Onların ağlamağı da, gülüşü də qəribədir

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması



Yaşadığımız cəmiyyətdə uşaqlar, gənclər, qocalarla eyni hüquqa sahib, lakin fərqli həyat tərzi yaşayan bir təbəqə də var - yaşından asılı olmayaraq həmişə uşaq qalanlar. Onlar yaşamları boyunca özlərinin kim olduqlarını dərk etməyən, qavramayan daun sindromlu şəxslərdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var.

Həm onlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir. Nəyə görəsə insanlar bu nəsildən olanlara qəribə baxırlar. Bu qəribəlik isə ilk növbədə onların xarici görünüşünün adi insanlardan bir qədər fərqli olmasındandır. Daun sindromlu uşaqlar biri-birlərinə çox oxşayır, stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Gündəlik həyatımızda hər birimiz onlarla günün müxtəlif saatlarında rastlaşırıq. Analarının əlindən sallaşan, sərrast addım ata bilməyən, ağızları açıq, dilləri bayırda olan bu körpələr, yolboyu ora-bura qaçmağa, yolun ortasında oturmağa cəhd göstərirlər. Gah ağlayır, gah da qəribə bir səs tonu ilə gülürlər. Biz də qeyri-iradi olaraq bu mənzərəni ürək ağrısı ilə izləməli oluruq. Axı yaradılış etibari ilə onlar bizdən heç də fərqli deyillər. Sadəcə yaşamlarımız və həyata baxışlarımız fərqlidir.

Mütəmadi reabilitasiya sayəsində Nicat da digər uşaqlar kimi davranır, hər şeyə maraq göstərir

Əslində, bu yazıda daun sindromlu insanların probleminə toxunmağım səbəbsiz deyil. Hələ bir ay bundan əvvəl Nicatı görəndə bu mövzunu yazmaq qərarına gəldim. 9 yaşlı Nicat parkda süzgün baxışlarla top arxasınca qaçan uşaqları izləyəndə diqqətimi çəkmişdi. Əlimdəki kitabı yerə qoyub bir müddət kənardan onu izlədim. Görəsən, onun ürəyindən nələr keçirdi?! Xəyalında o da top oynayırdı, yoxsa soldakı uşaqlar kimi konki sürürdü? Deyəsən, Nicata baxmağım onu gəzməyə gətirən nənəsinin diqqətindən yayınmamışdı. Kövrək səslə "1 yaşında bu sindromun daşıyıcısı olduğunu öyrəndik” deyişi ilə sanki yuxudan ayıldım. Bu səs məni bir az da utandırdı. Görəsən, Nicat da diqqətlə ona baxdığımı hiss edib? Bəlkə də, bu hərəkətim ona başqalarından fərqli olduğu hissini təkrar yaşadıb. Amma yox, Nicat üçün o an orada o yan-bu yana qaçan uşaqlardan başqa heç kim yox idi. "Əvvəllər xəstəliyi daha ağır idi. Mütəmadi reabilitasiya sayəsində Nicat da digər uşaqlar kimi davranır, hər şeyə maraq göstərir. Çoxlu suallar verir. Biz də çalışırıq ki, onun suallarını cavablandıraq. Riyazi hesablamaları öyrədirik, artıq özü də "şotka” ilə hesablamağı öyrənib. Hərfləri də tanıyır. Heca ilə də olsa gələ-gələ avtobusların üstündəki reklamları oxuyur. İdmana həvəslidir, cizgi filmlərinə baxmağı da çox sevir”- deyə nənə əlavə edir. Sakitcə başımı yelləyir, Allah köməyiniz olsun deyirəm. Əldən nə gəlir ki!

