“Orucun qəbul olunmasının şərti fitrə ödəməkdir”

Hacı Şahin Həsənli: “Evdən çıxarılan pulu bayram namazına, yəni səhər saat 8-9-a qədər ehtiyac sahibi insanlara çatdırmaq lazımdır”
“Kasıb şəxslərdən fitrə vermək tələb olunmur və borc onların boynundan götürülür”

Dini qaydalara əsasən, hər bir müsəlman Ramazan ayının son günü fitrə verməlidir. İslam alimlərinin izahına görə, fitrə canın sədəqəsidir. İmkanı olan müsəlmanın hər bir ailə üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Hər orucluq ayında olduğu kimi bu dəfə də fitrənin miqdarı, kimə nə qədər verilməsi ilə bağlı müxtəlif fikirlər, ziddiyyətli söhbətlər yayılır ki, bunlar da ictimaiyyətdə çaşqınlıq yaradır. Bir çoxlarının maraqlandığı fitrə məsələsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı-alim Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. 

"Şərq”in suallarını cavablandıran din xadimi məsələlərə aydınlıq gətirdi...

- Ramazan fitrəsi nədir, fitrə vermək vacibdirmi?

- İslam bizə fərdi ibadətlərə qapılıb ictimai məsuliyyətdən uzaqlaşmağı yox, Allaha yaxınlaşdıqca, cəmiyyətə daha da faydalı olmağı öyrədir. Bu mənada Ramazan bayramının yeganə vacib əməli fitrə zəkatı verməkdir. Hətta Ramazanda bayram namazını qılmaq bəyənilən əməl olsa da, vacib sayılmır, ancaq fitrə zəkatı ödəmək vacib əməldir. Əgər kimsə fitrə zəkatını ödəməzsə, hədislərdə də qeyd olunduğu kimi onun orucu qəbul olunmaz. Orucun qəbul olunmasının şərti bayram günü fitrə zəkatı ödəməkdir.

- Fitrənin miqdarı nə qədər olmalıdır, həmin vəsait hansı ərzaqla ölçülür?

- Fitrə zəkatı 3 kiloqram arpa, buğda, xurma, kişmiş, un, düyü və s. ərzaqlarla ölçülür. Yaxud da onların ekvalenti olaraq ehtiyacı olanlara pul ödənilir. Ailənin hər bir üzvü adından müəyyən olunmuş məbləğ verilir. Bu pul ailə başçısı tərəfindən bayram axşamı ayrılmalıdır. Məsələn, bayram ayın 26-sıdırsa, 25-i axşam evdən fitrə çıxarılmalıdır. Evdən çıxarılan pulu bayram namazına, yəni səhər saat 8-9-a qədər ehtiyac sahibi insanlara çatdırmaq lazımdır. Əgər pulu vaxtında vermək mümkün olmayıbsa, ən azından günün sonuna kimi fitrə zəkatını çatdırmaq məqbuldur. Bir neçə gün geciksə belə yenə də verilməsi mütləqdir.

- Konkret məbləğ nə qədərdir? Yəni adam başına neçə manat pul verilməlidir?

- Fitrə zəkatının məbləği fərqli olur. Qafqaz Müsəlmanları İdarəsinin qənaətinə görə, bugünkü qiymətlərə uyğun olaraq, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Amma bu, o demək deyil ki, ondan aşağı məbləğdə fitrə vermək olmaz. İnsanlar özü mağazaya gedib həmin sadalanan ərzaqların qiymətlərinə baxaraq fitrənin məbləğini tənzimləyə bilərlər. Təbii ki, istəyən daha çox verə bilər.

- Fitrə kimlərə verilməlidir, məsələn, yaxın qohumlara verilə bilərmi?

- Şübhəsiz ki, fitrə yoxsul insanlara verilməlidir. Ancaq ilk növbədə qohum və qonşulardan başlamaq daha yaxşıdır, daha sonra isə bölgədə yaşayan digər yoxsullar tapılmalıdır. Yəni bu ardıcıllığın gözlənilməsi müsbətdir.

- Fitrə ümumi olaraq hardasa yığılıb kasıblara paylanıla bilərmi?

- Bəzi yerlərdə fitrə məscidlərdə toplanılır. Hamı evdən çıxardığı fitrəni gətirib məscidə təhvil verir. Orada yığılmış fitrə siyahıya uyğun olaraq müəyyən edilən yoxsullara paylanılır. Yəni insanlar etimad etdikləri yerlərə və şəxslərə öz fitrələrini verə bilərlər. Yığılmış pullar fitrəni verənlərin adları açıqlanmaqla təqdim olunur.

- Oruc tutan kasıb insanlar fitrə verməlidirmi?

- Fitrə zəkatı zəngin sayılan, yəni aylıq ehtiyaclarını ödəyə bilən şəxslər tərəfindən verilməlidir. Kasıb şəxslərdən fitrə vermək tələb olunmur və borc onların boynundan götürülür. İmkanı olmadığı halda fitrə çıxartmaq istəyənlər isə 3 kilo buğda, xurma, düyü və yaxud un məmulatlarını fitrə kimi verə bilərlər.

İsmayıl