" “Öz uşağıdır, özü bilər” yanaşması səhvdir" - Uşaqları qoruyun !

Günel Səfərova: "Valideynlərin “uşaq mənim əmlakımdır” yanaşmasını dəyişmək üçün uzunmüddətli iş aparmaq lazımdır"
"Azyaşlı uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması illərdir müzakirə olunur”.
Bunu "Sherg.az”a mətbuatda və sosial şəbəkələrdə yayılan övladlarını vəhşicəsinə döyən ananın görüntüləri haqqında danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova söyləyib. 
O qeyd edib ki, uşağa qarşı şiddət hər yerdə var:
"Uşaqların zorakılığa məruz qalması ilə mübarizə aparmaq, onlara psixoloji dəstək vermək üçün "qaynar xətt” yaradılıb. Lakin körpə, azyaşlı uşaqların bu "qaynar xət”lərdən istifadə imkanları məhduddur. Bina evində hadisə baş veribsə, sözsüz ki, uşağın ağlamasını, şiddətə məruz qalmasını qonşular eşidə bilər. Həmçinin ailə ilə əlaqəsi olan qohumlar, yaxınlar məşğul ola bilər. Şiddətə məruz qalan körpələrin belə imkanları olmadığı halda isə sosial təşkilatlar məşğul olmalıdır. Konkret olaraq, sosial işçilər fəaliyyət göstərməli, ailələrə baş çəkib, uşaqların vəziyyətini qiymətləndirməlidir. Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbə fəaliyyət göstərir. Eyni zamanda qəyyumluq, himayəçilik komissiyası var. Amma yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbədə sosial işçilər yoxdur. Çox az rayonlarda sosial işçilər fəaliyyət göstərir.
Əslində şiddət bütün dünyada var. Lakin bunu bəhanə edib, heç bir iş görməmək də düzgün deyil. Bu məsələdə fərqli nə isə fikirləşib, tapmağa ehtiyac yoxdur. Digər təcrübələrdən həmin sosial işçi modelini sadəcə icra hakimiyyətlərində tətbiq etmək lazımdır. Məsələn, Binəqədi rayonunu götürək. Burada əhalinin sayı bilinir, hansı ailələrdə, neçə uşaq var müəyyən olunur. Həmin uşaqlarla rayonlar üzrə işlər aparılır, sorğu keçirilir, məktəblərdə maraqlanırlar. Körpələrlə müvafiq poliklinikalarda bu proses aparıla bilər".
Sovet dövründə poliklinikalarda xüsusi sahə həkimlərinin olduğunu deyən G.Səfərova vurğulayıb ki, həmin həkimlər bir ailəyə ən azı ayda bir dəfə baş çəkirdilər: 
"Uşaq poliklinikaya gətirilmədiyi halda sahə həkimi həmin ərazilərdə uşaqlarla iş aparırdı. Sosial işçi modelini də bu şəkildə, paralel olaraq təşkil etsək, problem həll olunacaq. Həkimlər və sosial işçilər uşaqlarla maraqlanıb, onların şiddətə məruz qalıb-qalmadığını, fiziki inkişafını, psixoloji durumunu yoxlaya bilərlər. Bu bahalı model də deyil. Bir neçə sosial işçini götürüb, dövlətin balansında olan, əhali ilə işləyən qurumda çalışdırmaq lazımdır”.
Cəmiyyətin özünün belə məsələlərə biganə qaldığını diqqətə çardıran müsahibimiz  hesab edir ki, insanlar övladını döyən valideynlərə "öz uşağıdır özü bilər” prinsipi ilə yanaşır:
"Məsələn, mən özüm də ətrafımda, küçədə, məktəbdə valideynləri tərəfindən şiddət görən uşaqları qorumaq üçün müdaxilə edirəm. Amma hadisəni törədənin deyil, digər insanların mənə qarşı mövqeyi "sənin nə işinə qalıb, özü bilər” şəklində olur. Valideynlərin "uşaq mənim əmlakımdır” yanaşmasını dəyişmək üçün uzunmüddətli iş aparmaq lazımdır.
Hamı valideyn olmaq məcburiyyətində deyil. Çünki bəzi insanlar dünyaya uşaq gətirməməlidir. Onun məsuliyyətini dərk etmirlər, saxlaya bilmirlər, psixoloji, fiziki durumu barədə fikir sahibi deyillər.
Ailələr texniki qurulur və həmən uşaq dünyaya gəlməsi gözlənilir. Övladlarını uşaq müəssisələrinə atan, onlarla maraqlanmayan valideynlər də var. Demək ki, onlarda valideyn hissi yoxdur.
Çoxuşaqlı ailələrə mütləq nəzarət lazımdır. Çünki uşaqların çoxu planlaşdırılmadan dünyaya gəlir. Sonradan onların çoxu normal böyümür, təhsil, səhiyyə, ictimai hüquqları təmin olunmur. Bu da haqlı olaraq qınağa tuş gəlir. Sovet dövründə çoxuşaqlı ailələr var idi. Lakin indi həmin zaman deyil. O vaxtkı sosial ab-hava yoxdur. Dövlət tərəfindən eyni sosial paketlər təmin olunmur.
Zorakılıqla bağlı hər yerdə nəzarət lazımdır. Tək ailədə deyil, icmada da zorakılıq baş verir. Fiziki olmur, sözlə, psixoloji, iqtisadi zorakılıq göstərilir. Elə ailələr var ki, övladını məktəbə getməyə qoymur. Bütün bu problemlərin köklü həlli ailə sosial işçilərinin fəaliyyətə başlaması ilə təmin edilər”.
Bu məsələdə xarici ölkələrin təcrübəsini xatırladan təşkilat sədri  əlavə edib ki, hətta qonşu ölkələrdə belə bu sosial model mövcuddur:
"Həmin ölkələrdə də zorakılıq baş verir. Lakin bu aşkarlanır, həlli istiqamətində iş aparılır. Düzdür, onlarda da sosial şəbəkələrə, mətbuata bu zorakılıq faktları çıxarılır. Amma sosial işçilər bunu tezliklə aşkarlayıb, hansısa addımlar atır.
Təşkilat olaraq regionlarda və paytaxtda belə məsələlərlə bağlı işlər görürük. O qədər gizlin zorakılıq faktları var ki, heç biri qeydə alınmır. Zorakılığa məruz qalan uşaqların səsi də çıxmır. Nə həmin mühitdə, nə ailədə, nə də ətrafda bu haqda danışılır. Amma hamı bilir ki, orada zorakılıq faktı var.
Hər evə video kamera qoya bilmərik. Bu hadisələri aşkarlamaq üçün dövlət səviyyəsində ailə sosial işçiləri prosesə cəlb olunmalıdır. Başqa yolu yoxdur”.
Qeyd edək ki, uşaqlarını döyən ana açıqlamasında "Ərim məni çox döyürdü. Məni bu cür hərəkətlər etməyə məcbur edirdilər. Çox şeyi efirdə deyə bilmirəm”, – sözlərini söyləyib.
Aysel Aslan