaycan ordusuna məğlub olan erməni əsgərləri qisas almaq və itirdiyi əraziləri geri qaytarmaq üçün hücum planı hazırlayır və Azərbaycanı təxribata çəkir. Bəzi ekspertlər isə cəbhədəki gərginliyi hər iki tərəfin öz mövqeyini bərkitmək üçün hansısa hərəkətlərə başlaması ilə əlaqələndirir. Proqnozlara görə, bu zaman döyüşlər daha da gərginləşə bilir. Yəni mart-aprel aylarında cəbhə bölgəsində vəziyyət həmişə qaynar olur.
Bəs, Ermənistanın seçki öncəsi təxribat törədib, ötən ilin aprel ayında verdiyi itkilərin qisasını alması nə dərəcədə realdır?
Bununla bağlı "Şərq”ə danışan hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanda siyasi proseslərin gərginləşməsi bütün sahələrə öz təsirini göstərir. Xüsusən də cəbhə bölgəsindəki vəziyyətə:
"Unutmayaq ki, hazırkı Ermənistan rəhbərliyi hakimiyyətə müharibədə qazandıqları uğurların sayəsində gəliblər və bu, onların Ermənistana rəhbərlik etdiyi dövrdə yeganə üstünlükləridir. İllər keçsə də heç nə dəyişməyib və Sarkisyan hakimiyyəti mövqelərini möhkəmləndirmək və ölkənin idarəçiliyini itirməmək üçün yenə Qarabağ kartından istifadə etməyə çalışırlar. Azərbaycan Ordusu ilə təmas xəttində gərginliyin səbəbi də budur. Ermənistanın hərbi-siyasi hakimiyyəti qoşunların təmas xəttində təxribatlar törətmək, süni gərginlik yaratmaqla erməni xalqına bu komandanın lazımlı olduğunu xatırlatmağa çalışırlar. Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə də tez-tez səfəri həm də bununla bağlıdır”.
O ki qaldı ermənilərin 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluqların qisasını almaq cəhdinə, R.Məmmədli bunun mümkün olmadığını bəyan edib.
Daha doğrusu, hərbi-siyasi icmalçı Ermənistan ordusunun bu gün bu səpkidə döyüş aparmaq gücündə olmadığını deyib: "Ermənilər əsasən müdafiə xəttini gücləndirməklə məşğuldurlar. Mən bu məsələdə əksini söyləyərəm. Ermənilər sadəcə kiçik təxribatlarla erməni cəmiyyətinə ismarıc göndərməyə çalışırlar. Amma erməni ordusu qoşunların təmas xətti boyunca hər hansı irimiqyaslı əməliyyat apararaq, əlavə mövqelər əldə etməsi kimi niyyətləri baş tuta bilməz”.
Şəymən