Özümüzü aldatmayaq: Avstriya Qarabağ münaqişəsinin həllində aktiv rol oynaya bilməz





"Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə hazırdır”.

Bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts "Armenpress”ə müsahibəsində bildirib. Nazir bəyan edib ki, Avstriya ATƏT-in Minsk Qrupunun üzvü deyil, lakin Minsk prosesini dəstəkləmək üçün əlindən gələni edə bilərlər: "Şübhəsiz ki, münaqişənin hərbi yolu yoxdur. Tərəflər maksimum şəkildə əməkdaşlığa və danışıqlara cəlb edilməlidir. Münaqişənin yenidən alovlanması təhlükəli ola bilər. Moskvadan Vaşinqtona qədər beynəlxalq ictimaiyyət bunun tərəfdarı deyil. Danışıqlar masasında xeyli təkliflər var”. 
Məlumat üçün deyək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək. Sebastyan Kurtsun təşəbbüsünü "Şərq”ə şərh edən politoloq Natiq Miri deyib ki, Avstriya Dağlıq Qarabağ münaqişəsinin həll prosesində aktiv olmayan ölkələr sırasındadır: 
"Avstriya Avropa Birliyində təmsil olunan inkişaf etmiş bir ölkə olsa da, Azərbaycana və Ermənistana təsir imkanları yoxdur. Bu baxımdan Avstriyanın ATƏT-ə müvəqqəti sədrlik etməsi də münaqişənin həllinə müsbət çalar qatmır. Çünki Avstriya rotasiya qaydasına uyğun olaraq formal şəkildə təşkilata sədrlik edəcək. Biz bunu Almaniyanın praktikasında gördük. Avropanın ən güclü və həlledici ölkələrindən biri olan Almaniya ATƏT-in müvəqqəti sədrliyinə gəldiyi zaman bir çox ekspertlər nikbin düşünürdülər. Onlar hesab edirdilər ki, Almaniya həm Avropaya, həm Rusiyaya, həm də Cənubi Qafqaza təsir imkanları olan bir ölkədir. Ancaq gördüyünüz kimi, münaqişə "aprel döyüşlərindən” sonra intensiv olaraq dünya gündəminə gətirilsə də, tərəflər iki dəfə görüş keçirsə də, problemin həlli yolunda müsbət heç bir addım atılmadı. İndiki məqamda isə münaqişə dünya gücləri üçün prioritet deyil. O baxımdan Avstriyanın məsələdə aktiv olması heç nəyi dəyişmir. Gəlin, özümüzü aldatmayaq. Nazirin açıqlaması protokol xatirinə deyilmiş sözlərdir. Əslində Avstriya rəsmisindən bu cür şablon ifadələrin əvəzinə, işğalçı Ermənistanın torpaqlarımızdan çıxması yönündə bir çağırış gözləyirik”.

İsmayıl