Mikayıl Cabbarov döyüşün çətinliyini görüb geri çəkilirNabatəli Qulamoğlu: "Yeni nazir də gələndə bir az mübarizə apardı. Sonra gördü ki, döyüş çətindir. İndi nisbətən ara verib"
Aqşin Yenisey düşünür ki, bir məktəb direktorunu həbsə almaqla problemi köklü şəkildə həll etmək və ya ümumi prosesə nəzarət etmək mümkünsüzdür
Son zamanlar bəzi orta məktəblərdə direktorların özbaşınalığı pik həddə çatıb. Demək olar ki, hər gün mətbuat səhifələrində "filan məktəbin direktoru qanunsuzluqda ittiham olunur” başlıqlı yazılara rast gəlinir. Onlardan bəziləri müəllimlərin adına bank krediti götürməkdə, bəziləri isə müəllimdən rüşvət alıb artıq dərs saatı yazmaqda və maddi maraq müqabilində şagirdin dərsə gəlməməsinə göz yummaqda təqsirləndirilir.
Şübhəsiz ki, mövcud yarıtmaz fəaliyyət ölkədə elmə, təhsilə marağı sıfırın altına endirib, təhsil həyatımızı iflic duruma salıb. Ekspertlər isə onların davranışını müxtəlif səbəblərlə izah edirlər. Kimi "valideynlər rüşvət verib, buna şərait yaradıb” deyərək cəmiyyəti, kimi isə həmin direktorların arxalandığı yüksək vəzifəli məmurları qınayır. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə R.Sadıqov adına Bakı şəhəri, 136 saylı tam orta məktəbin direktoru Lütfiyyə Qasımova da saxtakarlıqda ittiham olunub. Məlumata görə, sözügedən müəssisənin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq, dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almaq, habelə məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etmək kimi faktlar aşkarlanıb. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-
istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri aparılır.
Direktorların özbaşınalıqlarının səbəblərinə aydınlıq gətirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, hər bir məktəb rəhbərinin arxasında yüksək vəzifəli məmur dayanır: "Hazırkı təhsil naziri buna qarşı mübarizə aparmağa çalışırdı. Amma bacarmadı. Çünki onlardan daha yüksək vəzifədə oturanlar işlərinə müdaxilə edirdi. Sabiq nazir Misir Mərdanov bu işlərdə daha ehtiyatlı mövqe tuturdu. Yeni nazir də gələndə bir az mübarizə apardı. Sonra gördü ki, döyüş çətindir. İndi nisbətən ara verib. Yəni yeni nazirin gəlişinin ilk aylarında atdığı addımlarla indiki addımları arasında fərq çox böyükdür”.
Bununla belə ekspert hesab edir ki, ədalətli və vicdanı ilə işləyən direktorlar da mövcuddur: "Bu yaxınlarda təhsil naziri bizi bir tədbirə dəvət etmişdi. Bəzi məktəblərdə oxuyan şagirdlər olimpiadada yüksək uğurlar qazanmışdılar. Həmin məktəblərin rəhbərlərinin simalarına baxdım. Doğrudan da hiss olunurdu ki, onlar çalışan adamlardı. Əlləri əyri adama oxşamırdılar. Amma belə rəhbərlərin sayı çox azdı. Təəssüf ki, əksər məktəblərdə direktorların işi-peşəsi çirkin əməllərlə qazanc əldə etməkdir. Belə direktorlara qarşı mübarizə davam etdirilməlidir. Bir sözlə, bu xəmir hələ çox su aparacaq”. Ekspertin fikrincə, təhsilin mexanizmini dəyişmək lazımdır: "Məktəb direktorları valideynlərdən çəkinmir. Çünki valideynin özü gəlir ki, nə qədər pul istəyirsiniz verim, uşağım icazə verin repetitor yanına getsin. Əksinə, tələb etmir ki, övladıma dərs keçin. Məktəbdə təhsil alsın. Bəla budur. Direktorlar da baxır ki, valideynin tələbi yoxdur, o da özbaşınalığa və rüşvətə başlayır. Mövcud vəziyyətin ortadan qaldırılması üçün köklü islahatlar aparılmalıdır”.

