Parisdə Qarabağ danışıqları başlayır

Elmar Məmmədyarov: “Qarabağın həlli zamanı artıq yetişib”



Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reynders regional səfəri çərçivəsində Azərbaycanda rəsmi səfərdədir.

XİN-dən bildirilib ki, xarici işlər naziri Elmar Məmmədyarov və Didiye Reynders ötən gün birgə mətbuat konfransı keçiriblər.

Azərbaycanın XİN rəhbəri deyib ki, biz bir sıra məsələlər, həmçinin regional məsələlərə toxunmuşuq. Həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə ilə bağlı Azərbaycanın mövqeyi və münaqişənin həllinə dair danışıqların son statusu barədə tam şəkildə məlumatlandırmışam.

O bildirib ki, aprelin 30-da və mayın 1-də həmsədrlərlə görüşmək məqsədilə Parisə səfər etməyi planlaşdırır. "Biz inanırıq ki, münaqişə ilə bağlı irəliləyişə nail olunmasının zamanı çatıb.”

Nazir jurnalistlərin "bu həftə həmsədrlərlə görüşünüz, həmsədrlərin regiona səfəri və prezidentlərlə görüşü barədə məlumat verərsinizmi” sualına cavabında deyib: "Biz gərək fikirləşək, ilk növbədə, münaqişənin gedişatında necə irəliləyişə nail olaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın prezidenti də deyib, amerikalılar da çox güman ki, onlarla eyni fikirdədirlər. Belçika xarici işlər naziri də onu qeyd edib ki, bu məsələnin həlli zamanı artıq yetişib. Bunun üçün birmənalı olaraq, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır və bu da öz növbəsində sonrakı addımların yerinə yetirilməsinə imkanlar açacaq.”

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyanla Parisdə bir araya gələcək.
Bu barədə diplomat özünün twitter səhifəsindəki mikrobloqunda yazıb. "Qarabağ konfliktinin nizamlanması istiqamətində addımların müzakirəsi üçün Parisdə bu gün və sabah Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəyəm.”
Ermənistan XİN-in başçısı artıq Fransa paytaxtındadır.