Şəxsən mənim üçün oğlumla vaxt keçirmək və onunla oyunlar oynamaq çox xoşdur

Bu hadisənin üstündən təxminən bir həftə qədər keçəndən sonra metroda daha bir daun sindromlu uşağın, Vüqarın anası ilə kiçik bir dialoqum oldu. Söhbətimiz ayağımı tapdalayan Vüqarın anasının üzrxahlıq eləməsi ilə başladı. Nicatdan sonra daun sindromu ilə bağlı yazı yazmaq qənaətində olduğum üçün Vüqarın taleyi ilə də maraqlandım. Anasının dediyinə görə, daun sindromlu doğulan Vüqarı atası bu səbəbdən tərk edib. Tək qalan ana övladına baxmaq üçün işləmək məcburiyyətində qalıb. Vüqara isə anasının işdə olduğu zamanlarda nənəsi baxır. Oğlu ilə vaxt keçirməkdən xoşlandığını deyən ana xəstə övlad dünyaya gətirməkdən heç vaxt utanc duymayıb: "Bəziləri daun sindromlu uşaqlara xəstə, travmalı kimi baxır. Hətta elə adamlar var ki, onlara toxunmaqdan belə qorxur. Amma bu, yanlış düşüncədir. Onların normal uşaqlardan heç bir fərqi yoxdur. Kənardan göründüyü kimi, təhlükəli deyillər. Şəxsən mənim üçün oğlumla vaxt keçirmək və onunla oyunlar oynamaq çox xoşdur”. Mənzil başına çatdığım üçün söhbətimiz buradaca sona çatır.

Tarixə bir nəzər salaq:

1866-cı ildə ingilis doktor J.L.Dovn tərəfindən ilk dəfə təsbit edilib. 1959-cu ildə fransız J.Lejeune daun sindromlu fərdlərdə 47 xromosom olduğunu kəşf edib. Bu səbəblə də həmin sindromu ilk kəşf edənin şərəfinə Daun sindromu olaraq adlandırılıb. Elmi nöqteyi-nəzərdən ayrıca Trisomi 21 də deyilir. Daha əvvəllər "Mongolizm” olaraq adlansa da, uzun illərdir artıq bu deyim işlənməməkdədir.

Daun sindromu nə üçün meydana gəlir?

Daun sindromunun nədən yarandığı məsələsi bu günə qədər cavabsız qalmaqdadır. Bu problemin mütəxəssisləri daun sindromu üçün "təsadüflər nəticəsində ortaya çıxmaqdadır” deyirlər. Aparılan araşdırmalarda elmi olaraq ortaya göstərilə bilən səbəb, ananın yaşının 35-dən yuxarı olması və ya atanın yaşlı olması daun sindromlu uşaq sahibi olma ehtimalını artırdığı şəklindədir. İrsi yolla keçən bu xəstəlik deyil. Daun sindromunun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır. Yəni hər bir hüceyrədə 46, ya da 20 cütlük var. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsinin nəticəsidir. Bu sindromlu uşaqlarda əsas əlamət onların əqli inkişafdan geri qalmasıdır. Ancaq bunun da yüngül, orta, ağır dərəcələri var. Onların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Amma bir uşağın inkişafı sadəcə genetik faktorlara bağlı deyildir. Ətraf mühit və öyrənmə faktorları da uşağın inkişafında çox vacibdir və təsirlidir.

Daun sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyildir

Onlar da ana, ata və qardaşlarıyla birlikdə olmaqdan sevinc duyarlar. Onları əhatə edən hər şeyi kəşf etmək, oynamaq, öyrənmək, gülmək istərlər. Daun sindromlu bir uşağın mümkün olduğu qədər sosial bir mühitdə böyüdülməsi, onun inkişafı üçün son dərəcə faydalıdır. Daun sindromlu uşaqlar üçün ailədaxili yardımla yanaşı olaraq inkişaf və reabilitasiya mərkəzlərinin yardımı da çox önəmlidir. İlk illərdə uşağın inkişafı üçün bir dəstəkləmə programı olduqca önəmlidir. Erkən dəstəkləmə sayəsində bu uşaqlar bir çox şeyi daha erkən öyrənə, özünü inkişaf etdirə bilər. Eyni zamanda, tətbiq olunan fizioterapiya bəzi çətinlikləri azalda, hərəkət inkişafını sürətləndirə bilər.

Erkən dəstəkləmə programları çox müsbət nəticələr verməkdədir. Ancaq bu cür programlar tətbiq edilərkən sevgiylə yanaşmanın önəmi böyükdür. Uşaqların məcburi bir çalışma programıyla müqayisədə sevgiyə olan ehtiyacları daha çoxdur və əgər ana-ata təlim-tərbiyə məsələsini lazım olduğundan daha artıq ön plana çıxararsa, uşağının psixoloji tarazlığına mənfi təsir göstərəcəyini unutmamalıdır. Unudulmaması lazım olan başqa bir məqam da daun sindromlu uşaqların hər nə qədər bir-birlərinə çox bənzəsələr də, hər birinin fərqli qabiliyyətləri və şəxsiyyət özəllikləri daşımalarıdır.

