Parketmənin qiyməti tənzimlənir? -EKSPERT




Parketmə haqqında ümumi qaydalar qanunvericiliklə tənzimlənməlidir.

Bu Sherg.az-a millət vəkili Çingiz Qənizadənin parketmə qiymətlərinə etiraz etməsinə münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspert parlamentarilərin, o cümlədən bütün sakinlərin parketmə problemlərindən və qiymətlərdən şikayətlənməsini haqlı sayıb: 

"Bakıda son zamanlar şəxsi nəqliyyat vasitələrinin çoxalması onların saxlanması məsələsində problemləri də artırıb. Parketmə qiymətlərinin yüksək olması ilə bərabər park edilərkən tıxacların yaranması ciddi etiraz doğurur. Bu narazılıqların qaynağı odur ki, parketmənin hüquqi statusu barədə tənzimləmələr konkretləşdirilməyib. Bəzi yerlərdə parketmə əraziləri yaradılıb, ödənişli yeraltı dayanacaqlar fəaliyyət göstərir. Həmin yerlərin qiymətlərini Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edir. Lakin bu hüquqi qaydada müəyyən edilməli və ciddi tədbirlər həyata keçirilməlidir. Dəqiqləşdiriləcək qaydalarda saxlama müddəti, güzəştlər və qrafiklər haqqında müəyyən paketlər hazırlanmalıdır”.

Qeyd edək ki, Milli məclisin deputatı Çingiz Qənizadə parkinqlərin qiymətlərindən və sürücülərin məhsuliyyətsizliyində şikayətlənib. Millət vəkili deyib ki, 6 saatdan artıq müddətə maşın saxlamaq çox baha olduğundan, maaşımızın dörddə bir hissəsini maşının park edilməsinə veririk.

Aysel Aslan