Ortada İran və Rusiya faktoru var

Türkiyə Səudiyyə Ərəbistanı ilə birləşib, Əsəd rejiminə qarşı savaş açması elə asan görünmür




İddialara görə, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsədə qarşı ittifaq qurmağa hazırlaşır. İki ölkə Suriyadakı Əsəd rejimini devirmək üçün yüksək səviyyəli danışıqlar reallaşdırır. Tərəflər arasındakı vasitəçiliyi isə Qətər edir. Məlumata görə, Türkiyə qurudan əsgər göndərəcək, Səudiyyə Ərəbistanı isə havadan hücum edəcək.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Suriyaya qarşı Türkiyə ilə Səudiyyə Ərəbistan razılaşması baş tutsa belə, İran buna imkan verməyəcək: "Səudiyyə Ərəbistan və Türkiyənin Bəşər Əsədə qarşı ittifaq qurması hələ ki ideya halında olan bir məsələdir. Ərdoğanla Səudiyyə Ərəbistanın yeni kralı arasında razılaşdırılan bu ideyaya görə Türkiyə Suriya müxalifətinə təlimlər keçməli və onları döyüşə hazır vəziyyətə gətirməli, həm də hərbi qüvvələri ilə müxalifətin mübarizəsinə dəstək verməlidir”.

Politoloqun sözlərinə görə, bu məsələdə Səudiyyə Ərəbistanın üzərinə düşən isə Suriya müxalifətinə maliyyə yardımı və hərbi əməliyyatlara havadan dəstəkdir: "Amma Türkiyə ilə Səudiyyə Ərəbistanın Əsədə qarşı bu əməliyyat planı hələlik Amerika və qərb ölkələri tərəfindən bir o qədər də razılıqla qarşılanmır. İran isə çox ciddi şəkildə buna etiraz edir. Hətta lazım gəlsə, müdaxilə ilə hədələyir. Göründüyü kimi, bu ideyanın həyata keçməsi istiqamətində əngəllər çoxdur. Buna səbəb isə regionda maraqların toqquşmasıdır. Həm İran, həm də Türkiyə bölgədə öz nüfuz dairəsi uğrunda mübarizə aparır. Bu mənada İran artıq mühüm mövqeləri ələ keçirib. Suriyada qoşunlar yerləşdirib və Əsəd rejimi üzərində ciddi təsirləri var. Bir tərəfdən də Rusiya İranın səylərinə dəstək verir. Belə bir şəraitdə Türkiyənin ərəblərlə birləşib Suriyaya qoşun yeritməsi Yaxın Şərqdə yeni bir müharibə ocağının alovlanması isə çoxsaylı qurbanlar və vaxt itkisi ilə nəticələnəcək. Odur ki, hələlik Türkiyənin buna gedəcəyini real hesab etmirəm. Faktiki olaraq, Amerikanın da Türkiyənin Suriyaya hərbi müdaxiləsində tutacağı mövqe bəlli deyil. Çünki ABŞ hər iki ölkə ilə yaxın münasibətlərdədir”.

Q.Hüseynlinin sözlərinə görə, son günlər İŞİD-ə qarşı İranın hərbi əməliyyatları geniş bir coğrafi məkanı əhatə etməkdədir. İndiki halda Türkiyənin Səudiyyə Ərəbistanla birləşib, Əsədə qarşı ittifaq bağlaması İranla Türkiyə arasında toqquşma ehtimalı yarada bilər: "Çünki İran Suriya məsələsində barışmaz bir mövqedə dayanıb və Türkiyənin də Əsəd rejiminə qarşı münasibətini çox sərt şəkildə tənqid edir. Odur ki, Türkiyə ilə Səudiyyə Ərəbistanın rahatlıqla Əsəd rejimini devirmək üçün Suriya müxalifətinə dəstək olacağını söyləmək çətindir”.

Şəymən