Ordu bütün detalları hesablamalıdır

“Azərbaycan öz mövqeyini beynəlxalq güclərlə razılaşdırdıqdan sonra Qarabağ cəbhəsində müəyyən addımlar ata bilər”
Son günlər Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət qarşısıalınmaz hal alıb.
Bir neçə həftə bundan əvvəl cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus 1 ədəd DJI İnspire1 tipli pilotsuz uçan aparatının bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilməsi, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərən düşmən qüvvələrinin hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.
Azərbaycan ordusunun hərbi qüdrətinin günü-gündən artması fonunda erməni təxribatçılarının əl-ayağa dolaşması isə artıq cəmiyyətdə Qarabağ müharibəsinin başlayacağına dair bir rəy formalaşdırıb.
Cəbhə bölgəsində vəziyyətin gərginləşməsini şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə deyib ki, artıq uzun zamandır ki, cəbhə xəttində ciddi gərginlik yaşanır. Amma indiki halda bu əməliyyatların müharibə ilə nəticələnməsi real deyil: "Təmas xəttində baş verən lokal döyüşlər və erməni təxribatlarının cəmiyyətdə müharibəyə hazırlıq kimi dəyərləndirilməsi münaqişənin həlli prosesinin həddindən artıq uzanmasının göstəricisidir. Yəni uzun illərdir Dağlıq Qarabağda "status-kvo”nun qalması, torpaqlarımızın işğal altında saxlanılması insanları yorub.
20 ildən artıqdır aparılan danışıqlar prosesi heç bir nəticə vermir, Minsk Qrupunun həmsədrləri ancaq Azərbaycan tərəfindən güzəştlər tələb edir və ancaq o halda kompromisə gediləcəyini vurğulayır. Halbuki işğalda qalan torpaqlar Azərbaycan ərazisi olduğu üçün həmsədrlər Ermənistanı işğaldan çəkindirməyə çalışmalıdırlar. Əslində Dağlıq Qarabağ münaqişəsinin uzun müddət donmuş halda qalması həm beynəlxalq münasibətlərdə, həm də ölkə daxilində müəyyən dərəcədə bu problemin həlli vaxtının çatmasına dair rəy yaradıb. Sadəcə olaraq, münaqişənin həlli prosesində maraqları toqquşduğu üçün prosesi uzadıb, vaxt qazanırlar. Azərbaycan tərəfi isə haqlı olaraq, artıq gözləmək yox, hansı yolla olur-olsun, işğal altında qalan torpaqları azad etmək istəyir. Beynəlxalq təşkilatlar da çox gözəl anlayır ki, donmuş münaqişənin buzu açılsa, bu, böyük regional müharibəyə gətirib çıxara bilər və ciddi fəsadları ola bilər. Ona görə də qərb danışıqlar prosesi adı altında zaman qazanmaqla status-kvonu saxlamağa çalışırlar. Ona görə də, cəbhədə vəziyyət gərginləşən kimi tez həmsədrlər bölgəyə gəlməklə tərəfləri sülhə çağırırlar”.
Artıq Azərbaycanın səbr kasasının daşmaq üzrə olduğunu vurğulayan politoloq deyib ki, ölkədə bir qətiyyət yaranıb ki, gec ya tez, bu məsələ həll olunsun: "Amma bir məsələ var ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın işğalçı Ermənistana çox ciddi təsir imkanları var. Rusiyanın həm Ermənistan ərazisində hərbi bazası var, həm də hər iki dövlət regional təhlükəsizlik şurasında təmsil olunur. Rusiyanın Ermənistana çoxlu sayda silah-sursat yardımı da heç kəs üçün gizli deyil. Bütün bunlar isə məsələni bir qədər qəlizləşdirir. Yəni Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün atdığı hər hansı bir addım avtomatik olaraq Ermənistanla yanaşı, Rusiyanı da narahat edir və Ermənistan öz strateji müttəfiqindən dəstək və kömək ummağa çalışır. Bu mənada indiki durumda cəbhə xəttindəki vəziyyəti çox həssas qiymətləndirirəm.
Hesab edirəm ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün təmas xəttində genişmiqyaslı əməliyyatlara başlayacağı halda mütləq Rusiya və digər beynəlxalq güclərin də fikrini nəzərə almalıdır. Bunun üçün də həmsədr dövlətlərlə intensiv danışıqlar aparmaq lazımdır”.
Natiq Mirinin sözlərinə görə, Rusiya və Amerika ilə hesablaşmadan Dağlıq Qarabağda antiterror əməliyyatları aparıb, torpaqlarımızı azad eləməsi Azərbaycan üçün çox ciddi fəsadlara yol aça
bilər: "Azərbaycanın təkbaşına hansısa addım atması çox çətin məsələdir. Azərbaycan haqlı, torpağı işğal altında qalan ölkə olsa da, böyük güclər qarşısında çox kiçikdir. Nəzərə almalıyıq ki, Türkiyə kimi böyük bir dövlət belə PKK və Suriya ərazisində olan terror qruplaşmalarından gələn təhdidi önləmək üçün Amerikanın razılığını gözlədi. Yalnız Obama ilə Ərdoğanın telefon danışığından sonra Türkiyə ordusu İŞİD-ə qarşı əməliyyatlara başladı. Halbuki ərazi və əsgəri gücü baxımından Türkiyə Azərbaycandan dəfələrlə böyükdür. Odur ki, Azərbaycan öz mövqeyini beynəlxalq güclərlə razılaşdırdıqdan sonra Qarabağ cəbhəsində müəyyən addımlar ata bilər. Əslində bu, mümkünsüz məsələ də deyil. Sadəcə olaraq, Azərbaycan qərb ölkələri və Rusiya ilə eyni məsafədə qalmaqla bu məsələni uzadır. Hansı ki, qərb dövlətləri ilə müəyyən dərəcədə yaxınlaşmaqla təmas xəttində müəyyən əməliyyatların aparılmasına legitimlik qazana bilər. Beynəlxalq medianın və demokratik güclərin dəstəyi bu cür əməliyyatlarda daha lazımlı olur. Təbii ki, hökuməti də qınamaq doğru deyil. Rusiyanın fikirlərini nəzərə almadan əməliyyatlara başlamaq Azərbaycan üçün çox ciddi fəsadlar törədə bilər”.
Şəymən