İnsanlar özlərini ifadə edə bilməyəndə xəstəliyə tutulurlarOna görə “zerkalni” maşın, mobil nömrəsi almağa can atırlar
Son zamanlar cəmiyyətimizə ciddi şəkildə nüfuz etmiş "zerkalni” mobil nömrə xəstəliyi getdikcə geniş vüsət alır. Doğrudur, bu tendensiyanın qarşısının alınması yönündə deputat, yazıçı, psixoloq və sosioloqlar səviyyəsində müxtəlif çağırışlar səsləndirilib. Lakin iradlardan heç bir nəticə çıxarılmayıb. Əksinə, bu cür nömrələrə olan maraq daha da artıb. Fürsəti əldən verməyən mobil şirkətlər isə vəziyyətdən məharətlə istifadə etməyi bacarırlar. Yəni adi nömrələrlə eyni istehsal qiymətinə malik "prestij” nömrələri Azərbaycan insanına mayasından min dəfələrlə baha qiymətə satırlar.
Bu addıma görə ciddi qınağa tuş gəlsələr də, operatorlar bunu cəmiyyətin və insanların tələbatı ilə izah edirlər. Bildirirlər ki, Azərbaycan insanı hər hansı bir "zerkalni” nömrəyə 10 min manat təklif edirsə, şirkət nə etməlidir. Təbii ki, bu cavabdan sonra həmin mobil operatorları qınamaq tamamilə yersiz və mənasızdır. Ona görə ki, bu şəraiti mobil şirkət deyil, Azərbaycan insanı yaradıb. Əslində isə heç bir Avropa ölkəsində "zerkalni” mobil nömrə anlayışı yoxdur. Avropa məkanında belə nömrələri yalnız qədim peşə sahibləri işlədir ki, bu da onları daha əlçatan edir. Ölkəmizdə isə məlum hal sanki bir "rituala” çevrilib. Məsələn, bu günlərdə reklam saytı olan Tap.az-da fantastik qiymətə - 780 min manata "zerkalni” mobil telefon nömrəsinin satılmasına dair elan verilib. Elanda Sənan Qəribov adlı istifadəçi qeyd edib ki, 050-500-00-21 mobil telefon nömrəsini 780 666 manata satır. O bildirib ki, bu, nömrənin son qiymətidir.

Məsələni dəyərləndirən psixoloq Elnur Rüstəmov "Şərq”ə söyləyib ki, bu, ilk növbədə natamamlıq kompleksidir. Özlərini natamam hiss edənlər nəyləsə fərqlənmək istəyirlər: "Telefon və maşın nömrələrini bəzən ona görə "zerkalni” alırlar ki, həmin nömrəni görənlər onun sahibini dərhal tanısınlar. Elə insanlar var ki, "prestij” nömrələri sırf bu niyyətlə alır. Elələri də mövcuddur ki, sadəcə aludə olublar”.
Ekspertin sözlərinə görə, bəzən bir qrup maraqlı şəxs böyük məbləğdə pul qazanmaq üçün insanları tora salırlar: "Baxın, onlar yığışırlar və hansısa "zerkalni” nömrəyə fantastik qiymət qoyub, satışa çıxarırlar. Sonra həmin nömrəni qrup üzvlərindən birinə verirlər. Bunun da adını qoyurlar ki, filankəs bu nömrəni filan qiymətə aldı. Bu, əslində oyundur. Belə yollarla bəzilərini tələyə salırlar və maya dəyəri 2 manat olan nömrəni 60, 70 və 80 min manata satırlar. İnsanları tələyə çəkib, aldadırlar. Bir sözlə, müxtəlif vasitələrlə mədəni şəkildə cibə girirlər”.
Bu halın maşın nömrələrində də özünü göstərdiyini deyən E.Rüstəmovun qənaətincə, adamlar var ki, avtomobilinin nömrəsi maşının özündən bahadır: "Gedib, 10 min manat maşına verir, 15 min də nömrəyə. Bu hallar psixoloji problem olaraq natamamlıq hissi və özgüvənin əskikliyi kimi qiymətləndirilir”.
