Keçmiş nazirin siyasətə atılması ciddi uğurlardan xəbər vermir
Ermənistanda sabiq prezident Robert Köçəryana yaxın olan keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni partiya yaradır.
Keçmiş nazir partiyasına üzv olacaq simalar barədə danışmasa da, deputatlar, tanınmış ictimai xadimlər və gənclərin yeni partiyada təmsil olunacağını bildirib. Bu partiya hazırda iqtidarda olan Serj Sarkisyan komandasına qarşı fəaliyyət göstərəcək. Xatırladaq ki, Ermənistanda bu yaxınlarda baş tutan referendumdan sonra prezidentin səlahiyyətləri azaldıldı. Əvəzində, ölkə parlamentli respublika oldu. Bu isə hazırkı prezident Sarkisyana öz partiyasının başında seçkilərdə "qələbə çalaraq” baş nazir postunu tutmaqla yenidən hakimiyyətdə qalmaq imkanı verir. Amma o da var ki, Ermənistanda mövcud olan aclıq, insanların səfalət içində yaşaması, ən adi insan haqlarının rejim tərəfindən tapdalanması Sarkisyana narazılığı artırıb. Belə bir ərəfədə, keçmiş xarici işlər naziri Vardan Oskanyanın Sarkisyana müxalif mövqedə durması və yeni partiya yaratması onun tərəfdarlarının sayını artıra bilər. Bəzi ekspertlərə görə, Oskanyan bunu Robert Köçəryanın göstərişləri ilə edir.
Məsələni "Şərq”ə şərh edən politoloq Elxan Mehdiyev deyib ki, hazırda Vardan Oskanyan o qədər də güclü siyasətçi hesab olunmur:
"O, keçən seçkilərdə ikinci şəxs kimi iştirak etdi. Amma daha sonra ona cinayət işi açıldı və iddiasından geri çəkilməyə məcbur edildi. Rəqibi Qaqik Çarukyan da bundan istifadə edərək onun bütün biznesini əlindən aldı. Sarkisyan da Oskanyanı sıxışdıraraq tamamilə sıradan çıxartdı. Bu baxımdan indiki dönəmdə Oskanyanın yenidən ayağa qalxması onun hansısa uğur əldə edəcəyi anlamına gəlməməlidir. Çünki keçmiş xarici işlər nazirinin özünü ifadə etməsi, sərbəst fəaliyyət göstərməsi üçün heç bir imkan yoxdur. Hətta indiki halda sabiq prezident Robert Köçəryan ətrafına insan toplamaq baxımından Oskanyandan daha faydalı ola bilər”.
İsmayıl