Ancaq onların bağlanmasına və birləşdirilməsinə dövlətin müdaxiləsi yolverilməzdir
İmtahanların ödənişli olması ali məktəbə sənəd verən abituriyentlərin sayında kəskin azalmalarla müşahidə olunur. Bunu təkcə ekspertlər demir, Dövlət İmtahan Mərkəzi də etiraf edir.
Ötən sayımızda imtahanların ödənişli olması ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, imtahanda müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir:
"Qiymət artımının ilk zərbəsini yalnız tələbənin təhsil haqqı ilə maliyyələşən özəl universitetlər alacaq. Çünki imtahanda iştirak edən şəxslərin sayı azalanda plan yerləri boş qalır. Milli mentalitet xüsusiyyətimiz olaraq müsabiqə şərtlərini ödəyən abituriyentlər ilk növbədə seçimi dövlət universitetlərinə edəcəklər. Ona görə də, bu il özəl ali məktəblərdə ciddi şəkildə plan yerləri boş qalacaq ki, bu da onların fəaliyyətinə ciddi təsir göstərəcək”.
Onsuz da təhsil haqqının baha olması səbəbindən son illər özəl ali təhsil müəssisələrinə maraq azalmışdı. Ötən ilin statistikası da göstərdi ki, ali məktəblərə plan yerləri boş qalan xeyli özəl təhsil müəssisələri var. Görəsən, doğrudan da imtahanların ödənişli olması özəl universitetlərin bağlanması və ya birləşdirilməsi məsələsini şərtləndirə bilər?
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə hesab edir ki, tələbələrin sayının azalması səbəbindən özəl universitetlərin birləşdirilməsi kimi iddialar məntiqəuyğun deyil:
"Özəl universitetlər şəxsi müəssisələr olduğu üçün onların birləşdirilməsinə dövlətin müdaxiləsi yolverilməzdir. Bunu ancaq müəssisə rəhbərləri öz aralarında razılaşıb qərar verə bilərlər”.
Professorun sözlərinə görə, imtahanların ödənişli olması məsələsi yer seçimi zamanı özəl universitetlərə təsir edəcək. Amma bu, onlar üçün elə də böyük problem səviyyəsində olmayacaq:
"İmtahanda müsabiqə şərtlərini ödəyən abituriyentlərin əksəriyyəti dövlət universitetlərini seçsələr, bu, özəl universitetlərə maliyyə baxımından təsir edəcək. Ancaq bu səbəbdən universitetlərin bağlanma təhlükəsi ilə üzləşəcəyini sanmıram. Mənim qənaətimə görə, imtahanların ödənişli olması oxumaq istəyən abituriyentlər üçün daha böyük təhlükədir. Bu, oxumaq istəyən, amma maddi imkanı olmayan uşaqların təhsildən uzaqlaşmasına gətirib çıxaracaq. Mən hələ imtahanların ödənişli olması məsələsi müzakirə olunan zaman demişdim ki, qiymətlər qalxdığı üçün imtahanlara müraciət edən abituriyentlər arasında azalmalar müşahidə olunacaq. Elə də oldu. Bir ailənin vəziyyəti ağır və ya çətin olduğu zaman abituriyentin imtahanda iştirakı mümkün olmayacaq. Hətta həmin şəxs istedadlı olsa belə. Bu da maneələr, təhsili yarıda qoymaq deməkdir”.
Şəymən