Psixoloq diqqətə çatdırıb ki, bəzi insanlar maşın, ev və mobil telefon nömrəsinin eyni olmasından zövq alır: "İnanın ki, buna xüsusi diqqət və önəm verilməsə, məsələ böyüməz. Sadəcə, fikir verməmək lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu, heç də sadə məsələ deyil: "Hər bir cəmiyyətdə ən qorxulu məsələ meşşanlığın yayılmasıdır. Kimsə düşünə bilər ki, "zerkalni” nömrənin nəyi təhlükəlidi? Baxın, maddiyyat mənəviyyatın önünə keçəndə, cəmiyyətdə kriminal hallar artır. Cəmiyyət özünü tənzimləyə bilmir. Amma hansı cəmiyyətdə ki, mənəvi dəyərlər öndə olur, orada cəmiyyət özünü daha yaxşı tənzimləyir. Özünü tərəqqiyə doğru apara bilir. O cəmiyyətlər inkişaf edir ki, orada insanlar "zerkalni” nömrəyə görə deyil, elmdəki, təhsildəki uğurlara görə yarışır. "Prestij” nömrəyə görə, özünü cəmiyyətdə fərqləndirmək istəyənlər qürrələnməsinlər. Bu çox eyib işdir. Mənəviyyatlı insanlar heç zaman deməz ki, 80 min manata 222 22 22 nömrə alıb işlədirəm. İslamda da göstərilir ki, var-dövlətini nümayiş etdirmək mənfi haldır. Biz də çalışmalıyıq ki, bu cür mənfi tendensiyaların qarşısını alaq”.
Azərbaycan-Avropa Hərəkatının prezidenti, "Ümid” Partiyasının sədr müavini Ramin Hacılı düşünür ki, Azərbaycanda fərdin özünü ifadə meydanlarında məhdudiyyətlər var. Ona görə də, insanlar "zerkalni” maşın və mobil telefon nömrələri ilə fərqlənmək istəyirlər: "Fransız və alman bu mərhələni keçib. Onların özlərini ifadə etmələri üçün kifayət qədər meydanları var. Yaxşı təhsil ala bilir, yaxşı əylənə bilir. Azad şəkildə bütün meydanlar açıqdı. Amma bizim insanlarımızda təqlidçilik var. Məsələn, bir xanım başqa bir xanımda qızıl-zinət əşyaları görən kimi istəyir ki, o da həmin qızıldan alsın. Təəssüf ki, cəmiyyətimiz bu mərhələni adlaya bilməyib”.
R.Hacılı düşünür ki, məsələ zamanla həll oluna bilər: "Bunun qarşısını almaq üçün çağırış azdır. İnsanlarda yaxşı əlamətlərə alışqanlıq yaratmaq lazımdır”.
Millət vəkili Zahid Oruc qeyd edib ki, bütün cəzibədarlıqlar və reklam işləri Qərb həyat tərzinin məhsuludur. Onların ixtirasıdır: "Avropalılar bunun üzərində uzun onillər boyu yaşayıblar və onu ixrac ediblər. Məncə, bu, keçici bir mərhələdir. İkili yanaşma mövcuddur. Bir qisim hesab edir ki, rəqəmlərin də fəlsəfəsi, ruhu var. Rəqəmlərin də elmi, təsir gücü, semantikası və düşərliliyi mövcuddur. Hüriflik - hərf və rəqəm elmi boşuna yaranmamışdı. Ona görə də kimsə bu düşüncədən irəli gələrək "zerkalni” nömrə işlədirsə, onları mühakimə etmək olmaz. İkinci istiqamətdə olanlar o şəxslərdir ki, onlar "prestij” nömrələrlə sadəcə özlərini göstərmək və natamamlıqlarını qapatmaq istəyirlər. Onlara elə gəlir ki, "zerkalni” nömrələrin daşıyıcılarıdırlarsa, başqalarından üstündürlər. Bir sözlə, birinci kateqoriyaya aid olanları normal sayıram. Lakin ikincilərin əleyhinəyəm. Bütün bunlara baxmayaraq Azərbaycan insanı haqqında mənfi qənaət hasil etməyin də tərəfində deyiləm”.
