Rusiyanın sərhədyanı yataqlarla bağlı açıqlaması normal qarşılanmalıdır
"Xəzərdə sərhədyanı yataqlar qonşu ölkələr arasındakı razılıq əsasında işlənməlidir”. Bu barədə Rusiya Prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov "Caspian Energy” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin sahədə qarşılıqlı fəaliyyətə ən yaxşı nümunə Rusiya ilə Qazaxıstan arasındakı əməkdaşlıqdır: "Həştərxan sammitində dövlət başçılarının imzaladığı bəyanatda Xəzər dənizinin dibinin bölünməsinin tərəflərin razılığı ilə müvafiq prinsiplər və beynəlxalq hüquq normaları əsasında aparılmalı olduğu vurğulanıb. İşin yarısı artıq görülüb. Xəzərin şimalında sərvətlərdən istifadə zonası üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında bölünmə həyata keçirilib. Eləcə də Qazaxıstanla Türkmənistan arasında dəniz dibinin sərhədi müəyyən olunub”.
İ.Bratçikovun açıqlamasını dəyərləndirən Neft Araşdırmaları Fondunun sədri, iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə söyləyib ki, o, bu bəyanatı Rusiya ilə Qazaxıstan, həmçinin Moskva-Bakı arasında vaxtilə mövcud olmuş qonşu yataqların işlənməsi mexanizmini əlində rəhbər verib. Çünki Rusiya ilə Qazaxıstan belə bir razılığa gəliblər ki, bir yataq və yaxud bir struktur iki ölkə arasında kəsişirsə, platrformasından asılı olmayaraq birgə işlənməlidir. "Həmin platforma əli-əlliyə işlənməlidir. Bununla da Qazaxıstan və Rusiya aralarındakı mübahisələrə son qoyublar və bu sahədə uğur əldə ediblər. Azərbaycanla Rusiya arasında da Yalama deyilən yataq vardı. Onun bir hissəsi Rusiyaya, böyük bir hissəsi isə ölkəmizin payına düşürdü. Bunu da "Lukoil” şirkəti Azərbaycan tərəfi ilə işlədi. Lakin heç bir karbohidrogen qazı tapılmadı. Buna görə də bağlanıldı. Bu bir təcrübədir. Ona görə də, Rusiyanın Azərbaycanla heç bir ortaq problemi yoxdur”.
Ekspertin qənaətincə, "Xəzərdə sərhədyanı yataqlar qonşu ölkələr arasındakı razılıq əsasında işlənməlidir” mesajı normal qarşılanmalıdır: "Çünki bizimlə Türkmənistan arasında Kəpəz yatağı var. Orda da təsdiq edilmiş ehtiyatlar var. Onu işləsələr, hər bir ölkə üçün daha faydalı olardı. Amma işləmirlər. Saxlayıb və ordan heç bir ehtiyat çıxarılmır. O neft karbohidrogen dəyərə çevrilmirsə, qiymətsizdir. Oxşar mübahisə də Türkmənistanla İran arasında da yaşanır. İran iddia edir ki, həmin yataq onun ərazisinə düşür. İcazə vermir ki, yatağın hasilatı çıxarılsın. Eyni zamanda İranla Azərbaycan arasında şərt var. Bir sözlə, Rusiya tərəfinin bu açıqlaması müsbət qarşılanmalıdır”.
Ayyət Əhməd