Ekspertlər Prezidentlərin Vyana görüşünün nəticələrindən danışmağa tələsmirlər
ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan Prezidentlərini görüşməyə çağırır. Növbəti görüşün mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçirilməsi təklif edilir. Bu barədə ATƏT-in bəyanatında bildirilir: "Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır”.
Əgər baş tutarsa, bu, 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər. Ehtimallara görə, nazirlərin təşkil etdiyi görüşün əsas müzakirə mövzusu danışıqların bərpası üçün əlverişli şəraitin yaradılması və atəşkəs rejiminin möhkəmləndirilməsi olacaq: "Əgər zorakılıqlar davam etsə, danışıqlarda heç bir uğur ola bilməz. Danışıqlar prosesi olmadan da heç bir sülh mümkün deyil”. Millət vəkili, Yeni Azərbaycan Partiyasının siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, Prezidentlərin növbəti görüşü baş tutmaya bilər. Deputat bildirib ki, buna səbəb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlarıdır: "ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan Prezidentlərinin bu görüşünü təşkil etməyə çalışır. Amma Azərbaycan görüşə məsuliyyətlə yanaşır. Əgər görüşdə konkret bir nəticə olmayacaqsa, Ermənistan yenə süni konstruktivlik yaradacaqsa, Azərbaycan bununla razılaşmayacaq. Son bir ay ərzində Ermənistan dəfələrlə öz mövqeyini dəyişib. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verib. Bütün bunlardan sonra görüşə getmək sual altındadır. Hər halda təklif nəzərdən keçiriləcək. Əgər görüşdən nə isə gözləməyə dəyərsə, razılıq veriləcək. Görüş xatirinə görüşdən isə Azərbaycan imtina edəcək”. A.Mirzəzadə vurğulayıb ki, bundan sonra Azərbaycan görüşün nəticəsinə uyğun addımlar atacaq: "Görüşə razılığın verilməsinin özü hələ hər şey demək deyil. İstənilən halda, görüşə nəticəsinə görə qiymət veriləcək”. Politoloq Qabil Hüseynli isə açıqlamasında Prezidentlərin görüş ideyasının müsbət addım olduğunu deyib: "Görüşə kimi mütləq xarici işlər nazirlərinin bir araya gəlməsinə ehtiyac var. Ortaya bir sənəd çıxarılmalıdır və hansı məsələlərin razılaşdırılması həmin sənəddə öz əksini tapmalıdır. Çünki Azərbaycan birmənalı olaraq 7 rayonun boşaldılmasını tələb edir. Dağlıq Qarabağın statusunun müəyyən edilməsini isə sonrakı mərhələyə saxlamağı təklif edir. Tərəflər bu məsələlərdə razılaşacaqlarsa, görüş təklifinə müsbət baxmaq olar. Ancaq bunun üçün həmsədrlər Azərbaycan rəhbərliyini qane edəcək təkliflər irəli sürməlidir. Proses hələki başlanğıc mərhələsindədir. Ona görə də Prezidentlərin görüşü haqqında birmənalı fikir söyləmək çətindir”.
İsmayıl