“Ordunu orduya çevirən hərbi təlimlərdir”
İbrahim Rüstəmli: “Azərbaycan işğala məruz qalan tərəfdir və o, hər an hərbi əməliyyatlara hazır olmalıdır”
Azərbaycan ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlər iyunun 24-dək davam edəcək.
Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub. Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib. Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq. Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən keçirilən hərbi təlimlərin geniş ərazini əhatə etməsi və bu qədər şəxsi heyətin cəlb olunması bəzi qruplar tərəfindən cəmiyyətə müharibə hazırlığı və ya düşmən ölkəyə güc nümayişi kimi təqdim edilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli isə keçirilən hərbi təlimlərin savaş anonsu və ya əzələ nümayişi kimi dəyərləndirilməsini qüsurlu yanaşma kimi xarakterizə edib. Onun sözlərinə görə, hərbi təlimlərin bu sayaq təqdim olunması apardığımız informasiya müharibəsinin təməl prinsiplərilə uzlaşmır. Təlimlər ordumuzun yaşam prinsipi, həyat normasıdır.
Təlimləri faydalı adlandıran hərbi ekspert deyib ki, Azərbaycanın keçirtdiyi budəfəki irimiqyaslı hərbi oyunlarda da əsas məqsəd ordunun döyüş qabiliyyətini yüksəltmək və manevr imkanlarını nəzərdən keçirməkdir: "Əslində ordu elə strukturdur ki, burada hər il müxtəlif formatda hərbi təlimlər keçirilir. Ordunu orduya çevirən, Silahlı Qüvvələrin gücünü, qüvvətini artıran da məhz bu təlimlərdir. Elə buna görə hərbdə xidmət etməyin ən böyük çətinliklərindən biri də buradakı dinamikanın yüksəkliyi ilə xarakterizə olunur. Hərbçilər hər gün hərəkətdədirlər. Söhbət vaxtaşırı keçirilən hərbi təlimlərdən və çevik yerdəyişmələrdən gedir. Odur ki, indiki halda irimiqyaslı təlimləri hər hansı döyüş əməliyyatının başlaması kimi xarakterizə etmək olmaz. Bizim hərblə bağlı bütün yazılarımız ermənilərin və maraqları toqquşan digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən ciddi analiz edilir. Bu baxımdan hərbi təlimlərin nüfuzuna zərbə vuracaq informasiyalardan mümkün qədər uzaq durmaq, ehtiyatlı olmaq lazımdır”.
Hərbi təlimləri Azərbaycan ordusunun döyüş hazırlığı istiqamətində atdığı mühüm addımlardan biri kimi şərh edən İ.Rüstəmli deyib ki, Azərbaycan işğala məruz qalan tərəfdir və o, hər an hərbi əməliyyatlara hazır olmalıdır. Burada qeyri-adi heç nə yoxdur: "Azərbaycanın haqqı tapdanıb, suverenliyi pozulub, ərazilərinə təcavüz olunub. Bu gün ermənilər bizim evimizdə oturub, bizə güllə atır. Bunu bütün dünya ictimaiyyəti də çox gözəl bilir. O üzdən hətta müharibə başlasa belə, yenə də döyüşlər Azərbaycan torpaqlarında gedəcək. Çünki hansısa dövlətin torpaqlarına göz dikib, ərazilərini zəbt etməmişik. Yəni biz öz ərazi bütövlüyümüz uğrunda savaşırıq. Cənab Prezidentin də dəfələrlə bəyan etdiyi kimi, "Biz Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına icazə verməyəcəyik”. Hesab edirəm ki, bütün bu reallıqlar fonunda Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimlər keçirməsi təbii qarşılanmalı və burada hər hansı pərdəarxası məqamlar axtarılmamalıdır. Ordu quruculuğunu inkişaf etdirmək, Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaqla Azərbaycan dünyanın sülh çağırışlarına təhdid yaratmır. Çünki Ordumuz təmsil etdiyi dövlətin və xalqın tapdanmış haqqı uğrunda mübarizə aparır. Hansı ki, bu haqq beynəlxalq təşkilatlar tərəfindən də tanınır. Belə olan halda bizə yalnız bu çətin və şərəfli işdə hərbçilərimizə uğurlar diləmək qalır”.
Şəymən