“Onların apardığı siyasət öz nəticəsini verməyəcək”
Aydın Mirzəzadə: “Müəyyən mərkəzlər, QHT-lər və fondlar vasitəsi ilə Azərbaycanla bağlı mənfi fikir yaratmağa çalışacaqlar”
Qərb dairələri Qafqaz regionunda "ideoloji müharibə” aparmaq üçün yeni taktika seçiblər. Rusiyanın "Vzqlyad” nəşrinin yaydığı məlumata görə, Böyük Britaniya Şimali və Cənubi Qafqazda bir çox "layihələr”ini həyata keçirmək üçün Tbilisidə olan səfirliyi vasitəsilə qrantlar verəcək. İlkin mərhələdə planlar Ukrayna, Abxaziya və Cənubi Osetiya ilə bağlıdır. "Layihələrin” Azərbaycana nüfuz edəcəyi ilə bağlı ehtimallar da mövcuddur.
Yazıda qeyd edilib ki, Qərb dairələri qrantların əsl məqsədini ört-basdır etmək üçün "sülh və əməkdaşlıq üçün dialoq”, "münaqişələrin alovlanmasının qarşısının alınması”, "ictimai diplomatiya” və s. adlar altında seminarlar, treninqlər təşkil edəcəklər. Maraqlısı odur ki, belə tədbirlərə əsasən gənclər cəlb olunur və hesab olunur ki, məhz həmin gənclər sonradan regionda "vəziyyəti” dəyişən əsas qüvvə olacaqlar. Ən çox istifadə olunan sahə isə vətəndaş cəmiyyətləridir. Azərbaycanda ehtimal edilən təhlükə və digər təhdidlərlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə ölkəmizin qərəzli təzyiqləri və təhdidləri dəf edəcək gücdə olduğunu deyib.
- Aydın müəllim, Qərb dairələrinin həyata keçirdiyi Qafqaz "layihələrinin” Azərbaycana sıçrama ehtimalı nə qədərdir?
- Məlumdur ki, Qərb dairələri QHT sektoruna böyük maliyyə yardımı ayırırlar. Onların bir hissəsi maarifləndirmə ilə bağlı olsa da, təəssüf ki, böyük bir hissəsi həmin QHT-lər vasitəsi ilə daxili siyasətə nüfuz etmək məqsədi daşıyır. Heç də təsadüfi deyil ki, keçmiş sovet respublikaları olan yeni müstəqil dövlətlərin bəzi müxalifət partiyaları öz ətraflarında böyük QHT şəbəkəsi yaradıblar. Onlar xaricdən aldıqları qrantların yardımı ilə özlərinin siyasi fəaliyyətlərini həyata keçirirlər. Azərbaycanda da belə bir prosesin olduğu istisna edilmir. Azərbaycanın radikal müxalifət partiyalarının hər birinin ətrafında onlarla qeyri-hökumət təşkilatları var və həmin QHT-lər mənbəyi naməlum maliyyə vəsaitləri əldə edərək ilk növbədə partiyalarının fəaliyyətinə dəstək vermiş olurlar. Məqsəd əlbəttə ki, daxili siyasətə təsir etməkdən ibarətdir. Azərbaycanda da bu hallar çox olub, indinin özündə də belə cəhdlərdən əl çəkilmir. Amma hesab edirəm ki, ümumən Azərbaycanda artıq oturuşmuş bir dövlət və öz müstəqilliyini yüksək qiymətləndirən bir cəmiyyət var. Çox sayda insanları bu bağlılıqdan qoparmaq mümkün deyil. Bir qrup insan maddiyyət xatirinə xaricdəki dairələrin tapşırığı ilə müəyyən siyasət yeridəcək, amma bu zərərli siyasət heç vaxt bütün cəmiyyəti əhatə etməyəcək.
- Birinci Avropa Oyunları ilə bağlı Azərbaycan daha bir qərəzli münasibətlə üzləşdi. Bu dəfə Avropa Siyasəti Araşdırmaları Mərkəzi beynəlxalq oyunların boykot edilməsi çağırışı etdi. Sizcə, ölkəmizə qarşı olan bu qısqanclıq nədən qaynaqlanır?