N.Qulamoğlu onu da əlavə edib ki, inzibati yolla problemi yoluna qoymaq mümkün deyil: "Cəmiyyətimizdə korrupsiya adi haldır. Qadağa və hədə-qorxu ilə iş aşırmaq müşkül məsələdir. Yeganə yolu budur ki, məktəb idarəçiliyi bacarana tapşırılmalıdır. Həmin bacaran adamları isə valideynlər seçməlidir. Problemi islahat yolu ilə həll etmək olar”.
Şair-publisist Aqşin Yenisey isə hesab edir ki, mətbuat yalnız iri deyil, kiçik məmurların da xidmətinə dair araşdırmalar aparıb, fəaliyyətini işıqlandırmalıdır. Belə olan halda onlar ürəkləri istəyən hərəkətləri edə bilməyəcəklər: "Məsələn, rayon yerlərində direktorlar təhsildən başqa hər şeylə məşğuldurlar. Bu yaxınlarda eşitmişəm ki, doğulub, boya-başa çatdığım kənddə məktəb direktorunu narkotik maddə alveri ilə məşğul olduğu üçün həbs ediblər. Görün, məktəbə rəhbərlik edən insanlara nəzarət hansı səviyyədədir?”.
Bununla yanaşı, yazıçı bildirib ki, müstəqillik dönəmində xalq olaraq təhsilə marağımız çox zəifləyib: "Mənim oxuduğum məktəblə bugünkü uşaqların oxuduğu məktəb arasında yerlə göy qədər fərq var. Biz valideynlərimizdən çox müəllimlərimizin nəzarəti altında böyüyürmüşük. Valideyn də rahat olurdu ki, övladını daha yaxşı əllərə həvalə edib. Məktəbdə bizə oxumağımız və davranışlarımızla əlaqədar hansısa cəza tətbiq olunanda valideynlərimiz bunu çox rahat şəkildə qəbul edirdi və düşünürdü ki, uşaq oxumağı və mədəniyyəti məktəbdə öyrənməlidir. Valideyn bu cəzaları övladının həyata hazırlanması kimi dəyərləndirirdi. Hansısa müəllimə valideyn tərəfindən təzyiq göstərilmirdi. Hazırda bunun tamamən əksini müşahidə edirik. Heç bir namuslu, ismətli müəllim, direktor şagirdi oxumadığına və ya dələduzluğuna görə cəzalandıra bilmir. Əminəm ki, həmin müəllimi valideynlər yığılıb məktəbin həyətində sürütmə çəkərlər. Məktəb direktorları da çox rahat şəkildə işlərini görürlər. Bilirlər ki, Azərbaycan valideyni hamballıq da etsə, övladını repetitor yanına göndərir. Bu səbəbdən onlar məktəbdə dərs vermirlər”.
Şairin qənaətincə, məktəb məsuliyyəti artıq evdarlaşıb: "Məktəb direktoru təhsil ocağında deyil, daha çox öz evində təhsil verir. Müəllim öz evində, mətbəxində daha çox müəllimədir, nəinki məktəbdə. Qohumlarımız arasında müəllimlər var. Evlərində repetitor kimi uşaq hazırlaşdırırlar. Baxırsan ki, öz evində müəllimdir, amma təhsil müəssisəsində müəllim deyil. Bir sözlə, işi evə gətirmək olmaz. Təhsili evə deyil, məktəbə daşımaq lazımdır. Əfsuslar olsun ki, indi təhsillə əlaqədar məsələlər tərsinə dövr edir. Qadın müəllimlər bir-biri ilə bəhsə giriblər. Xəz-dəri paltoların müzakirəsini aparmaqla məşğuldurlar. Məktəbdə yalnız bununla maraqlanırlar. Əksər müəllim məktəbə paltarlarını nümayiş etdirməyə gedir. Həmin paltarı soyunandan sonra evində təhsil qiyafəsinə bürünür. Qısası, məktəblərdə tamamilə bərbad vəziyyət yaranıb”.
