Oxucu müsahibələrdən uzaq qalıb
Jurnalistikanın ən aktual janrına daha çox saytlar maraq göstərmirlər
(Əvvəli ötən sayımızda)
Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri də müsahibədir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır. İngilis dilində "interview” - görüş, söhbət mənasına gələn müsahibə yalnız informasiya vermir. Həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir.
Müsahibə həm də söhbət, aktiv fəaliyyət və qarşılıqlı münasibətlər sferasıdır. Burada jurnalistlər ekspert, təşkilatçı və maraqlı həmsöhbət obrazına girirlər. Müxbir qarşısındakı müsahibə konkret suallar verməklə bir növ söhbətin mövzusunu müəyyən edir, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest və mimikalarla münasibət bildirir. Yəni bir növ körpü rolunu oynayır. Bu baxımdan jurnalistlər müsahibə ünvanladığı bütün suallar zamanı ictimai maraqdan çıxış etməli, yalnız oxucunu maraqlandıran sualları qarşı tərəfə ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Jurnalist müsahibənin uğurla başa çatması, zəruri informasiyaların əldə edilməsi üçün texnologiyanı öyrənməli və önəmli prinsiplərə əməl etməlidir. Sualları düşünərək verən və müsahibdən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı və peşəkar hesab olunur. Təcrübəli jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Bəzə müxbirlər müsahibəyə deyil, müsahiblər sual-cavaba hazırlaşırlar. Amma müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha çoxdur. Ekspertlərə görə, hazırlıqlı jurnalistlər müsahibənin maraqlı və oxunaqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Eyni zamanda müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı deyib ki, müsahibə jurnalistikada araşdırma və reportajdan sonra ən çətin və ən oxunaqlı janrlardan biridir. Onun sözlərinə görə, oxunaqlı deyərkən ara müğənnilərinin müsahibəsi nəzərdə tutulmur:
"Məsələn, bir həkimin müsahibəsindən maraqlı və faydalı nə ola bilər? Burada əsas məsələ mövzuya birbaşa aidiyyəti olan ən optimal şəxsi tapmaqdır. Bu şəxs elə seçilməlidir ki, oxuculara mövzu haqda geniş və dəqiq məlumat verə bilsin. Həmçinin, vəziyyətin, problemin, hadisənin səbəblərini, nəticələrini, çıxış yollarını təsvir etsin. Baş verənləri analiz edə bilsin və ya hər hansı proses haqda dərin mühakimələr yürütsün. Ən əsası isə obyektiv və tərəfsiz olsun. Belə müsahiblər var, sadəcə problem ondadır ki, jurnalistlər belələrini tapmağa ərinirlər. Məsələn, Azərbaycanda nəhəng Elmlər Akademiyası strukturunun tərkibində onlarla elmi institut, dünyada tanınmış nüfuzlu alimlər var. Ancaq biz alimlərin müsahibələrinə nə dərəcədə tez-tez rast gəlirik? Ya da mühüm postlarda olan məmurların, nüfuzlu mütəxəssislərin, şirkət rəhbərlərinin və s. Çox az. Burada səbəblər jurnalistin onları tapmaqda ərinməsi ilə bərabər həm də belə şəxslərin mətbuatdan yayınmasıdır. Yalnız reklama ehtiyacı olan, biznes maraqları güdən peşə sahibləri jurnalistlərə həvəslə müsahibə verir, digərləri başlarını ağrıtmaq istəmirlər”. Redaktorun fikrincə, müsahiblər jurnalistlərlə bağlı fikirlərində haqlıdırlar: "Müsahiblərə mövzu ilə bağlı dərin və intellektual suallar verən jurnalistlər çox azdır. Jurnalistin o sahədə geniş məlumatı, problem və ya proses haqda hərtərəfli informasiyası, statistik məlumat bazası olmalıdır ki, müsahibə yaxşı suallar verə bilsin. Biz görürük ki, adətən adi standart suallar verilir və cavab da çox vaxt hamının bildiyi şeylər olur. Ruslar demişkən, "kakoy privet, takoy otvet”. Yaxşı müsahibə götürülməsi