Papa yalan söyləyir...

Dünya papağını qabağına qoyub fikirləşir, nə dəyişəcək?



Roma Papası I Fransiskin 1915-ci ildə baş verən hadisələri "soyqırım” kimi təqdim etməsinə qarşı etirazlar səngimir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiski yanlış bəyanatları təkrarlamamağa çağırıb və işlətdiyi ifadəni kobud səhv adlandırıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Papaya ermənilərin yox, azərbaycanlıların soyqırıma məruz qalmalarını xatırladıb:

"1915-ci il hadisələrini Osmanlı dövlətində ermənilərə qarşı "soyqırım” kimi dəyərləndirən Roma Papası azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini unudub. Onun mövqeyi türk dünyası üçün qəbuledilməzdir”. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də Papanın ifadəsinə sərt reaksiya verib. Məclis sədri deyib ki, Roma Papasının "erməni soyqırımı” ilə bağlı çıxışı ədalətsiz, sülhə töhfə verməyən çıxışdır: "Bu mövzuya parlamentlərin alət olması da düzgün deyil. Müəyyən dini vəzifə tutan şəxslərin belə məsələdə mövqeyi tamamilə qəbuledilməzdir. Roma Papasının işlətdiyi ifadələr səhvdir. Fikrimcə, Papa Türkiyəyə qara yaxmaq üçün siyasi alət kimi istifadə edilir”. Bu arada türk xakerlər Vatikan Ruhani İdarəsinin saytını darmadağın ediblər.

Papanın həqiqi

siması meydana çıxdı

Türkiyə müxalifəti Papanın "soyqırım” ifadəsini sərt dillə qınayıb. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Papanı Türkiyəyə səfəri zamanı yalançı sülh mesajı verməkdə ittiham edib: "Papa Vatikanda keçirilən ayində, "XX əsrin ilk soyqırımı ermənilərə qarşı törədilib” - deyərək, səlibçi əməllərini yalanla sulayıb. 28-30 noyabr tarixlərdə ölkəmizi ziyarət edərkən yalan sülh mesajları verən Papanın həqiqi siması artıq meydandadır. Bosniya və Ruandada baş verənlərə kütləvi qırğın deyənlər 1915-ci il hadisələrinə "soyqırım” böhtanlarını layiq görür. Çox yazıq! Papa bilməlidir ki, soyqırım bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir və Allaha şükürlər olsun ki, şanlı tariximizdə bu iddialara dair kiçik də olsa bir iz yoxdur. İstər qəbul edilsin, istərsə də rədd edilsin, türk millətinin yolu əsla soyqırım ilə kəsişməyib, təmiz adı ardıcıl cinayətlərdə hallanmayıb”.

Fransiskin sözləri İtaliya

rəsmilərini qarşı-qarşıya qoyub

Papanın sərsəmləmələrinə qarşı Türkiyənin sərt mövqe nümayiş etdirməsinə İtaliya da münasibət bildirib. İtaliyanın Avropa işləri üzrə dövlət katibi Sandro Gozi Roma Papasının uydurma erməni soyqırımını tanımağa yönəlik açıqlamasını tənqid edib. O qeyd edib ki, hökumət "soyqırım” kəlməsindən istifadə etməməlidir: "Bu, hökumətlərin yox, tarixçilərin işidir”. İtaliyanın xarici işlər naziri Paolo Gentiloni isə əksinə, Türkiyənin atdığı addımların düzgün olmadığını söyləyib: "15 il bundan əvvəl Papa II İohann Pavel da buna bənzər açıqlama verib. Türklərin sərt açıqlaması haqlı görünmür”. İspaniyanın Barselona şəhərində qatıldığı bir yığıncaqdan sonra jurnalistlərə açıqlama verən nazir ruhani liderin haqlı qərar verdiyini söyləyib: "İtaliya hər zaman 100 il əvvəl şiddətə məruz qalan və acı çəkən erməni xalqı və hökumətinə qarşı həmrəyliyini ifadə edib. "Soyqırım” ilə əlaqədar olaraq isə hər zaman İtaliyanın dostları olan Ermənistan və Türkiyəni dialoqa dəvət edirik”. Lakin İtaliya rəsmisi, Papadan fərqli olaraq, baş verənləri "soyqırım” kimi qələmə verməkdən vaz keçib.

