Orta qiymətə olan mənzillər də bahalaşacaq

İpoteka fondunun artırılması, mənzil bazarına ciddi təsir edəcək



"İpoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi daha da koordinasiyalı iş görür”. Bu barədə AMB İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycan Dövlət Televiziyasına (AzTV) açıqlamasında deyib.

Sitat: "Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var”. Baş bankir diqqətə çatdırıb ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir: "Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”.

İpoteka krediti üzrə faiz dərəcələrinin faizlərinin aşağı salınmasını dəyərləndirən iqtisadçı-ekspert Azər Mehdiyev deyib ki, son zamanlar ilkin ödəniş və faiz dərəcələrinin yüksək olması gündəmdə idi: "İndiki halda faiz dərəcəsinin aşağı salınması gənclərə ilkin ödənişdən sonra hər ay ödənilən məbləğin faizlərinin azalmasına gətirib çıxaracaq ki, bu da onlara ciddi dəstək olacaq. Digər tərəfdən verilən kreditin həcminin artırılması gənclərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində əlavə imkanlar yaradır. Bütün hallarda bu qərar çox ciddi sosial əhəmiyyəti olan addım hesab olunur”.

Ekspertin sözlərinə görə, faiz dərəcələrinin aşağı salınması hökumətin və mərkəzi bankın apardığı siyasətin nüvəsində dayanır: "Ölkədə sosial kreditləri 4 faiz saxlamaqla kommersiya kreditlərinin 5 faizə endirilməsi məqsədəuyğun olardı”. Müsahibimiz onu da əlavə edib ki, ipoteka fondundan ayrılan vəsaitin artırılması mənzil bazarında bahalaşma yaradacaq: "Əvvəlki illərdə də dövlət büdcəsindən ipoteka kreditlərinin ayrılması mənzil bazarına təsir göstərirdi. İndiki halda 2 yüz milyon manatın ayrılması bazara kifayət qədər ciddi müdaxilədir. Bu, mənzil bazarında qiymətlərin enməsinin qarşısını alacaq. Eyni zamanda bazarda mənzillərin qiymətinin qalxmasına gətirib çıxaracaq. Ucuz mənzillərin deyil, eyni zamanda orta qiymətdə olan evlərin bahalaşmasına səbəb ola bilər. Hesab edirəm ki, mənzil bazarında bahalaşma qaçılmaz olacaq”.

Ayyət Əhməd