üçün məsələ lap əvvəldən başlamalıdır. Redaksiyada ixtisaslaşma getməlidir, hər jurnalistin konkret sahəsi olmalı və o sahədə peşəkarlaşmalıdır. Bir sahənin müxbirini başqa sahədə müsahibə almağa göndərəndə biabırçılıq olur. Digər tərəfdən isə jurnalist iki istiqamətdə yaxşı hazırlaşmalıdır. Birincisi, müsahibinin bioqrafiyasını öyrənməli, xarakterinin əsas cəhətlərini bilməlidir. Onun əvvəlki müsahibələrini oxumalıdır. Öz sahəsində əldə etdiyi nailiyyətləri, uğursuzluqları da öyrənsə yaxşı olar. Bunlar hələ müsahib barədə hazırlıqdır. İkinci hissədə isə mövzu ilə bağlı hazırlıq dayanır. Müxbir mövzunu ətraflı öyrənməli, statistikanı bilməli, başqa mütəxəssislərin son rəylərini oxumalı, bu sahədə beynəlxalq təcrübədən tutmuş, adi insanların təkliflərinə qədər hər şeyi özündə qeyd etməlidir. Suallar əvvəlcədən yazılmalı, lakin söhbət əsnasında ortaya çıxan suallar dərhal verilməlidir. Müsahibə suallardan yayınmağa imkan vermək olmaz. Səmimi atmosfer yaradılsa, müsahib daha rahat danışar. Müsahibə götürülən yer də əhəmiyyətlidir. Məsələn, iş kabinetində sizə sənədlər göstərə bilər, sahədə isə nəyisə praktiki nümayiş etdirə bilər, amma evdə bunlar olmayacaq”. E.Bayramlı bildirib ki, müsahibənin planı düşünülmüş və praktik olmalıdır: "Əks halda adam gülünc vəziyyətə düşə bilər. Hardasa, 15-16 il qabaq iştirak etdiyim bir media treninqdə ORT-nin telerejissoru, həmyerlimiz Rauf Mamedov və NTV-nin xanım eksperti bizə uğursuz müsahibə ilə bağlı belə bir süjet göstərdilər. Deməli, NTV-də canlı yayımda jurnalist qonağına suallar verir, hər dəfə jurnalist uzun-uzadı izah edir vəziyyəti və soruşur ki, misal üçün, filan şeylə razısınızmı, sizcə, bu doğrudurmu, filankəs etdiyinə görə cəzalanmalıdırmı və s. Müsahib hər sualdan sonra "bəli”, ya da "yox” deyə cavab verir. Bəzən aparıcı iki sualı birdəfəyə verir, qonaq isə cümlənin sonunda gələn suala razıyam deyib keçir, ardınca aparıcı mexaniki olaraq növbəti sualı ünvanlayır. Beləliklə, 30 dəqiqəlik verilişdə yalnız jurnalist danışır, müsahib 5-6 dəfə "hə”, "yox” deyir, vəssalam. Belə biabırçı vəziyyətə düşməmək üçün müsahibə elə suallar verilməlidir ki, "hə”, "yox”, "razıyam” kimi qısa cavablar deyə bilməsin. Məsələn, "Sizcə, uşaq tərbiyəsində müəllimin rolu böyükdürmü” sualına "bəli” cavabı verilə bilər. Amma "Müəllimin uşaq tərbiyəsində rolu nədən ibarət olmalıdır” sualını kifayət qədər danışmaq lazımdır. Müsahibə texnologiyaları dərindir və qaydaları da çoxdur. Bunları gənc həmkarlarım nüfuzlu xarici jurnalistlərin təcrübəsindən öyrənə bilərlər. Mən gənclərə Tatyana Repkovanın, Pol Stenlinin, Maykl Delaxayın, Zeynal Məmmədlinin və. s media peşəkarlarının kitablarını oxumağı məsləhət görürəm. Bundan başqa, peşəkar media ölkələrinin - Rusiya və digər Avropa ölkələrinin mətbuatını izləmələrini tövsiyə edirəm”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov müsahibə və reportajın jurnalistikanın şah əsəri olduğunu deyib. Onun sözlərinə görə, maraqsız müsahib olmur: "Əgər jurnalist həmsöhbətini danışdıra bilmirsə, o zaman müsahibə maraqsız olur. Burada jurnalistin rolu çox önəmlidir. Peşəkar jurnalist hətta maraqsız müsahibi elə danışdıra bilər ki, müsahibə oxunaqlı alınsın. Mövzu və müsahib seçilərkən gündəmə fikir verilməlidir. Gündəmə cavab verən müsahibələr daha yaxşı oxunur. Bütün müsahibələrə hazırlıq zamanı müsahib haqqında informasiya toplanmalıdır. Onun əvvəlki müsahibələri oxunmalıdır ki, həm təkrar suallar verilməsin, həm də təzə, daha maraqlı suallar hazırlansın”.
