"Ordumuz Ermənistana təzyiqləri davam etdirəcək"






"Nikol Paşinyanın nə komandası var, nə də siyasi proqramı müəyyənləşib”.

Bu barədə "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

O qeyd edib ki, N. Paşinyan hakimiyyəti ələ alan kimi xaotik addımlar atdı, iddialı bəyanatlarla çıxış etdi:

"Yeni baş nazir, Serj Sarkisyanı devirdi ki, guya yeniliklər gətirəcək. Amma hələ də əvvəlki rəhbərliyin siyasətini davam etdirir. N.Paşinyanın Qarabağa səfəri, bu zaman Azərbaycan haqqında təxribat xarakterli açıqlamalar səsləndirməsi, ağılasığmaz iddialar irəli sürməsi əvvəlki siyasi xəttə dəyişiklik edilmədiyini göstərir. Bu vəziyyət deməyə əsas verir ki, cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq.

Hazırkı Ermənistan hakimiyyəti seçim etməlidir. Bölgədə sülh olmasını, ölkənin inkişafını istəyirlərsə, torpaqlarımızı azad etməlidir. Bunlar baş verməyəcəksə, Serj Sarksiyanın dövründə olduğu kimi Azərbaycan ordusu Ermənistana təzyiqləri davam etdirəcək. İnanmıram ki, Nikol Paşinyan buna tab gətirə bilsin. Ermənistanda gərginlik daxili xaos və anarxiya bir müddət davam edəcək”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın dövlətimiz haqqında irəli sürdüyü iddialara cavab verib. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmədikcə, məsələnin həlli uzanır, irəli gedə bilmir: "Ümid edirik ki, yeni seçilmiş Ermənistan hakimiyyəti daha konstruktiv mövqe nümayiş etdirəcək, xüsusilə işğal olunmuş ərazilərin azad olunması məsələsində reallığı nəzərə alacaq. Onda danışıqlar prosesini sülh yolu ilə həll olunması prosesini irəli aparmaq olar".

Aysel Aslan