Vatikan liderinin açıqlaması millətlərarası nifaqı qızışdırır

Roma Papasının xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri "soyqırım” kimi qələmə verməsinə qarşı beynəlxalq təpkilər də durmadan artır. BMT baş katibinin mətbuat sözçüsü Stefan Düjarrik qondarma erməni soyqırımı iddiaları barədə danışarkən "faciəvi hadisə” və "qətliam” deyib. Papanın erməni iddialarını şərh etməsi barədə suala cavab verən S.Düjarrik 1915-ci ildə baş vermiş hadisələri yad edəcəklərini bildirib.

Qərb dövlətlərindən ən obyektiv mövqe Almaniyadan gəlib. Dövlət katibinin müşaviri Kristiane Virtz deyib ki, Almaniya hökuməti 1915-ci il hadisələrinin mütəxəssislər və tarixçilər tərəfindən qiymətləndirilməsini daha məqsədəuyğun sayır. Virtz 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarına aid suala belə cavab verib: "Soyqırım iddiaları mütəxəssislər və tarixçilər tərəfindən qiymətləndirilməlidir”. Xarici İşlər Nazirliyinin katibi Martin Şafer isə türklərin və ermənilərin bu problemi birlikdə həll etmələrinin vacibliyini vurğulayıb.

Qətliamlarda birbaşa iştirak edən Vatikanın Türkiyəni "soyqırımda” ittiham etməsi mənəviyyatsızlıqdır

1915-ci il hadisələri Türkiyədə olduğu kimi, Azərbaycanda da həssas mövzudur. Ona görə Papanın "soyqırım” sözünü dilə gətirməsi Azərbaycan ictimaiyyətində də kəskin reaksiya doğurub. Fransiskin açıqlamasına bir sıra politoloqlar özünəməxsus münasibət bildiriblər. "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, tarixdə insanlığa qarşı törədilmiş cinayətlərin azı ikisində (İnkvizisiya və Holokost) bilavasitə iştirakı olan Vatikanın həmin cinayətlərin qurbanlarını xilas edən Türkiyəni soyqırımda qınaması mənəviyyatsızlıqdır: "Fransanı su yoluna döndərdilər, Luvrdan tutmuş bu ölkənin şəhərlərinədək ətək-ətək pullar ayırdılar. Sonda da Fransa Senatı "erməni soyqırımının” inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul elədi. Vatikanın muzeylərinə, kilsələrinə pullar ayırdılar. İndi də təzəcə görüşüb gəldikləri Papa "erməni soyqırımı 20-ci əsrin ilk soyqırımıdır” dedi. Çox güman ki, bu gedişlə "erməni soyqırımını” növbəti tanıyan Səudiyyə kralı olacaq”.

Vatikanın gözündə İstanbul hələ də Konstantinopoldur

Gənc siyasətçi Erkin Qədirli isə bildirib ki, Roma Katolik Kilsəsi ermənilərdən zamanında çox istifadə edib: "Vatikanın Bizans İmperatorluğuna qarşı geosiyasi müharibəsində dinin böyük rolu olub. Ermənilərin də Ortodoksun bir qolu (Qriqorian) olduğunu, amma Bizansa tabe olmadığını bilən Roma Katolik Kilsəsi, "Konstantinopolun” ideoloji hakimiyyətinə qarşı ermənilərdən daim istifadə edib. İstər maddi, istər təşkilati, istərsə də başqa yardımlar göstərib. Vatikan "Konstantinopola” tabe olmaq istəməyən, amma qriqorian da olmayan ortodoksları Erməni Kilsəsinə tabe olmağa sövq edib. Yəni onların arasında tarixi və dini bağ var. Ona görə də Papanın "soyqırım” sözünü işlətməsi təəccüblü qarşılanmamalıdır”.

Politoloq hesab edir ki, bu məsələdə Azərbaycan Türkiyədən fərqli olaraq daha ehtiyatlı olmalıdır. Çünki bu işlərin bizə də çox mənfi təsiri var: "Türkiyə üçün ermənilərin kampaniyasının tarixi, akademik əhəmiyyəti var. Bu əsasda onlara heç kim bata bilməyəcək. Azərbaycanı gözləyən təhlükə isə odur ki, ermənilərin könlünü məhz Azərbaycanın hesabına ala bilərlər”. E.Qədirli fikrini əsaslandırmaq üçün SSRİ vaxtı Sumqayıt hadisələri ilə bağlı Ermənistanın apardığı siyasəti misal gətirir və xatırladır ki, Moskvanın diqqətini Qarabağa çəkmək üçün ermənilər Sumqayıt hadisələrinin də "soyqırım” kimi tanınmasına çalışırdılar. Fikir verirsizsə, Papa digər soyqırımlara da toxunduğu halda Xocalı haqqında heç nə demədi”.

İsmayıl