Partiyalar seçkilərə təkbaşına qatılmaq niyyətindədir
ADP-nin isə seçkiyə “Qarabağ” bloku ilə qatılmaq ehtimalı daha çoxdur
Ötən gün Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının növbəti iclası keçirilib. Partiyanın baş katibi Arzuxan Əlizadənin verdiyi xəbərə görə, ətraflı müzakirələrdən sonra qarşıdan gələn parlament seçkisində təkbaşına iştirak etmək barədə ilkin qərar qəbul edilib. Məlumat üçün bildirək ki, partiyanın namizədlərindən biri qurumun sədri Yusif Bağırzadədir. Təşkilat rəsmisi Əli Oruclunun dediyinə əsasən, Y.Bağırzadə hər zaman olduğu kimi bu dəfə də Gəncədəki seçki dairələrinin birindən namizəd olacaq. Azərbaycandakı digər siyasi partiyalar isə seçkiyə blok şəklində və ya təkbaşına qatılmaq barədə hələlik konkret qərar verməyiblər. Amma buna baxmayaraq, bir çox siyasi təşkilatların ilkin mövqeyi indidən bəllidir.
Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, partiya qazandığı ən böyük uğurları seçkilərdə təkbaşına iştirak edərkən əldə edib: "2000-ci il parlament seçkilərində Müsavat Partiyası təkbaşına iştirak edərək, seçkilərə qatılan bütün digər siyasi partiyaların topladığı səslərin cəmindən daha artıq səs toplamağa nail oldu. Bundan sonra biz müəyyən bloklarda iştirak etmişik. 2005-ci il parlament seçkilərində AXCP və ADP ilə birlikdə "Azadlıq” Blokunu, 2010-cu il seçkilərində AXCP-Müsavat seçki bloku yaratmışdıq. Bu baxımdan Müsavat Partiyası cəmiyyət üçün, demokratik düşərgə üçün səmərəli olan bütün variantlara hazır olduğunu sübut edib. Biz bu seçkilərdə də həm Azərbaycan cəmiyyətinin, o cümlədən Müsavat Partiyasının maraqlarını əks etdirən formada iştirak etmək niyyətindəyik. Əgər Müsavat Partiyasının iradəsindən asılı olmayan səbəblərdən seçki blokunun yaradılması mümkün olmayacaqsa, biz seçkilərdə təkbaşına iştirak edəcəyik. Bu istiqamətdə də hazırlıqlarımız davam edir”.
A.Hacılı bildirib ki, konkret hansısa siyasi partiya ilə seçki bloku yaratmaq istiqamətində danışıqlar getmir: "Müsavat Partiyasına indi yaradılan siyasi partiyaların seçki blokuna qatılmaq barədə təklif olunub. Ancaq biz rəhbərlikdə təklifləri müzakirə etdik və biz hər hansı seçki blokunda iştirak etməmək barədə qərar verdik”.
Böyük Quruluş Partiyası da seçkiyə təkbaşına qatılmaq fikrindədir. Partiya başqanı, millət vəkili Fazil Mustafa seçkidə hədəf olaraq 100 dairəni əhatə etməyi planlaşdırır və bunu uğurlu addım hesab edir: "May ayında Məclisin iclası olacaq və orada qərarımız qəbul olunacaq. İndidən hazırlıq gedir. Bələdiyyə seçkilərində YAP-dan sonra bizim partiya yer tutdu. Demək istədiyim odur ki, seçki təcrübəmiz var və qərargahımız çox aktiv işləyir. Seçki prosesi başlayanda hazırlığımız daha da intensivləşəcək. Hələki zəifdir. Çünki seçki ab-havası yoxdur. Amma öz dairəmizdə və potensial namizədlərimiz olan dairələrdə işlər başlayıb.
ASDP sədri Araz Əlizadə seçkiyə təkbaşına qatılacağını desə də, indidən hazırlıq görməyi tələskənlik adlandırıb: "Bəlkə o vaxtacan yaşaya bilmədik. Heç kimin sağ qalacağını bilmək olmur. İndidən namizədləri necə müəyyən etmək olar? O partiyalar ki, bəyanat verirlər ki, toplaşdıq, 6-7 partiya seçki bloku yaratdıq, danışıqlar gedir, proqram üstündə işləyirik və s. onlar gündəmdə qalmağa çalışırlar”.
Azərbaycan Demokrat Partiyası sədrinin seçki məsələləri üzrə müavini Taliyyət Əliyev isə bildirib ki, ADP-nin seçkiyə "Qarabağ” bloku ilə qatılmaq ehtimalı daha çoxdur: "Seçki hazırlığı tam formada davam etdirilir. Həm partiya daxilində, həm də təmsil olunduğumuz "Qarabağ” blokunda seçki məsələləri hər həftə müzakirə olunur. Biz hələ ki iştirakın formaları haqqında düşünürük. Böyük ehtimalla "Qarabağ” blokunda seçkilərə qatılacağıq. Amma format dəyişə bilər. Çox istərdik ki, blok şəklində qatılaq. Hələlik konkret ortada nəticə yoxdur. Aprel ayından sonra isə konkret dairələr üzrə məsləhətləşmələr aparılacaq. Namizədlərlə bağlı isə ilkin müzakirələr aparılır ki, sonra namizədlərin müəyyənləşməsində problemlər yaranmasın. Çünki seçki bloklarında partiyaların sayı çox olanda dairələrdə vahid namizədlərin müəyyənləşdirilməsi vaxt aparır”.
"Azadlıq 2015” adlı seçki blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Billur Hümbətov da etiraf edib ki, partiyanın seçki blokunda iştirakı ilə bağlı partiya
daxilində birmənalı mövqe yoxdur: "VİP-in Siyasi Şurası Mərkəzi Şuranın iclasına qədər partiyanın sədri Əli Əliyevə həmin blokda təmsil olunub-olunmamaq barədə sərbəstlik verilib. Partiyanın Mərkəzi Şurasının bu ay keçiriləcək iclasında VİP-in seçkilərdə iştirakına və harada həmsil olunacağına aydınlıq gətiriləcək”.
İsmayıl