A.Yenisey düşünür ki, bir məktəb direktorunu həbsə almaqla problemi köklü şəkildə həll etmək və ya ümumi prosesə nəzarət etmək mümkünsüzdür: "Baxın, birinci dəfə təhsil aldığım Bakı Dövlət Universitetinə gələndə ilk olaraq qarşıma çıxan qoyun sürüsü oldu. Bir dənə kişi 20-30 qoyunu universitetin həyətindən harasa aparırdı. Dəhşətə gəldim. Yanımdakılara söylədim ki, kənddən qoyun otarmağın əlindən qaçıb bura gəlmişəm, gəldim burda da qabağıma qoyun sürüsü çıxdı. Mənə izah etdilər ki, müəssisənin arxasında həyət evləri var. Orada insanlar mal-qara saxlayırlar. Gətirib parklarda otarırlar. Aparanda universitetin həyətindən aparırlar. Bu, Azərbaycan təhsilinin səviyyəsini göstərmək üçün adi bir detaldır. Bunu özümdən uydurmamışam. Sadəcə müşahidə qabiliyyətim yaxşı olub deyə, bir yazı adamı kimi yadımda saxlamışam. Nə vaxt təhsil adı çəkilir, həmin mənzərə gözümdə yenidən canlanır. Sıravi bir kəndçi balası, gecə-gündüz oxuyur, gəlir universitetə qəbul olur və ilk qarşısına çıxan da yenə qoyun sürüsü olur. Təhsil sistemi yerli-köklü dəyişilməsə, yeni müəllim modelləri gəlməsə, təhsili düzəltmək qeyri-mümkün olacaq. XIX əsrdə Uşinski deyilən məşhur bir pedaqoq yaşayıb. O deyib ki, təhsil müəssisələri şagirdlərə öncə öyrənməyi öyrətməlidirlər. Yəni uşaq hələ ixtisasını öyrənməzdən öncə öyrənmək prosesinin özünü öyrənməlidir. XXI əsrdir, bizdə hələ də öyrənmək prosesi öyrədilmir. İstənilən orta məktəbdə gedib şagirddən bunu soruşsan, bilməyəcək”.
Direktorların özbaşınalığının səbəblərinə toxunan həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanda təkcə təhsil sistemində deyil, digər sahələrdə də müdirlərin arxasında kimlərsə durur: "Bundan başqa, direktorlar bəzən təyinatla həmin posta gətirilirlər. Bu, doğru metod deyil. Çünki bizim kimi hələ əmgəyi bərkiməmiş cəmiyyətdə təyinat məsələsi neqativ hallara yol açır. Fikir verin, həmin direktoru mən təyin edəcəmsə, öz dünya görüşüm, marağım və iş prinsiplərimə uyğun, şəxsimə itaət edən bir namizəd seçəcəm. Hər kəs istəyir ki, öz istədiklərinə rahat şəkildə nail ola bilsin. İstədikləri də ürək ağrısı ilə müzakirəyə çıxardığımız məsələlərdir. Ona görə də direktorları təyinatla deyil, seçimlə olmalıdır. Doğrudur, bunun qonşu dövlətlərdə və xarici təcrübədə hansı formada aparıldığını dəqiq bilmirəm. Amma bildiyim odur ki, direktorun təyinatla gətirilməsi acı və ağır nəticələrə səbəb olur. Çox yaxşı olardı ki, direktor məsələsi məktəbin öz daxili nizamnaməsində həll olunsun. Məsələn, biz universitetdə oxuyanda dekan və dekan müavinləri səviyyəsində hər qrupa bir nümayəndə seçirdilər. Əslində qrup nümayəndəsi ən aktiv, savadlı və qabiliyyətli tələbələrdən seçilməlidir. Amma elə tələbəni qrup nümayəndəsi seçmirdirlər. Çünki dekanlara onların dediklərini və ya əmrlərini, diktələrini yerinə