“Haker hücumlarına qarşı mübarizə tədbirləri hər zaman prioritet olmalıdır”
Müasir dünyada kiberhücumlar günün reallığına çevrilib. Əvvəlki dövrdən fərqli olaraq indi vəziyyət tamamilə dəyişib. Belə ki, əvvəllər kiber, informasiya hücumları daha çox həvəskar formada olurdusa, indi dövlətlərin özləri, ayrı-ayrı iqtisadi, siyasi, maliyyə qrupları kiber dəstələr hazırlayırlar. Çünki indi kiberqüvvələr bir növ hərbi müdafiə sisteminin tərkib hissəsinə çevrilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 1-ci Avropa Oyunları zamanı Azərbaycanda informasiya təhlükəsizliyinə tam təminat verib. Onun sözlərinə görə, belə xoşagəlməz hallardan qorunmaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox layihələr həyata keçirib. I Avropa Oyunları ərəfəsində bizə müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən təzyiqlərin olacağını istisna etməyən nazir deyib ki, bütün dövlət təhlükəsizlik strukturları ilə birgə müəyyən tədbirlər hazırlamışıq ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi zamanı kiberhücumlardan prinsipial ziyanlar görülməsin.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin qənaətincə də, Azərbaycanda kiberhücumlara qarşı mübarizə ilə bağlı müxtəlif struktural işlər görülüb: "2012-ci ildə Azərbaycanın müvafiq dövlət qurumlarına edilən kütləvi kiberhücumlardan sonra bu istiqamətdə müəyyən sənədlər qəbul olunub. Kiberhücumlarla bağlı dövlət və qeyri-dövlət sektoru biri-birindən ayrıldı və hərəsinin səlahiyyətli qurumu yaradıldı. Yəni dövlət sektoruna Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, qeyri-dövlət sektorunda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi cavab verir. Hazırda dövlət orqanlarında bu qurum tərəfindən qanunvericiliyin tənzimlənməsi, yeni aktların qəbulu, infrastrukturun yaradılması, dövlət orqanlarının internet resurslarının qorunması ilə bağlı bir sıra addım atılır”.
Ə.Məmmədli onu da deyib ki, informasiya təhlükəsizliyi deyəndə sadəcə milli dövlət maraqlarının nəzərdə tutulması doğru yanaşma deyil. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi eyni zamanda ayrı-ayrı fərdlərin şəxsi həyatına aid informasiyaların, bank məlumatlarının və kommersiya qurumlarına aid məlumatların qorunması kimi geniş aspektləri əhatə edir.
Dünyada informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyini vurğulayan media ekspertinin sözlərinə görə, aparıcı ölkələrin belə bu təhlükə ilə üz-üzə qalması öz informasiyamızın qorunması istiqamətində ardıcıl addımların atılması üçün bizə ciddi siqnal olmalıdır. Öz mütəxəssislərimiz, öz texnologiyalarımız olmalıdır. Biz nə qədər əcnəbi texnologiyalardan istifadə edib, əcnəbi mütəxəssislərin fəaliyyətindən yararlanacağıq, o zamana qədər Azərbaycanda informasiya təhlükəsizliyi tam təmin olunur demək sadəlövhlük olar:
"Kiberhücumlar elə bir şeydir ki, nəzərdən qaçan xırda boşluq belə haker hücumları ilə nəticələnir. Ümid edirəm ki, kiberhücumlardan müdafiə ilə bağlı lazımi tədbirlər tam görülüb və Avropa Oyunları zamanı bu istiqamətdə heç bir təhlükə ilə üzləşməyəcəyik. Ölkənin bütün dövlət qurumlarının və özəl kommersiya qurumlarının, qeyri-kommersiya təşkilatlarının informasiya təlükəsizliyi təminat altında olacaq. Əslində bu müdafiə yalnızca Avropa Oyunları ilə məhdudlaşmamalıdır. Haker hücumlarına qarşı mübarizə tədbirləri hər zaman prioritet olmalıdır”.
Azərbaycanda informasiya təhlükəsizliyinin təminatına cavabdeh kadrların peşəkarlıq səviyyəsinə gəldikdə isə ekspert deyib ki, hansısa şirkət təhlükəsizliklə bağlı güclü bir proqram ortalığa qoyursa, eyni zamanda, həmin təhlükəsizliyi qıran sistem də yaradır. Bu bir bazardır və bazarda faktiki olaraq həm qorumaq üçün sistem var, həm də həmin qorunmanı sındırmaq üçün. Qısası, həm virus, həm də antivirus hazırlayırlar. Bu hal bazarda dairəvi dönüb durur. Hesab edirəm ki, belə vəziyyətdə dövlət qurumları təhlükəsizlik işlərinə peşəkarları dəvət etməlidirlər. Bəlkə bu zaman dövlət qurumlarının sistem təhlükəsizliyinin, informasiyalarının qorunması maksimum təşkil oluna bilər.
Şəymən