Fransanın həmsədrlikdən çıxarılmasının vaxtıdır
Bu günlərdə Azərbaycan Fransaya nota verib. Buna işğal edilmiş ərazilərimizdə yaradılan qondarma Dağlıq Qarabağ Respublikası nümayəndələrinin Fransaya səfəri səbəb olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Azərbaycan XİN-ə çağırılıb. Və nazirin müavini Xələf Xələfov tərəfindən səfirə etiraz notası təqdim edilib: "X.Xələfov bu kimi faktların Azərbaycanla Fransa arasında inkişaf etməkdə olan tərəfdaşlıq münasibətlərinin ruhuna və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyini qeyd edib. P.Mönye isə təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib”.
Fransanın addımını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, rəsmi Paris bütün sərhədləri aşıb. Ekspertin qənaətincə, Fransa ermənipərəst dövlət olduğunu əyani şəkildə ortaya qoyub: "Baxın, öncə bu ölkənin başçısı Fransua Olland saxta erməni soyqırımının yüzilliyi ilə bağlı keçirilən tədbirə qatılmaq üçün Ermənistana səfər etdi. Daha sonra fransalı deputatlar qondarma rejimin seçkilərində müşahidəçi qismində iştirak etdilər. İndi isə Fransa qondarma respublikanın nümayəndələrini böyük təntənə ilə qəbul edib. Əlbəttə, Parisin addımını Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bağlayır. Fransa yeganə ölkədir ki, qondarma respublikanın rəsmi nümayəndəliyini açıb. Paris saxta respublikanın "de-yure” tanınması istiqamətində lazım olan bütün diplomatik addımları atıb”.
Politoloq hesab edir ki, bölgəyə barış gətirməli olan Fransa status-kvonun hüquqiləşdirilməsinə çalışır: "Azərbaycan Fransaya adekvat cavablar qaytarmalıdır. Güman edirəm ki, Fransanı hansısa bir formada cəzalandırmaq lazımdır. Onlara təsir göstərilməyəcəyi halda, ölkəmizə qarşı təxribat xarakterli oyunlarından əl çəkməyəcəklər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Fransanın həmsədrlikdən çıxarılmasını gündəmə gətirməyin vaxtıdır: "Belə həmsədr ola bilməz axı. Dovşana qaç, tazıya da tut deyir. Belə bir dövlət heç "uf” demədən xəncəri Azərbaycanın kürəyinə saplayar. Bu səbəbdən zənn edirəm ki, Parisə adekvat cavab verilməlidir”.
Ayyət Əhməd