İrimiqyaslı təlimlər hücum əməliyyatları üzərində qurulacaq
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
2014-cü ildən bu yana Azərbaycan ordusunun davamlı olaraq genişmiqyaslı hərbi təlimlər keçirdiyini vurğulayan hərbi-siyasi icmalçı Ramil Məmmədli "Şərq”ə açıqlamasında deyib ki, ilk başlarda bu təlimlər konkret qoşun növləri üzrə həyata keçirilirdisə, son iki ildə isə bütün qoşun növlərinin iştirakı ilə geniş miqyasda keçirilir:
"Ən önəmli məqamlardan biri də həmin təlimlərin Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttinə yaxın olan ərazilərdə keçirilməsidir”.
Tanınmış hərbçilərdən birinin "Təlimdə tər tökməyən döyüşdə qan tökməz” deyimini xatırladan R.Məmmədli hesab edir ki, Azərbaycan ordusu il ərzində keçirdiyi təlimlərin sayını daha da artırmalıdır. Bu cür təlimlərin olduqca əhəmiyyətli olduğunu vurğulayan ekspert deyib ki, ordumuzun döyüş təcrübəsinin, şəxsi heyətin peşəkarlığının artırılması üçün mühüm şərtlərdən biridir.
Aprel ayının 16-da keçiriləcək təlimlərin bir növ Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində keçirtdiyi təlimlərə cavab olduğunu istisna etməyən R.Məmmədli qeyd edib ki, Silahlı Qüvvələrin qrafikinə uyğun olaraq hər mövsümün sonunda irimiqyaslı təlimlər keçirilir. Bu ənənə sovet ordusu dönəmindən yaşanır: "Ancaq döyüşdə iştirak edən şəxsi heyətin və hərbi texnikanın artırılması Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün hərbi əməliyyatlara hazırlaşdığının və buna hər an hazır olduğunun göstəricisidir”.
Keçirilən təlimlərin hücum əməliyyatları üzərində qurulduğunu vurğulayan icmalçının sözlərinə görə, hərbçilərimiz hər təlimdə düşmənin müdafiə istehkamlarının məhv edilməsi bacarıqlarını bir az daha təkmilləşdirirlər ki, məhz bu məqam Ermənistan üçün ciddi ismarıcdır: "Ordumuzun hər bir təlimi bizi qələbəyə yaxınlaşdırır. Təlimlərin həm daxilə, həm də xaricə hesablanmış əhəmiyyəti var. Xalq öz silahlı qüvvələrinin hazırlıq vəziyyəti ilə tanış olur, həmçinin də xaric Azərbaycan Ordusunun gücünü görür. Azərbaycan regiondakı spesifik ölkələrdəndir ki, həm keçmiş sovet ordusunun texniki və taktiki imkanlarına sahibdir, həm də ordusunun döyüş hazırlığı NATO qoşunlarının tələblərinə cavab verən zabit heyətinə sahibdir”.
Şəymən