Tanınmış yazıçı Seyran Səxavətin fikrincə, bu, kifayət qədər ictimai sanbala malik və qəliz məsələdir: "Sən sual verirsən, mən də cavablandırıram. Oxucu da bunu "Şərq” qəzetində oxuyub, deyəcək ki, bunların işi-gücü qurtarıb, başqa problemləri yoxdur, gör nəylə məşğuldurlar. İnanın ki, ən böyük problemlərdən biri budur. Doğrudur, "zerkalni” nömrə zahirən ziyansız görünə bilər. Amma bunun fəlsəfəsinə və psixologiyasına varanda, şahidi olursan ki, həyat tərzimiz üçün çox zərərli elementdir”.
Zərərin mahiyyətinə gəlincə, yazar söyləyib ki, normal ölkələrdə pulu qazanmaq da, xərcləmək də çətindir: "Sözümün canı var. Bu ifadə havadan yaranmayıb. Biz pul xərcləyə bilmirik. Bizdə pul xərcləmək mədəniyyəti milli şüurun şkalasında hansı səviyyədədirsə, nömrə mədəniyyəti də ordadır. Pulla dünyəvi, müdrik və ağıllı rəftarı bacarmırıq. Pul xərcləməyi bacarmaq böyük mədəniyyət və zəngin dünyagörüşü tələb edir. Bu fikrim də "Şərq”in oxucularına gülməli gələ bilər və düşünə bilərlər ki, pul xərcləmək nə böyük işdi? Evdə ət və soğan yoxdursa, onu almaq lazımdır da. Amma belə deyil”.
S.Səxavətin qənaətincə, "zerkalni” nömrə "ənənəsinin” formalaşmasının başlıca səbəblərindən biri də pul xərcləməyi bacarmamağımızdır: "Pulu hara sərf edəcəyimizi bilmirik. Bu, pulun çoxluğundan deyil. Varlılarla yanaşı, orta və kasıb təbəqədə də belədir. Nömrə məsələsi ilə öz milli əxlaqımız, milli şüurumuz və milli mentalitetimizə nömrə gəlirik. Bütün dünya ölkələrini - Avropa və Amerikanı gəzmişəm. Belə şey heç bir ölkədə müşahidə etməmişəm. "Prestij” nömrələrə böyük miqdarda pul xərcləyənə Avropa və Amerika ölkələrində xalq dilində desək, ipləmə kimi baxırlar. Nə olsun ki, nömrən 555 55 55-dir. Bu sənin ağıl göstəricin deyil axı? Əslində çox dərin məsələdir. Deyilə bilər ki, qoy, Azərbaycanda əlli min adam "zerkalni” nömrə ilə maşın sürsün. Bunun nə ziyanı var ki? Öz puludu, xərcləyir. Lakin belə deyil. Fikir verin, Allah hər kəsin ziyarətini qəbul eləsin. Adam tanıyıram ki, 10 dəfədən çox Həccə gedib, gəlib. Halbuki, evindən 5 yüz metr o tərəfə maşından düşən kimi işsizlər adamın üstünə qaçır. Onları sevindirmək lazımdır. Məhz onlara yardım göstərilməlidir. Pul xərcləmək mədəniyyəti bax budur”.
Yazarın qənaətincə, dünyanı idarə edən nəhəng prezident puldur: "Dünyanı idarə etmək gücünə malik olan pulu hara yönəltməyi bilmirik. Mənim də maşınım var. Sadə nömrə ilə gəzirəm. Kimsə məni saxlayıb demir ki, niyə "zerkalni” nömrə taxmırsan. Heç ona həvəsim də yoxdur. Mobil nömrəm də sadədir”.