yetirən, neqativ hallara asanlıqla bulaşan tələbə lazım idi. Yəni imtahanda neqativ nəsə baş verəndə, həmin sinif nümayəndəsi həmin neqativ problemləri elə neqativ yolla da asan şəkildə həll etsin. Tutaq ki, imtahanlar gələndə qrup nümayəndələrinin hörməti artırdı. Onlar bütün qrupa elan edirdilər ki, filan müəllim deyir ki, əlli manat verməsələr, heç kimə qiymət yazmayacam. Şəxsən başıma gəlib. Qrup nümayəndəsi elan edib ki, filan müəllim imtahana 50 manat civarında rüşvət istəyir. Verilməsə, heç kimə qiymət yazılmayacaq. Yalnız 3 nəfər kasıb balası biz idik ki, axırda rektorun yanına gedib, müraciət etdik. Bizi həmin müəllim düz o mərhələyə qədər imtahandan kəsdi. Gecə-gündüz oxuduq, yenə də aşağı qiymət yazdı. 3 aldıq. Demirəm ki, biz pul verməyəcəkdik. Olsa, biz də verəcəkdik, amma pulumuz yox idi. Elə ailələr var ki, məktəb direktoru və ya sinif rəhbərinə qonaqlıq verirlər ki, uşaqlarını sinif nümayəndəsi qoydursunlar. Mahiyyəti də odur ki, qohum-əqrəbanın yanında bir az yekə-yekə danışacaqlar ki, övladımız sinif nümayəndəsi seçilib. Halbuki həmin seçki prosesi tamamilə qara-qura oyunlardan ibarətdir.
M.Cabbarovun fəaliyyətinə diqqət çəkən müsahibimiz bildirib ki, ondan gözləntilər böyük idi. Amma doğrultmadı: "Qohumlardakı uşaqlardan soruşuram, maraqlanıram. Sadəcə kosmetik dəyişikliklər baş verir. Yəni fundamental islahat aparılmır. Elementar inzibati dəyişikliklər həyata keçirilir. Baxın, yeni nazirin dövründə də direktorlar öz işlərini davam etdirdilər. Son iki ayda neçə direktor saxlanıldı. Deməli, onlara da nəzarət olmayıb. Adama sual verərlər ki, hara baxırsınız ki, direktorlar belə hoqqalardan çıxır?”.
Ölkədə təhsilə marağın tamamilə sıradan çıxdığını iddia edən həmsöhbətimiz qeyd edib ki, kənd yerlərində oxuyan uşaqları avara adlandırırlar: "Oxuyan və müəllimə rüşvət verməyən uşağa yuxarıdan aşağı baxırlar. Doğulduğum rayonda 3-4 kəndin bir məktəbi var. Gəlin, istənilən vaxt, qəfildən o kənd məktəbinə baş çəkək. Görək orda neçə müəllim və neçə şagird tapacağıq. Bu, dəhşətdir”.
Şairin fikrincə, kənd yerlərində təhsilin yerini dini avamçılıq tutub: "Təhsil olmadığına görə, yeniyetmələr molla yanına gedirlər. Düşünürlər ki, dini təhsil alıb, gələcəkdə hüzr yerlərində mollalıq edib, pul qazanacaqlar. Heç bir elmi iddianın arxasınca getmək istəmirlər. Bunun qarşısı alınmasa, fəlakət özünü daha faciəvi şəkildə büruzə verəcək”.
Müsahibimiz düşünür ki, məsələnin həllinə inzibati deyil, maarifləndirmə yolu ilə müvəffəq olmaq olar.
"Maarifləndirməni kimlər aparmalıdır” sualına gəlincə, müsahibimiz deyib ki, maarifləndirmə işini yazıçı, şair və jurnalistin üstünə atmaq sərçənin yanan meşəyə dimdiyində su aparması kimi görünür: "Bu məsələ ilə birbaşa dövlətin özü maraqlanmalıdır. Çünki təhsilimiz dövlətin nəzarətindədir”.
Ayyət Əhməd