2 yaşında danışmanı dəstəkləmə programlarının yerinə yetirilməsi çox vacibdir. Uşağın özünü daha yaxşı ifadə edə bilməsi və mənimsəməni asanlaşdırmaq üçün uşaq mahnıları, qafiyələr, rəsmli kitablar və bəsit oyuncaq materialları çox əhəmiyyətlidir. Ancaq doğru bir seçim etmək əsas şərtlərdən biridir. Məsələn, seçilən bir kitabın içindəki rəsm, ya da fotoşəkilləri uşağın tanıması və ya gündəlik işlərdə işlənən əşyalardan ibarət olması daha yaxşı nəticə verə bilər.

Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir

Bir çoxlarımız daun sindromu barəsində məlumatsız olsaq da, ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənovanın sözlərinə görə, uşaq bağçası tipli mərkəz əsasən uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Burada ilk olaraq ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır. Çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir. Sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir. Daun sindromundan əziyyət çəkən uşaqlara Mərkəzdə iki növbə üzrə dərslər keçirilir. Səhər saat 9-dan-13:00-a kimi birinci, 13:00-dan axşam 18:00-a kimi isə ikinci növbə uşaqları təhsil alırlar. Birinci növbə uşaqları mərkəzə yeni gələnlərdir. Onlar ilkin adaptasiya mərhələsindədirlər. Həmin uşaqlara ilkin loqoped məşğələlər, psixoloji dərslər keçirilir. İkinci növbə uşaqları isə nitq qüsurlarında az problemi olan, danışa və sərbəst yeriyə bilənlərdir. Birinci növbə uşaqları səhər və günorta yeməklərini burada yeyirlər. Hətta mərkəzin xüsusi avtobusu da onların ixtiyarındadır. Hər gün onları valideynləri ilə birgə "Neftçilər” metrosu yaxınlığındakı Mərkəzə qədər aparırlar”. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 40-dan çox uşağın olduğunu qeyd edən N.Həsənovanın tövsiyəsinə görə, bu uşaqlarla səbirlə davranmaq gərəkdir. Biz də, valideynlər də onlarla davranışlarımızda çox diqqətli olmalıyıq. Daun sindromlu uşaqlar mülayim davranışı çox sevirlər. Bizim də məqsədimiz mərkəzdə onlara diqqət və qayğı ilə yanaşmaq, onların sosial statuslarını bərpa etməkdir.

Loqoped səs və sözlərin düzgün qoyuluşu üçün lazımdır

Defektoloq-loqoped Esmira Kazımovanın sözlərinə görə, daun sindromlu uşaqlarla defektoloji-loqopedik iş nə qədər tez başlanılarsa, bir o qədər yaxşı olar: "Mütləqdir ki, foneqmatik qavramadan, yəni səslərin necə eşitməsindən, nəfəs axımından və artikulyar aparatın gimnastikalarından başlamaq lazımdır. Bu üçlük tam qoyulduqdan sonra artıq səslərə, loqopedik masajlara başlamaq olar. Bundan sonra, mütləqdir ki, hecaların artırılmasına başlamaq lazımdır. Daun sindromlu uşağın 5 yaşı olur və heç bir söz deyə bilmir. Lüğətində ən az 5-6 söz vardır. Bəzən sual yaranır ki, bu uşaqla loqopedin nə işi var? Loqoped səs və sözlərin düzgün qoyuluşu üçün lazımdır. Amma əgər uşaqda 4-5 söz varsa, bundan əlavə söz ehtiyatı yoxdursa, loqopeddə çox iş olmayacaq. Bunun üçün defektoloji iş lazımdır. Yəni, müraciəti anlaması, səslər üzərində işləməsinə isə loqoped baxır. Ona görə də ilkin olaraq defektoloqla başlamaq lazımdır. Müraciəti anlaması, özünü idarə etməsi, müəyyən bacarıqları mənimsəməsi, akademik bacarıqları mənimsətdikdən sonra, uşaqda istər-istəməz danışmağa istək olur. Daha sonra, loqopedik masajdan, nəfəs aktı gimnastikalarından, foneqmatik qavramadan, artikulyar aparatların gimnastikalarına başladıqdan sonra bir bünövrə yaranır. Bu bünövrədən sonra hecalara, sözlərə, lüğət ehtiyatlarının artırılmasına, cümlələrin formalaşmasına yardımcı olmaq olar”.
Deməli, daun sindromlu uşaqların həyatda daha çox qayğı, məhəbbət və xeyirxahlıq görməsi bizim əlimizdədir! Bu uşaqlar bizə məhəbbətlə, dünyaya inamla doğulur.

Şəymən Bayramova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün