Ortaq yaşam...

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Elmi, hüquqi təminatla bağlı sənədlərdə gender dedikdə ümumi halda kişi və qadınların bərabərliyi nəzərdə tutulur. Beynəlxalq Millətlər Təşkilatının siyasətində gender məsələsi mühüm istiqamətlərdən biridir. 1979-cu ilin 18 dekabrında BMT-nin Baş Məclisində "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya” qəbul edilib, 1981-ci ilin 3 sentyabrından qüvvəyə minib. Konvensiyaya uyğun olaraq 10 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasında gender bərabərliyinin təminatı haqqında qanun qəbul edilib. Qanunda qeyd edildiyi kimi, əsas məqsəd "...cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsidir”.
Bu qanunun həyata keçirilməsində beynəlxalq təşkilatlarla yanaşı, bir çox yerli qurumlarda xeyli layihələr həyata keçirilib və bu iş davam etməkdədir.
Qeyd edək ki, müxtəlif sosial və iqtisadi şəraitdə gender bərabərsizliyi fərqli formalarda özünü büruzə verir. Tariximizə nəzər salsaq görərik ki, 20-ci əsrin əvvəllərində ilk azərbaycanlı qadın-həkimlər kəskin ictimai qınaqla üzləşirdilər. 1922-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin məzunları arasında yalnız Adilə xanım Şaxtaxtinskaya və Ceyran xanım Sultanova var idi. Qadınların bu sahəyə daxil olması cəmiyyətdə güclü etirazlara səbəb oldu. Qadının evdən kənarda işləməsi, həkimlik sahəsində çalışaraq hər iki cinsdən olan insanlarla ünsiyyətdə olması o dövrün "qadın” sosial kateqoriyasına aid edilən qadağa və vəzifələrə zidd idi. Qadınların mütəxəssis olaraq evdən kənar əmək fəaliyyətinə görə pul qazanması və ictimai həyatda söz sahibi olması ailədə və cəmiyyətdə oturuşmuş hakimiyyət bölgüsünü pozurdu.
İllər keçdi və hazırda səhiyyə sektoru Azərbaycanda qadınların ən çox çalışdığı sahələrin birinə çevrildi. Son məlumatlara görə, səhiyyə və sosial xidmətlər sektorunda qadınlar 77,6 faiz, kişilər isə 22,4 faiz təşkil edir.
"Bir də görürsən ki, sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər...”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil: "Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirirlər və bəzən bununla gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açırlar.
Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox, insanları buna hazırlamağa, yəni maarifləndirməyə çox böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidirlər”.
S.Qəhrəmanova deyir ki, qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq olmaz. "Bəzən qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar. Bunun baş verməməsi üçün biz Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar keçiririk. Sovet dönəmində də belə kurslar var idi. Hesab edirəm ki, bu, doğrudan da kadrların hazırlığına çox böyük töhfə verəcək”.
Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır
Müasir cəmiyyətin qadına çoxsaylı əlavə statuslar verdiyini vurğulayan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı isə bildirir ki, bu yeni yanaşma və dəyişən şərait qadından daha fəal vətəndaş olmağı və yaşadığı ölkənin həyatında müxtəlif zümrələrin işini yönləndirməyi tələb edir. Onun sözlərinə görə, artıq qadının həyata keçirdiyi funksiyalar mətbəx, ailə, uşaq böyüdüb tərbiyə vermək çərçivəsindən çıxıb.
Azərbaycanda qadın mövzusu dövlətimizin diqqətində olan məsələlərdəndir. Hökumətin gender bərabərliyi və qadınların imkanlarının gücləndirilməsi sahəsinə ayırdığı maliyyə vəsaiti 2009-cu ildən bu günə kimi 120 mindən 1 milyon dollara qədər artıb.
Mərkəz rəhbəri qeyd edir ki, cəmiyyətdə qadın və qızlara mühafizəkar münasibətin saxlanması sirr deyil, ailələr hələ də qız övladını qorumağa çalışır, onların həyat və təhsil almaqda seçim imkanlarını məhdudlaşdırır, qadının ailədən kənar fəaliyyəti alqışlanmır. Buna baxmayaraq dövlət orqanlarında qadının irəli çəkilməsi faktları müsbət tendensiyanın yarandığından xəbər verir. İşləyən qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Vəzifədə qadınlar durmadan artır. Azərbaycanın 85 rayon üzrə icra başçılarının qadın müavinlərini sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzrə seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb. Milli Məclisdə deputatların 16 faizini qadınlar təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınların sayı ildən-ilə yüksəlir. 3 qadın nazir müavini var, Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-si qadındır, Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır, bir Dövlət
Komitəsinin, bir Dövlət Komissiyasının sədri qadındır. Qadın dövlət qulluqçularının ümumi tərkibi 28 faizdir.
Qadınların yüksək vəzifələrdə, xüsusən də siyasi qərarların verilməsində çəkisinin az olduğunu vurğulayan A.Camalqızı qeyd edir ki, bu gün qadınların 50 faizə qədəri fəal əməklə məşğul olur: "Güclü qadın hər zaman toplumun gözdəsidir. Qadınları zəif olan cəmiyyətin gücündən danışmaq yersizdir”.
Gender məsələlərinin Azərbaycanın xüsusiyyətlərinə uyğun adaptasiyasına ehtiyac var
Bəs, Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün hüquqi baza varmı? Bu sahədə nəticə əldə etmək üçün yalnız qanunvericiliyin olması kifayət edirmi? 
