Oturacağı vedrədəndir: Bura Bakıdır, avtobus deyil, sanki traktor lafetləridir (FOTOLAR)

50 saylı marşrutdakı avtobusların salonlarından bəzi görüntülər əldə etmişik
Paytaxtda baş vermiş avtobus qəzası ictimai nəqliyyatda hökm sürən dəhşətli durumu bir daha təsdiqlədi. 1 nəfərin ölümü, 12 nəfərin xəsarət alması ilə nəticələnən qəzaya səbəb sürücünün işıqforun qırmızı işığına məhəl qoymaması olub.
Təsəvvür etmək bəlkə kiməsə çətin gələr; necə yəni, sürücü, özü də salonunda onlarla sərnişin əyləşmiş bir avtobusun sürücüsü işıqfora məhəl qoymur?! Amma belə hallar biz paytaxt sakinləri üçün adidir. Gün ərzində nə qədər oxşar halların şahidi oluruq. "Azərbaycan” Nəşriyyatının qarşısında 10-ca dəqiqə dayanmaq yetərlidir ki, sərnişin avtobusları sürücülərin yol-hərəkəti qaydalarını necə kobudcasına pozduğuna şahidlik edəsən. Sürücülərin davranışı belə təəssürat yaradır ki, 4 yol ayrıcına işıqfor çox nahaq qoyulub. Burada işıqfora ehtiyac yoxmuş. Çünki sürücülər onsuz da işıqfora məhəl qoymur. İşıqforda dəqiqə itirməsinlər deyə, "qırmızıya-sarıya” baxmırlar, basıb keçirlər. Dəfələrlə 5, 39 saylı marşrut xətti ilə hərəkət edən avtobusların işıqforun qırmızı işığında dayanmadığının şəxsən şahidi olmuşam. Baxmayaraq ki, işıq dirəklərinin üzərində müşahidə kameraları quraşdırılıb. Görünür, sürücülər kameralara "yol” tapa bilirlər. Müşahidə kameraları onların qayda pozuntusunu qeydə almır.
Keçək, başqa bir problemə - 50 saylı marşrut üzrə hərəkət edən avtobusların yararsız halda olmasına. Bu dördtəkərli vasitələr avtobus adlandırılmağa layiq deyil. Sanki traktor lafetidilər. 50 saylı marşrutdakı avtoubsların salonlarından bəzi görüntülər əldə etmişik. Adam inana bilmir ki, 21-ci əsrdə, inkişaf etmiş dünya ölkələrinin paytaxtları ilə bir sırada dayanmağa iddialı Bakımızda hələ də belə cındır kökündə avtobuslar xəttə buraxılır. Avtobusun birində oturacağı boya vedrəsi əvəz edir. Başqa birində karton qutu, üstündə də döşəkçə. Digərində dəmir "setka”. Avtobusların bir çoxunda oturacaqlar sökülmüş vəziyyətdədir. Pul yeşikləri isə "göz oxşayır”. Kiçik tutumlu olduqlarından, xüsusən səhər və axşam saatlarında avtobusa minmək əsl hünər istəyir. Qolu, ayağı zorlular minir, fağır-füğəra qalır yerdə. Avtobusun salonuna bir təhər təpilməyi bacaranlar da evə salamat gedib çatmaları üçün dua edirlər. Avtobuslara kənardan baxmaq yetərlidir ki, onların istifadəyə yararsız olduğu bilinsin. Kustar üsulla birləşdirilmiş naqillər, açıldıqda bağlanmayan, bağlanan da açılmaq bilməyən qapılar, kirin-pasın içində oturacaqlar, deşik döşəmə, işləməyən əyləc... İstifadə müddəti bitmiş, sürücü tərəfindən güclə hərəkətə gətirilən bu avtobusları xəttə buraxmaqda görəsən, Bakı Sərnişin Nəqliyyatının məqsədi nədi? Qəzalarda insanların canını almaq?!
Maraqlıdır ki, "Şərq” qəzeti məsələylə bağlı əlaqədar qurumlardan cavab almaq istəsə də, atvobuslara sahib çıxan tapılmadı. Bakı Sərnişin Nəqliyyatı Xidmətinin operatoru "Qaynar xətt”ə 50 saylı marşrut avtobusları ilə bağlı şikayətlər daxil olduğunu və lazımi instansiyaya yönləndirildiyini dedi. Xanım operator bildirdi ki, 50 saylı marşrut avtobusları sahibkarlara məxsusdur. Avtobusların yararsız olması barədə daxil olmuş şikayətlər onlara çatdırılıb. Amma hələ ki, bir yenilik yoxdur. Dispetçer şöbəsində də sualımıza cavab tapa bilmədik. Bizə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə müraciət etməyi məsləhət gördülər. Ötür-ötür oyununun davam edəcəyini bildiyimizdən avtobuslardakı vəziyyəti əks etdirən fotoları dərc etməklə kifayətlənirik. Bu avtobusların sahibi kimdirsə və onların xəttə çıxmasına kim icazə verirsə, qoy baxsınlar, bəlkə utandılar!..
Məlahət Rzayeva