Özbaşınalıq bitmir ki, bitmir

Sürücülər yenə də sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsinə sürür



Sərnişinli avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olmaları adi hal alıb. Halbuki, avtobusun salonunda sərnişin varsa, sürücünün yanacaqdoldurma məntəqəsinə daxil olması qanunla qadağandır. Amma qanuna məhəl qoyan kimdir?! Sürücülər yolüstü "benzokalon”a baş vurub bakları doldurmağı üstün tuturlar. İrad bildirildisə vaxt azlığından şikayətlənir, dəqiqə, saniyə söhbəti aparırlar.

Bu barədə dünən ANS PRESS də yazıb. Saytın məlumatına görə, bununla bağlı "Qaynar xətt”ə çoxlu sayda şikayətlər daxil olur. Sərnişinlər etiraz etsələr də, sürücü bunu vecinə almır. Avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması barədə sərnişinlərə xəbərdarlıq da edilmir.

Problemlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücülərin bu hərəkəti İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Qurum rəsmisi əlavə edib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var.

DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirib ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: "Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə, neçə ailədə göz yaşları axacaq”.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə öz açıqlamasında avtobusların sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmələri barədə onlara da şikayətlərin daxil olduğunu deyib: "Bununla əsasən sahibkar mübarizə aparmalıdır. Çünki avtobus xətlərini işlədən sahibkarlar birbaşa məsuliyyət daşıyır. Belə hallara yol verdiyinə görə bir neçə sərnişin avtobusunun sürücüsü ciddi şəkildə cəzalandırılıb. Sahibkarlara da xəbərdarlıq edilib. Görünür, bu tədbirlər kifayət etmir. Əslində bununla vətəndaşların özləri də mübarizə aparmalıdır. Burada yanacaqdoldurma məntəqələrinin rəhbərliyi də böyük məsuliyyət daşıyır. Onlar xüsusi tapşırıqlar verməlidir və bu sahəyə güclü nəzarət olmalıdır. Biz də bu sahədə nəzarəti gücləndirmişik. Belə faktlar aşkarlanarsa, qanun pozanlar ciddi şəkildə cəzalandırılacaq”.

Ekspertlərsə sərnişin avtobusu sürücülərinin bu qanunsuz əməllərinin qarşısının alınmasının çox asan olduğu qənaətindədirlər. Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında sərnişinlərin həyatının real risk altında olduğunu dedi:

- Məlumdur ki, avtobusun salonunda sərnişin varsa, hətta bir nəfərdirsə belə, sürücünün avtobusu yanacaqdoldurma məntəqəsinə sürməsi və yanacaq doldurması qanunla qadağandır. İnzibati Xətalar Məcəlləsində də bu, əksini tapıb. Amma sürücülər vaxta "qənaət” edib, yolüstü yanacaqdoldurma məntəqəsinə sürürlər. Bəzən sərnişinlərdən etiraz edənlər də olur, amma onlar buna məhəl qoymur. Təbii ki, içi sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə sürülməsi real təhlükədir. Hər hadisə baş verə bilər. Partlayış, yanğın olar. Avtobusun qapıları bağlanar, Allah göstərməsin, sərnişinlər içəridə qalar. Sürücülər bunu dərk etməlidirlər. Hadisə bir dəfə baş verir. Arxayın olmaq ki, həmişə belə edirəm, heç nə olmur, bu dəfə də olmayacaq, cahillikdir. İnsanların həyatını riskə atmaq cinayətdir. Amma bunun həll yolu çox sadədir. Birincisi, yanacaqdoldurma məntəqələrinə sərnişinli avtobuslara xidmət göstərmələri qadağan edilməlidir. Onlara bu barədə Nəqliyyat Nazirliyinin xüsusi göstərişi təqdim olunmalıdır. Qanuna riayət etməyənlərsə ciddi cəzalanmalı, sürücülük vəsiqələri alınmalı və onların ictimai nəqliyyat sahəsində çalışmaları qadağan edilməlidir. Cəzalar sərtləşsə, yaxşıdır. Yoxsa, protokol tərtib etmək, cərimələrlə əhlikef sürücülərin qarşısını almaq mümkün olmayacaq. İkinci tərəfdən, indi hər yerdə müşahidə kameraları var. O cümlədən də yanacaqdoldurma məntəqələrində. Yanacaqdoldurma məntəqəsinə daxil olan bütün avtomobillər kameraların yaddaşına düşür. Müşahidə kameralarının köməyi ilə qanunu pozan sürücüləri müəyyənləşdirib məsuliyyətə cəlb etmək asan bir işdir. Avtobus sürücüləri bu qanun pozuntusuna tez-tez yol verirlər. Ötən il Dövlət Yol Polisi sərnişinli avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olduğuna görə, 31 sürücü barəsində protokol tərtib edildiyini bildirmişdi. Amma görünür, protokol tərtib etməkdə, problem çözüləsi deyil.

Ə.Hüseynov qeyd etdi ki, avtobuslar xəttə buraxılarkən benzin çənlərini doldurmalıdırlar. Avtobus parkının rəhbərliyi buna nəzarət etməlidir ki, sərnişin avtobusu saz vəziyyətdə xəttə çıxsın. Sürücü yolun yarısında yanacaqdoldurma məntəqəsi axtarmamalıdır. Təəssüf ki, çox zaman sərnişin avtobuslarının şəxsi evlərin qapısı ağzında dayandığını görürük. Sürücü səhər tezdən xəttə çıxacaq deyə avtomobili parka aparmır, evinin qarşısında saxlayır. Belədə təbii ki, avtobus zəruri texniki baxışdan da keçmir. Nasaz vəziyyətdə səhər yenidən xəttə çıxır. Çox zaman avtobuslar yarı yolda xarab olur, hərəkət edə bilmir. Sərnişinlərin narazılığı da belə yaranır. Yol polisləri də məsuliyyət daşıyırlar. Yol polisi belə halları müşahidə etdikdə dərhal müdaxilə etməli və avtobusu yanacaqdoldurma məntəqəsi ərazisindən kənarlaşdırmalıdırlar. Sərnişinlər də gərək kəskin etiraz etsin. Və avtobusu tərk etsinlər.

Ə.Hüseynov ictimai nəqliyyatda qaz balonları ilə işləyəcək avtobusların xəttə buraxılması məsələsinə də toxundu:

- Belə fikir var ki, məsrəfləri azaltmaq üçün qazla işləyən avtobuslar xəttə buraxılsın. Bunun özü də təhlükəlidir. Təsəvvür edin ki, sürücü sərnişinlə dolu avtobusla qaz vurduracaq. Burada böyük peşəkarlıq və məsuliyyət tələb olunur.

Məlahət Rzayeva