
Parlamentdə Qarabağ dinləmələri keçirildi
“Ermənistan vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil”

Dünən Milli Məclisdə "Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələr keçirilib. Dinləmələrdə parlament rəhbərliyi, deputatlar, Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.
Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı: "Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər”.
"Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb”
B.Muradova qeyd edib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir: "Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat hər kəsə məlumdur. 2014-cü ildən bu yana Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata çəkmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə mədəni abidələr məhv edilir, "Dağlıq Qarabağ Respublikası”nın tanıtdırılması istiqamətində səylər göstərilir. Aprel ayının 2-dən başlayan son hadisələr, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi. Azərbaycan ordusunun bölmələri bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı. Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb. Dağlıq Qarabağda artıq əhali arasında münaqişənin lazım olmadığı haqda fikirlər səslənir. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil”. B.Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb: "Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq”.
Xələf Xələfov: "Bəzi məqamları ilk dəfə açıqlayacağam”
"Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib”. Bu sözləri isə dinləmə zamanı Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur: "Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Mən 1992-ci ildə Helsinkidə qəbul olunmuş siyasi formatın yaradılmasına dair qərar barədə danışmaq istəyirəm. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var. Mən bəzi məqamları da ilk dəfə açıqlayacağam. Çox təəssüf ki, Helsinkidə qərar qəbul edilən zaman bunu Dağlıq Qarabağ münaqişəsi adlandırdılar. Bu, ikili standart idi. Azərbaycan hakimiyyəti o dövrdə bunun qarşısını ala bilmədi. Əslində bu, Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir, bunun kökündə də Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğalı dayanır. Ermənistanın müstəqillik aktında da Dağlıq Qarabağın Ermənistana birləşməsinə istinad etmişdilər. Ermənistan dövlət kimi Qarabağa ərazi iddialarını ilk mərhələdə irəli sürmüşdü”.
"Minsk Qrupu bu prosesi aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb”
X.Xələfov qeyd edib ki, 24 ildir ATƏT-in Minsk Qrupu bu prosesi aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb. O, 1994-cü ildə atəşkəs sisteminin yaradıldığını söyləyib: "Amma Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib”. XİN rəsmisi qeyd edib ki, Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə aparıb, Xocalıda soyqırımı törədib: "Ermənistan ən azı Nümberq prosesində olduğu kimi cinayətlərinə görə cavab verməli idi. Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat əksini tapmır. İnsan haqları üzrə ali komissar "Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası barədə hansı işləri görmüsünüz” sualına cavab verir ki, mandatları buna imkan vermir. Bu, gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”. X.Xələfov Azərbaycanın girovlar məsələsini də beynəlxalq səviyyədə tez-tez qaldırdıqlarını bildirib: "Biz vətəndaş cəmiyyəti səviyyəsində belə təşəbbüslərlə tez-tez çıxış etsək, bunun nəticəsi də tez olar”.
"Acı təcrübə göstərir i, biz bu səyləri artırmalıyıq”
"Azərbaycan siyasi-diplomatik fəaliyyətində beynəlxalq hüququn normalarından yararlanır” - deyən X.Xələfov bildirib ki, "Dağlıq Qarabağ Respublikasının Silahlı Qüvvələri” yoxdur: "Bu anlayışı Ermənistan və havadarları yaratmağa çalışırlar. Beynəlxalq birlik münaqişənin sülh yolu ilə həllindən başqa alternativi olmadığını bəyan edir. Azərbaycan da münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Acı təcrübə göstərir i, biz bu səyləri artırmalıyıq və beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə nail olmalıyıq. Ermənistan buna vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycanın gərgin fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət bunu dərk edir. Azərbaycan xalqı "nə müharibə, nə sülh” şəraitində yaşamaq istəmir. İqtisadi uğurlarımız və ordu quruculuğumuzun bu münaqişənin həllinə imkan verəcəyinə inanırıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.
XİN rəsmisi QHT-lərin fəaliyyətinə də toxunub: "Paradoksal hal yaranıb. Bizim QHT beynəlxalq təşkilatlara ancaq mənfi halları təqdim edir. QHT bu prosesdə proqressiv mövqe ortaya qoymalıdır. XİN kimi beynəlxalq təşkilatlarla və QHT-lərə dialoq qurmağa çalışırıq. Azərbaycan cəmiyyəti beynəlxalq birliyə nə qədər çox inteqrasiya edərsə, bu, dövlətimizin gücünü daha çox artırar”. X.Xələfov təcavüz faktına görə cinayət işinin başlanması ilə bağlı müddəanın Cinayət Məcəlləsində əksini tapmasını da zəruri sayıb: "Azərbaycanın qələbəsinin yaxın vaxtlarda olacağına inanıram”.
"Düşmənin 30-dək tankı məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb”
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ötən il cəbhə xəttində vurulan vertolyotu yada salaraq deyib ki, bu vertolyot Ermənistana məxsus idi: "Ermənistanın məqsədi başqa dövlətləri bu münaqişəyə cəlb etmək idi. Bu ilin mart ayında təmas xəttində dinc əhalinin yaşadığı məntəqələr ağır silahlardan atəşə tutuldu. Aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi. Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Müdafiə Nazirliyi aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi. Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi”.
"500-dən artıq mülki və sosail obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək”
"Təmas xəttində baş verənlər beynəlxalq hüququn pozulmasıdır”. Bu sözləri isə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov söyləyib.
Onun sözlərinə görə, aprelin əvvəlində baş verən döyüşlər zamanı Azərbaycan xalqı vahid mövqedən çıxış edib, dövlət siyasətini dəstəkləyib: "Bu məsələlərlə bağlı vətəndaşlar Avropa Məhkəməsinə müraciət edə bilmədiklərinə görə, onlar vəkillərlə təmin olunub. Müvafiq işlər görülür. Artıq iki müraciət göndərilib. Ermənilər tərəfindən də Avropa Məhkəməsinə iki müraciət daxil olub. Ərizədə qeyd olunub ki, guya, Azərbaycan hərbçiləri erməni mülki əhalisini təhqir edir. Mülki əhaliyə Azərbaycan ordusunun müdaxiləsindən söhbət gedə bilməz”.
Ç.Əsgərov qeyd edib ki, digər hallarla bağlı məlumatlar toplanılır, bunlarla bağlı da Avropa Məhkəməsinə müraciətlər ediləcək: "500-dən artıq mülki və sosial obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək”.
Ermənilər qadağan edilmiş tor mərmisindən istifadə ediblər
Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirib ki, aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib: "641 yaşayış evinə ziyan vurulub və həmin evlər dağılıb. Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. Altı nəfərin ölümünə yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri səbəb olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir”.
Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov isə nəzərə çatdırıb ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb: "Mən ümid edirəm ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacaq. Bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır.
Aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələri şiddətli atəşə tutulub. Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, 26-28 aprel tarixində Tərtər rayonunun Əskipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış bir tor mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı tor mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir”. "Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələr iştirakçıların çıxışları ilə davam edib.
Anar Bayramoğlu