Mövzu ilə bağlı sosioloq-alim Əhməd Qəşəmoğlunun tənqidi fikirləri var. O vurğulayır ki, gender məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsində yalnız qanunvericilik sənədlərinin olması, hüquqi baza kifayət deyil. Bu sahədə əlavə görüləsi işlərə xeyli ehtiyac var. Ən əvvəl ölkədə gender ideyasının özü elmi, siyasi təbəqələrdə, ziyalılar, ictimai işçilər arasında vacib ideya kimi qəbul edilməlidir. Amma bildirək ki, bu təbəqələrdə gender ideyasına qarşı müəyyən bir şübhə də var. Çünki gender ideyasında Azərbaycanın mental dəyərlərini sürətlə dəyişməyə yönəlik prinsiplər öz əksini tapır. Bu da öz növbəsində ölkənin ictimai həyatında, cəmiyyətdə ahəngin pozulmasına, nəticədə tərəqqi proseslərinin zərbə altına düşməsinə səbəb ola bilər. Təəssüf ki, belə nəticələr müşahidə edilməkdədir.
Sosioloq bildirir ki, gender məsələlərinin BMT prinsipləri əsasında avtomatik olaraq yox, Azərbaycanın xüsusiyyətlərinə uyğun olaraq adaptasiya olunmasına ehtiyac var. Bu zaman ölkənin tərəqqisi əsas meyar olmalıdır. İstənilən adaptasiya ciddi elmi təminat olmadan mümkün deyil. Təəssüf ki, bu günə qədər hələ bu sahədə vacib işlər görülməyib. Bu işlər yerinə yetiriləcəyi təqdirdə, maariflənmə işləri ilə bağlı xüsusi mexanizmlər hazırlanmalıdır.
Statistika xatirinə qadınlar irəli çəkilir
Ə.Qəşəmoğlu bildirir ki, qeyd olunan vacib elmi, praktik işlər yerinə yetirilmədiyi üçün Azərbaycanda hələ də gender məsələsinə bir qədər formal baxılır. Beynəlxalq təşkilatların o qədər də arzu olunmayan bir tələbi kimi qəbul olunur. Ona görə də ailədə, ictimai sahədə, iş yerlərində, hakimiyyət qurumlarında bu iş bir qədər formal olaraq, siyasət, statistika xatirinə yerinə yetirilir. Hətta real olaraq, beynəlxalq təşkilatların və bir sıra yerli təşkilatların fəaliyyəti nəticəsində müəyyən, arzuolunmaz bir gərginlik də yaranıb. Məsələn, ailədə indi təbliğ olunan gender prinsiplərinə qadınlar daha tez reaksiya verirlər. Bunu sanki öz mənafelərinə uyğun olaraq qəbul ediblər. Kişilər isə, bu məsələdə daha çox konservativ mövqedədir. Belə vəziyyət ailələrdə gərginliyin daha da artmasına rəvac verir. İş yerlərində statistika xatirinə qadınlar irəli çəkilir. Bunun müəyyən müsbət nəticələri var. Amma eyni zamanda formallıqdan doğan problemlər də üzə çıxır.
Son vaxtlar qadının cəmiyyətdəki üstünlüklərini, karyeraya meyillənməsini həm də onunla əsaslandırırlar ki, bu gün Azərbaycan ailələrində çox az uşaqlar doğulur. Ailədə bir, uzağı, iki uşağın böyüməsi sanki qadının "əl-qolunu” açır. Yəni Azərbaycan qadını artıq düşünür ki, "bir uşağım olsun, amma pulum, karyeram olsun”.
Sosioloq hesab edir ki, sadalanan bu vəziyyət Azərbaycanın ailə institutuna ciddi zərbələr vurur: "Əslinə qalsa, şərq mədəniyyət sisteminin özəlliklərini, şərqli insanın əxlaqi dəyərlər sistemini, cəmiyyətin xarakterini, milli adət-ənənələrimizi ciddi şəkildə nəzərə alsaq, qadınlarla kişilərin ümumi bərabərliyi məsələsi mücərrəd, formal bir məsələdir. Cəmiyyətdə bu bərabərlikdən danışmazdan əvvəl, tərəqqinin meyarları ciddi müəyyənləşməlidir. Bizdə qadın və kişi münasibətləri, ailə münasibətləri elə qurulmalıdır ki, bu, yekunda ölkənin tərəqqisinə fayda versin, tərəqqimizi sürətləndirsin. Bu isə qadın və kişilər arasında ümumi bərabərliyi yox, harmoniyanın, ahəngin yaranmasını tələb edir. Əsl Azərbaycan ailə institutunun bütün yer üzünə, qloballaşma prosesi üçün olduqca fayda verə biləcək dəyərlər sistemi var. Böyük Nəsrəddin Tusidən başlayaraq bu günə qədər bir çox mütəfəkkirlərimiz bu ailə sisteminin təkmilləşməsi üçün xeyli iş görmüşdülər. Cəmiyyətin özülü olan, cəmiyyətdəki prosesləri tənzimləyən ailə, bizdə olduqca nümunəvi dəyərlərə malik idi.
Ailədə qadının əsas funksiyası belə möhtəşəm bir institutun, ailənin keşiyində durmaq, kişinin cəmiyyətdə fəaliyyətinin daha da güclənməsinə kömək etməkdir. Öz növbəsində kişinin funksiyası qadının şərəf və ləyaqətinin qorunması, sosial-mənəvi qayğılarının, problemlərinin həll edilməsi, cəmiyyətdə onun rolunun ahəng prinsipləri əsasında yüksəldilməsi idi. Ölkəmizdə gender məsələsi məhz bu prinsiplər baxımından təhlil olunmalı, müvafiq qərarlar qəbul edilməlidir. Bu, indiki demoqrafik vəziyyətin də xeyli yaxşılaşmasına, nəticədə ölkədə tərəqqinin sürətlənməsinə təkan verərdi.
Yusif Yusubov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür