Sarkisyan siyasi sistemi dəyişmək istəyir
Ermənistan prezidenti Serj Sarkisyan gizli oyunlara başlayıb. İrəvan hakimiyyəti referendum yolu ilə dövlət quruluşunu dəyişmək istəyir. Məlumata görə, o məqsədlə düşmən ölkə konstitusiyasını dəyişməyə hazırlaşır. Bu barədə Ermənistan parlamentinin sədri Qalust Saakyan bildirib. Spikerin sözlərinə görə, konstitusiyaya dair referendum qaçılmazdır:
"Konstitusiyada islahatların aparılması barədə qanun layihəsi indi müzakirə mərhələsindədir. Milli Məclisin komissiyası bunun üzərində işləyir, təkliflər nəzərdən keçirilir və tezliklə sənədin mətni hazır olacaq. Q.Saakyan Konstitusiyada konkret hansı maddənin dəyişdiriləcəyi barədə verilən sualdan yayınıb və cavab verməkdə çətinlik çəkib: "Hər şey müzakirələr prosesindən asılıdır. Düşünürəm ki, Konstitusiya referendumu ya bu ilin payızında, ya da gələn ilin yazında baş tutacaq.” O, jurnalistlərin "ölkənin parlament sisteminə keçid təklif edilirmi” sualına belə cavab verib: "Siz niyə belə düşünürsünüz?” Erməni müxalifətinin fikrincə, bu, prezident Serj Sarkisyanın layihəsidir. Çünki onun növbəti seçkilərdə iştirak səlahiyyəti olmayacaq. Bu səbəbdən dövlət quruluşunu dəyişməklə, parlamentdə rəhbərlik etdiyi partiya ilə çoxluq qazanıb hakimiyyətdən getməməyə can atır.
Oyunun pərdəarxası məqamlarını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, Sarkisyan ölkə konstitusiyasını öz boyuna uyğun biçmək istəyir. Ekspertin fikrincə, o, ölkəni parlament üsul-idarəyə dəyişməklə, yerini möhkəmlətmək niyyətindədir: "Sarkisyanın siyasi sistemi dəyişməsi qeyd etdiyim məqsədlərə xidmət göstərir”.
Siyasi icmalçının qənaətincə, son zamanlar separatçı ölkə başçısına qarşı baş qaldıran etiraz dalğası səngimək bilmir: "Düşmən ölkə müxalifəti çox fəallaşıb. Bir neçə müxalifət fəalının həbs olunmasına baxmayaraq, nümayişlər ara vermir. Etirazçıların sayı getdikcə yüksəlir. Bu da düşmən ölkədə siyasi böhranı və gərginliyi daha da gücləndirir”.
Q.Hüseynli onu da diqqətə çatdırıb ki, artıq hakim partiyadan istefalar baş verir: "Bir neçə siyasi təşkilat hakim partiyadan ayrılıb. Müəyyən aparıcı fiqurlar Sarkisyanın təşkilatı ilə yollarını ayırıb. Sarkisyan artıq dərk edir ki, parlament seçkilərini qazana bilməyəcək. Separatçı lider onu da anlayır ki, öz hakimiyyətini yalnız saxta ümumxalq refendum yolu ilə qoruya bilər. Lakin referendumu həyata keçirsə, ölkədə siyasi fəallıq daha da artacaq və Sarkisyan rejimi üçün əlavə problemlər yaranacaq. Bu reallıqlar fonunda, zənn edirəm ki, səhra komandirinin təşəbbüsləri heç də xoşagələn sonluqla bitməyəcək”.
Ayyət Əhməd