Həmsöhbətimiz belə məsələlərin cəmiyyətimizə ayaq açıb, kök atmasını təhsil və milli şüurla izah edib: "Xarici ölkələrdən baxanda bu nömrə məsələsi şəxsi keyfiyyətimizə çox pis görkəm verir. Belə fəsadların cəmiyyətimizdən silinib getməsi üçün çoxlu kitab oxumaq lazımdır. Milli şüurumuzun səviyyəsi yüksəlməlidir”.
Bununla yanaşı, cəmiyyətdəki digər problemlərə diqqət çəkən yazar hesab edir ki, son zamanlar ailələrdəki xoşagəlməz hallardan biri də uşaqların adlarının qafiyələnməsidir: "Elə ailə tanıyıram ki, 7-8 uşaq var. Hamısının adı qafiyələnib. Məsələn, başlayırlar Ələddin, Nurəddin, Elməddin, Sədrəddin, Saməddin və s. Nə olub, xeyirdimi?”.
Müsahibimizin sözlərinə görə, Avropa və digər ölkələrdə "zerkalni” nömrələrdən qədim peşə sahibləri istifadə edir: "Belə eşitmişəm ki, hansısa ölkədə üzdəniraqlar qeydiyyatdan keçəndə qeydiyyat nömrələri 333 olub. Həmin xəstəliyin ölkəmizdə peyda olmasını milli şüurla əlaqələndirirəm. Bunun adı milli pintilikdir. Milli pintilikdə isə milli şüurun səviyyəsi həddən çox aşağı olanda meydan oxuyur. Fazil bəyə yalnız onu deyə bilərəm ki, eşq olsun”.
Problemin ortadan qalxmasında ədəbiyyatın roluna gəlincə, S.Səxavət söyləyib ki, ədəbiyyat burda mütləq rol oynaya bilməz: "Ədəbiyyat tənqid edə bilər. İstehza ilə yanaşa bilər. Ədəbiyyatımız işini-gücünü buraxıb, bu yöndə əsərlərmi yazmalıdır? Məsələ çox qəlizdir”.
Cəmiyyətimizin kitabdan uzaq düşməsinə nəzər salan S.Səxavət bildirib ki, sovet dönəmində ən çox kitab oxuyan ölkələrdən biri də Azərbaycan idi: "İndi ölkəmizdə kitab oxuyanların faizi də milli şüurumuzun şkalası ilə eyni səviyyədə dayanıb. Kitab oxuyan yoxdur. Amma bu, o anlama gəlməli deyil ki, kitab oxuyan yoxdursa, yazarlar əsər yazmamalıdır. Bu gün oxuyan olmasa da, sabah olacaq. Yazıçı zamanında öz sözünü deməlidir. İndi eşidilməyən, sabah mütləq eşidiləcək. Bir gün bu xalq gedib, qulağını yuduzdurub, hər şeyi eşidəcək. Ya da ki, gözündəki "traxoma” xəstəliyi sağalacaq. Yəqin ki, oxumağa başlayacaqlar. "Oxumurlarsa, yazmaq lazım deyil” yanaşması çox əbləhanə məntiqdir. Şübhəsiz ki, problem nə ədəbiyyatın, nə də Milli Məclisin vasitəsilə düzələ bilər. Ancaq təhsillə əlaqədar olan məsələdir. Təhsil insanı yüksəldir. Təhsilli insanın dünyagörüşü zəngin olur. İntellektual adam anlayır ki, onun səviyyəsi nömrə ilə ölçülmür”.
Yazar onu da əlavə edib ki, "zerkalni” nömrə məsələsində harınlığın əlamətlərini görmək mümkündür: "Burda harınlıqdan, qudurğanlıqdan, özbaşınalıqdan gəlmə elementlər də mövcuddur. Belə getsə, xüsusilə çox pulu olub, xərcləməyi bacarmayanlar öz məşuqələrini "zerkalni” rəqəmlərlə nömrələyəcəklər. Məsələn, məşuqəsinin adını çəkməyəcək. Zəng edəcək ki, 555, dur gəl bura. Milli şüurun səviyyəsi yüksəlməlidir”.
Ayyət Əhməd