Parisdə "sarı jiletlilər"in növbəti aksiyasında 30 nəfər saxlanılıb




Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "sarı jiletlilər"in aksiyasında 30 nəfər saxlanılıb.

Bu barədə "Report" BFMTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, fəalların 3-ü həbs edilib. Telekanalın məlumatına görə, mitinqdə 800-ə yaxın insan iştirak edib. Aksiyaçıların böyük hissəsi turist zonası olan Monmartr şəhərindəki Sakre-Ker kilsəsinin yaxınlığında toplaşıblar.

Polisdən bildirilib ki, onlar daha izdihamlı aksiyanın Versalda keçiriləcəyini gözləyib. Lakin bunun etirazçıların manevri olduğu üzə çıxıb.

Qeyd edək ki, bu gün Fransada "sarı jiletlilər"in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub.

Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.