Dəmirtaşla bağlı verilən qərar Avropanın Türkiyəyə növbəti siyasi təzyiq rıçağıdır
Avropa İnsan Haqları Məhkəməsi, HDP-nin sabiq həmsədri, 2 ildir həbsdə olan Səlahəddin Dəmirtaşın azad edilməsi və məhkəmə prosesinin azadlıqda keçirilməsi haqda qərar verib. Məhkəmə qərarında göstərilir ki, Dəmirtaş əsaslı şübhə ilə saxlanılıb. Ancaq Avropa Məhkəməsi ədliyyə orqanlarının Dəmirtaşın həbsini "yetərli” səbəblər olmadan uzun müddət tutduğuna qərar verib. Bundan başqa, Avropa Məhkəməsi Türkiyə hökumətinin Dəmirtaşa 10 min avro, məhkəmə təzminatı və xərclərə görə isə 15 min avro ödəməsi barədə qərar qəbul edib. Dəmirtaşın vəkili Mahsuni Karaman Avropa Məhkəməsinin qərarı ilə bağlı Ankara 19-cu Ağır Cəza Məhkəməsinə müraciət etdiklərini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Məhkəməsinin qərarına sərt reaksiya verib. Ərdoğan deyib ki, Avropa Məhkəməsinin qərarı Türkiyə hökuməti üçün məcburi deyil. Ərdoğan qərarla bağlı əks addımlar atacağını da bildirib. Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül isə deyib ki, Avropa Məhkəməsinin qərarı Ankaraya gəlib çatdıqdan sonra məhkəmə orqanları hüquqi addımları atacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu məhkəmənin siyasiləşdiyini bildirib.
Türkiyə ictimaiyyətinin etirazına səbəb olan qərarla bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Qərb dünyası bütün siyasi proseslər öncəsində bu cür hüquqi və ya siyasi prosedurlara əl atır:
"Türkiyədə bələdiyyə seçkiləri ab-havası hökm sürür. Bu yöndə konkret təmərküzləşmələr, hansısa ittifaqlar formalaşmaqdadır. Avropa Məhkəməsinin də məhz bu ərəfədə HDP lideri Dəmirtaş məsələsini gündəmə daşıması diqqətdən yayına bilməz. Dəmirtaşla bağlı verilən qərar Avropanın Türkiyəyə növbəti siyasi təzyiq rıçağıdır. Çünki PKK-nın siyasi qolu hesab edilən HDP sədrinin indiki zamanda azadlığa bıraxılması bilavasitə seçki prosesində iştirakını təmin etməklə əlaqəlidir. Məlumdur ki, Dəmirtaşın suçlu olması barədə xeyli dosyalar mövcuddur.
Onun PKK ilə yaxından əməkdaşlıq etdiyi, terrorçu rəhbərlərlə ünsiyyət qurduğu hamıya məlumdur. Dəmirtaşın suçunu isbat edən telefon danışıqları da mövcuddur. Bu dəlillər Türkiyədən tələb edilmədən Dəmirtaş haqqında qərar verilməsi hüquqdan daha çox siyasi qərar hökmündədir. Bu siyasi qərarın arxasında çox ciddi niyyətlər durur.
Qərarın indiki zamanda ortaya çıxması 2019-cu ilin mart ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlıdır. Türkiyədə bələdiyyə seçkiləri strateji əhəmiyyət daşıyır. Bu seçkidə üstünlük əldə etmək həm prezident, həm də parlament seçkilərindən qalib gəlmək şansını artırır. Proseslər də məhz bunun ətrafında cərəyan edir”.
İsmayıl