Tanınmış jurnalist Kamil Həmidov da vurğulayıb ki, həqiqətən də jurnalistikada, yaradıcılıqda müsahibə çox önəmli yerə malikdir: "Belə demək mümkünsə, müsahibəsiz qəzet və ya sayt "duzsuz xörəyə” bənzəyir. Müsahibə qəzetə və yaxud da sayta yaraşıq verir. Təbii ki, müsahib və müsahibə də maraqlı, ləzzətli və peşəkar olmalıdır. Mən də o fikirlə razıyam ki, son zamanlar maraqlı müsahib və müsahibələr azlıq təşkil edir. Amma burada təkcə müsahibləri qınamaq lazım deyil, həmin müsahibləri danışdıranları, müsahibəni hazırlayıb ortaya qoyanları da qınamalıyıq. Çünki bir çoxları peşəkar deyilllər, jurnalistikaya yanğı ilə yox, nəyinsə xatirinə gəliblər. Bəzən az tapılan maraqlı müsahibləri elə maraqsız və oxunaqsız tərzdə təqdim edirlər ki, diqqəti cəlb etmir. Maraqlı müsahibələrə, insanları mənəvi cəhətdən zənginləşdirməyə çox böyük ehtiyac var. Bu ehtiyac maksimum olmasa da, indiki şərtlər daxilində, ən azı minimum şəkildə ödənilməlidir”.
"AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli müsahibə janrının medianın yaraşığı olduğunu deyib: "Müsahibə ən çətin janrlardan biridir. Bu janrda işləyən jurnalistdən böyük peşəkarlıq, dərin məlumatlılıq tələb olunur. Bizim mediada çox vaxt müsahibə işinə qeyri-ciddi münasibət göstərilir. Bir də görürsən, jurnalist kimi heç 1 il stajı, təcrübəsi olmayan adamı ciddi-ciddi adamlarla müsahibəyə göndərirlər. Nəticədə problemlər ortaya çıxır və müsahiblər peşəkar jurnalistlərin azlığından şikayətlənməyə başlayırlar”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu bildirib ki, müsahibə jurnalistikanın onurğa sütunudur: "Xüsusən də hazırkı informasiya əsrində mətbuatı ayaqda saxlayan, onu fərqləndirən məhz müsahibədir. Müsahibə hər zaman aktualdır. Amma təbii ki, əsas məsələ müsahibənin keyfiyyətidir. Bizdə əsas etibarı ilə iki istiqamətdə müsahibələr olur. Məşhurlar, az görünən, qeyri-adi adamlar və bir də ekspertlərdən konkret mövzu üzrə təhlillər aparan ekspert müsahibəsi. Məncə, müsahiblər azdır, ya da çoxu media ilə əməkdaşlıqdan qaçır. Ancaq eyni zamanda müsahibəni götürənlərlə bağlı da problem var. Peşəkar jurnalistlərin sayı çox deyil. Çunki müsahibənin keyfiyyəti müsahibdən daha çox jurnalistdən asılıdır”.
"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyevin sözlərinə görə, jurnalistikanın əsas janrlarından olan müsahibə hər zaman çox aktualdır: "Sadəcə çalışmaq lazımdır ki, müsahiblə maraqlı söhbət aparasan. Uğurlu müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil. Müsahibənin oxunaqlı olması üçün söhbət aparacağın şəxs haqqında geniş məlumat toplamalısan. Az qala onun özü qədər biliyə sahib olmaq lazımdır. Müsahibəyə hazır olmaq o deməkdir ki, biz bu və ya digər sualın cavabını müəyyən dərəcədə təxmin edirik. Bu halda əvvəlcədən alternativ suallar hazırlaya bilərik. Həmçinin, müsahibəyə hazırladığınız suallarla yanaşı, söhbət əsnasında da suallar yaranacaq. Bir sözlə, müsahibə janrı hər zaman gündəmdədir və xeyli oxunur”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb