Ankara tələb etməlidir ki, Rusiya PKK-nı terror təşkilatı kimi tanısın
"Rusiya ilə Türkiyə arasında baş verən hərbi təyyarə qalmaqalından bir gün sonra - ötən ilin 25 noyabrında Dövlət Dumasının alt palatasına təqdim edilən qondarma erməni soyqırımını inkar qanun layihəsi gündəmdən çıxarılıb.
Layihə Rusiya hökumət və Konstitusiya Məhkəməsi tərəfindən qanunazidd hesab olunub”. Bu barədə Dumanın alt palatasının vitse-spikeri Nikolay Leviçev məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinin müzakirəsi üçün müsbət cavab ala bilməyiblər: "Parlament olaraq biz fevralın 8-dən Rusiya hökumətindən cavab gözlədik. Ancaq layihə üçün yaşıl işıq yanmadı. Buna görə də layihə zamanı bitdiyi üçün geri çəkilib. Hökumətin bu məsələni müzakirə etməməyə cavab verməməsinin səbəbi Rusiya qanunlarında etnik cinayətlərə gözə cəzanın onsuz da olmasıdır”.
Məlumat üçün bildirək ki, sözügedən qanun layihəsində qondarma soyqırımı inkar edənlərə astronomik cəzalar - 6-10 min manat civarında pul cəriməsi və ya 3 ilə kimi həbs cəzası nəzərdə tutulurdu. Ötən ilin 25 noyabr tarixində "Ədalətli Rusiya” fraksiyasından olan deputatlar Sergey Mironov və Nikolay Levçiyev bu barədə layihəni parlamentə təqdim ediblər. Layihə Osmanlı imperiyası zamanı - 1915-ci ildə baş verən hadisələrin "erməni soyqırımı” olmasını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutur.
Rusiyanın addımını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun fikrincə, Moskva anlayır ki, indi Türkiyə ilə münasibətləri gərginləşdirməyin vaxtı deyil. Ekspertin sözlərinə görə, Kreml həm də Ermənistana "yerini bil” mesajını verir: "Ancaq bir məsələ məni çox narahat edir. Ankaradakı terraktda Rusiyanın adı çox hallanır. İddia etmirəm ki, bu hadisənin arxasında Rusiyanın hansısa mərkəzləri dayanıb. Ancaq məsələ burasındadır ki, Rusiya təyyarəsinin vurulmasından sonra Moskva PKK və Suriyadakı silahlı kürdlərə dəstək göstərir. Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir. Ortada çox şübhələr mövcuddur. Bunun aradan qaldırılmasının bir yolu var. Ankaradakı son terror aksiyasında Rusiyanın adı çox hallanır. Ankara Rusiyanı sınamalıdır. Bunun üçün Moskvadan tələb olunmalıdır ki, Rusiya hakimiyyəti PKK-nı terrorçu təşkilat kimi tanısın. Rusiya XİN heç olmazsa, sözdə PKK-nın terrorçu təşkilat olduğunu bəyan etməlidir. Məsələn, Kreml və onun mediası Türkiyəni DAİŞ-lə əlaqədə ittiham edir. Halbuki, Türkiyə DAİŞ-i terrorçu təşkilat kimi tanıyır. Əgər Ankaranın istəyinin əksinə olaraq Moskva PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edərsə, "Ankaradakı terror partlayışlarının arxasında hansı dövlət dayanıb” sualı açıq qalacaq”.
Ayyət Əhməd