Demə bu xəstəliyi önləməyin çox bəsit yolları varmış
İnsanların qorxulu röyasına çevrilən xərçəng xəstəliyini önləməyin çox bəsit yolları varmış. Demə, bu xəstəlik elə də çarəsiz, ölümcül deyilmiş. Nahaq deməyiblər ki, min dərd varsa, min bir də dərman var. Əslində, insanın sağlamlığı böyük ölçüdə məhz özündən asılıdır.
Ekoloji fəlakətləri, dünyanı bürümüş GMO təhlükəsini, yararsız və ziyanlı qida məhsulları istehsalını bir kənara qoysaq, sağlamlığın qorunmasına ciddi şəkildə nəzarət etmək imkanlarının olduğunu görərik. Türkiyə elm adamları yaşam tərzinin xərçəng xəstəliyinin yaranmasında böyük əhəmiyyət kəsb etdiyini sübuta yetirməyə çalışıb. Elm adamları bu fikirdədir ki, gündəlik həyatda zərərli vərdişləri tərk etmək, əvəzində orqanizmin sağlam qalmasını təmin edəcək vərdişlər qazanmaqla xərçəngə yaxalanmamaq tamamilə mümkündür.
Mütəxəssislər xərçəngi önləyəcək 8 əsas şərt irəli sürür.
1) Şəkərdən uzaq durun. Şəkərli içkilər, şəkəri bol qidalardan imtina etmək lazımdır.
2) Siqaret və spirtli içkidən əl çəkmək. Məhz siqaret çəkmək və spirtli içki qəbulu ağciyər, qida borusu, mədə, qara ciyər, böyrək xərçənginə gətirib çıxaran əsas səbəblərdir.
3) Quru meyvələr, xüsusilə də qoz yemək. Mütəxəssislər bildirir ki, davamlı şəkildə, müntəzəm qozdan istifadə, xüsusilə kişilərdə prostat xərçənginin yaranmasının qarşısını alır. Bu xüsusiyyəti qoza verən tərkibində selenium maddəsinin bol miqdarda olmasıdır.
4) Soğan və sarımsaqdan çox istifadə etmək, həm də daha çox çiy formada. Soğan və sarımsaq tərkibindəki güclü anti-oksidan maddələr sayəsində orqanizmdəki zərərli maddələrin atılmasını təmin edir, nəticədə orqanizm təmizlənir.
5) Bir stəkan yaşıl çay içmək. Yaşıl çay da güclü anti-oksidandır. Yaşıl çay xərçəngə qarşı olan qidalarda xüsusi yer alır.
6) Gün ərzində 30 dəqiqə piyada gəzmək. Piyada gəzmək vücudu qüvvətləndirir, orqanizmin immunitetinin güclənməsinə səbəb olur ki, nəticə etibarilə xərçəng hüceyrələrinin inkişafı ləngiyir.
7) 15 dəqiqə günəş işığı qəbul etmək. Günəş şüaları D vitamininin ən güclü qaynağıdır. D vitamini bolluğu prostat vəzi, döş və yoğun bağırsaq xərçənginin qarşısını almaq qüdrətindədir.
8) Və ən əsası: Oturaq həyat tərzindən əl çəkin. Bu tövsiyə xüsusilə vaxtının əksər hissəsini, eləcə də asudə vaxtını televizor (həmçinin kompüter) önündə keçirənlərə aiddir. Oturaq həyat tərzi, az hərəkətlilik xərçəng riskini artırır. Daha çox da yoğun bağırsaq xərçənginə yoluxma riski artmış olur. Ona görə də hərəkətli olmağa, nahardan sonra uzanıqlı halda televizora baxmaq vərdişindən əl çəksəniz, ömrünüzü sağlam başa vura bilərsiniz.
Məlahət Rzayeva