Partiyalarımız İsa Tezelə dəstək verəcəklər

Gülağa Aslanlı: “Bu istiqamətdə müəyyən işlər görürük”
Fazil Mustafa: “Azərbaycan gündəminin Türkiyədə daha aktiv şəkildə saxlanılması üçün bir sıra namizədlərə dəstək verməyimiz vacibdir”


Mirmahmud Mirəlioğlu: "Biz bütün MHP iddiaçılarını dəstəkləyirik”

Türkiyənin Azərbaycan üçün ən önəmli bölgələrindən olan İqdırda seçim həyəcanı davam edir. Azərbaycan-Türkiyə və Ermənistan sərhədlərinin qovşağında yerləşən İqdırda ən şanslı namizədlər sırasında ilk olaraq İsa Yaşar Tezelin adı çəkilir.

Milliyyətçi Hərəkat Partiyasından namizədliyi irəli sürülən İsa Yaşar Tezel əslən Azərbaycan türküdür. O, uzun illərdir Azərbaycan Kültür Dərnəyinin başqan müavinidir. Tezel Türkiyədə Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmlənməsi üçün mücadilə aparan dəyərli şəxslərdəndir. Bölgədə İ.Y.Tezelin ən güclü rəqibi HDP-li Kıznas Türkalidir. Bəllidir ki, İqdırda son illərdə kürd əhalinin sayı durmadan artır. PKK-nın siyasi qolu sayılan HDP parlamentə daxil olmaq üçün İqdırdan maksimum səs almağa çalışır. Bunun üçün də bütün imkanlarını səfərbər edib. Tezəlin digər rəqibi isə AKP-dən olan Fərdi Turandır. İqtidar partiyasını təmsil etməsinə baxmayaraq, onun şansları o qədər də yüksək qiymətləndirilmir. Keçirilən sosioloji sorğular İsa Yaşar Tezelin ən real namizəd olduğunu göstərir. Tezəl seçimdə ən böyük mənəvi dəstəyi Azərbaycandan gözlədiyini deyib. Amma təəssüflə qeyd edib ki, Azərbaycan siyasilərindən umduğu dəstəyi görə bilmir: "Türkiyə yeni bir demokratik mübarizə astanasındadır. Bu gün İqdırdan Türkiyə Böyük Millət Məclisinə düşə biləcək Azərbaycan türkü kimi ən real namizəd mənəm. Azərbaycan bunu diqqətə almalıdır. Mən seçilsəm, həm Türkiyədə, həm də Avropada Azərbaycanın səsi olacağam. Azərbaycanın bütün dərdlərini, problemlərini yüksək kürsülərdən səsləndirəcəyəm. Ona görə də soydaşlarımdan İqdırda apardığımız seçki kampaniyasına ciddi dəstək gözləyirəm”. Məlumat üçün deyək ki, MHP ilə yanaşı AKP və kürdlərin partiyası sayılan HDP-də də azərbaycanlı namizədlər var.

Maraqlıdır, nəyə görə, ölkə ictimaiyyətində və mediamızda azərbaycanlı namizədlərə dəstək zəifdir?

Məsələni şərh edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, seçkilərdə qanunlar çərçivəsində azərbaycanlı namizədlərə hər cür dəstək verəcəklər: "Biz Türkiyədə keçiriləcək parlament seçkilərini diqqətlə izləyirik. MHP ilə müəyyən əlaqələrimiz var. Xüsusilə, İsa Yaşar Tezelə sona qədər dəstək verməyi düşünürük. Bu istiqamətdə müəyyən işlər görürük. Əgər Türkiyə qanunları icazə verərsə, biz onların həm seçki təbliğatında, həm də seçki günü müşahidəçi qismində iştirak edəcəyik. Bunu Tezel və digər müxalifət nümayəndələrinin diqqətinə çatdırmışıq. Mən mayın 8-9-u İstanbulda olmuşam və dəstəyimizi bildirmişəm. Biz Tezelin namizədliyini dəstəkləyirik”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da azərbaycanlı namizədlərə dəstək verməyin vacib olduğunu söyləyib: "Dəstək verməyin özü siyasətdə birmənalı qarşılanmır. Çünki Türkiyədə bizim duyğuları paylaşan çoxlu sayda Anadolu insanı var. Buna görə bir qədər çətindir. Bundan əlavə, Azərbaycan gündəminin Türkiyədə daha aktiv şəkildə saxlanılması üçün bir sıra namizədlərə dəstək verməyimiz vacibdir. Xüsusilə, İqdırdan namizəd olan İsa Yaşar Tezel çox dəyərli, mübarizə yolu keçmiş şəxsdir. Türkiyə auditoriyasına hansısa bir şəkildə təmasımız dəstək vermək üçün yetərli deyil. Çünki məsələ yerli səviyyədə insanların yanaşmasından asılı olacaq. Ancaq media da dəstək ola bilər”.

Deputat deyib ki, o, sosial şəbəkələrdəki statuslarında təkliflər verib. Amma oradakı proseslərə qarışmaq kimi, hüquqi maneələr var: "Buna görə dəstəyimizi Türkiyə cəmiyyətinə media vasitəsilə etməyimiz daha doğru olardı. Onlar haqqında məlumat vermək, tanıtmaq istiqamətində müəyyən işlər görməliyik. Hər halda azərbaycanlı namizədlərin qalib gəlməsi ölkəmizin xeyrinə olar”.

KXCP sədri Mirmahmud Mirəlioğlu da MHP rəhbərliyinə təkliflər verdiklərini bildirib: "Türkiyə Cümhuriyyətinin Anayasa Məhkəməsi var, eyni zamanda, Azərbaycan qanunları mövcuddur. Belə məsələlərin reallaşmasının qanunla bir sıra məhdudiyyətləri var. Təbii ki, biz təkcə Azərbaycan türkü olan MHP-nin namizədlərini yox, bütün MHP iddiaçılarını dəstəkləyirik. 7 iyunda nə olacaqsa, Türkiyə və Azərbaycan, millətlərimiz üçün uğurlu olsun. İnanırıq ki, MHP-nin namizədləri güclüdür. Onların güclərinə, qələbə qazanacaqlarına əminik. KXCP və

MHP münasibətləri o səviyyədədir ki, heç kəsin etmədiyini edir, nəzərdə tutmadığını həyata keçiririk”.

İsmayıl