- Azərbaycanla bağlı belə bəyanatlar, çağırışlar vaxtaşırı olur. Hətta bu yaxınlarda idman-siyasət yönümlü bir QHT yarandı və yaranan kimi ilk bəyanatı Azərbaycanda keçiriləcək Avropa Oyunlarına kölgə salmaqla bağlı oldu. Bu təşkilatların anti-Azərbaycan mərkəzlərinə yaranmağa çalışdığı gün kimi aydındır. Məqsəd müstəqil siyasət yeridən dövlətlər haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaq, onların fəaliyyətinə kölgə salmaqdan ibarətdir. Əgər Azərbaycan öz neft resurslarına sahiblik edirsə, beynəlxalq aləmdə günü-gündən nüfuz qazanırsa, əlbəttə ki, bu inkişaf xaricdəki müəyyən dairələri rahat qoymayacaq. Müəyyən mərkəzlər, QHT-lər və fondlar vasitəsi ilə Azərbaycanla bağlı mənfi fikir yaratmağa çalışacaqlar. Çox təəssüf ki, bu prosesdə bəzən tanınmış xarici mətbuat orqanları da iştirak edirlər. Ancaq onların apardığı siyasət öz nəticəsini verməyəcək. Öz müstəqil siyasətindən əl çəkməyən Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanmaqda davam edəcək. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayı durmadan artacaq, dövlətimizlə dostluq etmək istəyənlərin sayı da çoxalacaq. Onların apardığı siyasət uğursuzluğa məhkumdur.
- Terrorçu "Asala” təşkilatının Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı Türkiyəyə dəvət edilən ölkələri təhdid etməsini necə dəyərləndirirsiniz? Məsələn, Azərbaycanla bağlı təhlükə riski hansı səviyyədədir?
- Əvvəla onu deyim ki, bu təhdidin özü erməni millətçiliyinin iç üzünü göstərir. Ermənilərin necə terror dili danışdığını, beynəlxalq normaların əksinə fəaliyyət göstərdiyi büruzə verir. Ümumən götürdükdə isə qondarma erməni soyqırımının yubileyi ərəfəsində bu cür bəyanat əslində ermənilərin əleyhinədir. Şübhə yoxdur ki, dünyada ermənilərin terror təhlükəsi var. Əgər belə bir bəyanat verilibsə, deməli, müəyyən qədər ehtiyatlı davranmaq, hazırlıqlı olmaq lazımdır. Amma Azərbaycan daxilində bunu həyata keçirmək qeyri-mümkündür. Azərbaycanın hüquq-mühafizə orqanları ölkədəki təhlükəsizliyi kifayət qədər yüksək səviyyədə təmin edirlər. Bu, birmənalıdır. Ermənistanın terror təşkilatları da bunu çox yaxşı bilirlər. Eyni zamanda ABŞ-dakı 11 sentyabr və Fransadakı redaksiya basqınından sonra artıq dünya da terror təhlükəsinə çox ciddi diqqət yetirir. O baxımdan hesab edirəm ki, ermənilər qurduqları tələyə özləri düşəcəklər.
- MTN mütəmadi olaraq əməliyyat keçirir, artıq xeyli sayda radikal islamçı qruplaşmaya üzv olan Azərbaycan vətəndaşları həbs olunub. Avropa Oyunları zamanı həmin radikal güclər ölkədə terror aktı həyata keçirə bilərmi?
- Zənn etmirəm, çünki Azərbaycanda onların güclü sosial bazası yoxdur. Azərbaycanda insanları terrora təhrik edən, onları qeyri-qanuni birləşmələrə qoşulmağa sövq edən şərait yoxdur. Müəyyən yolunu azmış, səbatsız insanların fəaliyyəti isə müvafiq orqanlar tərəfindən yerindəcə zərərsizləşdirilir. Vaxtı ilə Suriyada, İraqda, Əfqanıstanda vuruşmuş insanların MTN tərəfindən saxlanılmasının özü də göstərir ki, Azərbaycanda stabilliyə cavabdeh olan dövlət orqanları çox yüksək professionallıqla, məsuliyyətlə işləyirlər.
İsmayıl