Partiyaların qapıları döyülür...

45 gün tamamlanacaq, təkrar seçkilər keçiriləcək
AKP, sadəcə gözdən pərdə asır, koalision hökumətinin qurulmasını istəmir



Türkiyədə koalisiya müzakirələri ilə bağlı əvvəlcə CHP, sonra MHP ilə görüşən AKP son olaraq kürdləri təmsil edən HDP ilə bir araya gəlib. İki saatlıq davam edən görüşdə baş nazir Əhməd Davudoğlu HDP-nin həmsədri Səlahəddin Dəmirdaşla müzakirələr aparıb.

AKP-nin HDP ilə görüşə getməsini tənqid edənlərə cavab verən Davudoğlu seçkidə 13 faiz səs alan partiyanı görməzdən gəlmək olmaz deyib: "HDP ilk açıqlamasında AKP-nin içində olduğu bir hökumətə dəstək verməyəcəyini demişdi. Ona görə də başqa ehtimallar üzərində müzakirə apardıq. Ancaq seçkidə 41 faiz səs toplamış bir partiyanı yox saymaq işə yaramaz. Bunu anlayan HDP bir aylıq zaman içində mövqeyini dəyişib. Doğrusu da budur”. Görüşlə bağlı HDP-dən də açıqlama gəlib. Partiya rəsmisi Sırrı Süreyya AKP ilə görüşdə öz təkliflərini və yanaşmalarını irəli sürdüklərini dedi: "Davudoğlu da öz düşüncələrini söylədi. Koalisiya danışıqları ayrıca müzakirə olundu. Biz ədalət, sülh və demokratiya başlığı altında əsas şərtlərimizi ortaya qoyduq. Demokratiya və silah eyni yerdə ola bilməz”. Xatırladaq ki, MHP hakim partiya ilə görüşdə koalisiya hökumətində yer almayacağını bəyan edib. Ancaq Dövlət Baxçalı dünənki açıqlamasında deyib ki, əgər CHP ilə aparılan müzakirələr nəticəsiz qalarsa, MHP Türkiyəni hökumətsiz buraxmayacaq. Hələlik AKP ilə CHP arasında görüşlər və müzakirələr davam etməkdədir.

Türkiyədəki proseslərlə bağlı "Şərq”ə danışan Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, AKP koalisiya qurulmasını istəmir. Hakim partiya digər siyasi qurumlarla məcburiyyət qarşısında danışıqlar aparır: "AKP türk xalqının gözündən düşmək istəmir və ictimaiyyətə göstərir ki, "baxın, biz əlimizdən gələni edirik, amma heç bir müxalifət partiyası koalisiyaya yanaşmır. CHP-AKP koalisiyasının alınması da çətindir. Bu iki partiyanın sosial dabanı, prinsipləri biri-birinə çox ziddir. AKP bir az konservativ, daha çox dindar kəsimi təmsil etdiyi halda, CHP tamamilə fərqli bazaya malikdir. Həmçinin, CHP 17-25 dekabr rüşvət olaylarının üstünə gedilməsini və hadisənin Məclisə daşınmasını istəyir. AKP üçün isə

korrupsiya əməliyyatı çox həssas məsələdir. Çünki hakim partiya anlayır ki, rüşvət olaylarının parlamentə daşınması AKP-nin nüfuzuna böyük zərbə vuracaq. Ona görə də buna imkan vermək istəmir”.

F.Mehdiyev hesab edir ki, hökumətin qurulması üçün ayrılan 45 gün tamamlanacaq və sonra təkrar seçkilər keçiriləcək: "AKP üçün bu, ən əlverişli variantdır. Çünki hər hansı bir koalisiyada hakim partiya üçün problem yaranacaq. Təkrar seçkidə AKP-nin itirəcəyi elə də bir şey yoxdur. Hətta ehtimal var ki, növbəti seçkidən sonra AKP yenidən təkbaşına iqtidara yiyələnsin. Ancaq sözün düzü, mən buna inanmıram. Seçkidə partiyalar əsasən eyni sayda səs toplayacaq. Nəticə əvvəlki seçkidən çox da fərqlənməyəcək. Bəlkə 1-2 faiz səs dəyişikliyi oldu. Amma buna baxmayaraq, AKP seçkidə şansını sınamaq istəyir”.

Professorun fikrincə, bu prosesdə ən böyük səhvi MHP etdi: "MHP əslində koalisiyaya qapılarını bağlamamalı idi. Millətçilər koalisiyaya razılıq versəydi, AKP-yə çox ciddi zərbə vura bilərdilər. Bu, necə olacaqdı? CHP korrupsiya olaylarını parlamentə gətirəndə MHP-li millət vəkilləri də buna səs verəcəkdi. Düzdür, bu hadisə koalisiya hökumətini sonlandıracaqdı, amma nəticədə AKP böyük zərbə alacaqdı. MHP də AKP-dən ayrılan seçiciləri öz tərəfinə çəkəcəkdi. Ancaq MHP buna getmədi və uğursuz addım atdı. Ümumiyyətlə, MHP-nin siyasəti anlaşılmır. MHP ana müxalifət olmaq istəyir, amma heç vaxt olmayacaq. Çünki AKP ilə CHP-nin hökumət qurmaq şansı çox azdır. Bu addımı ilə MHP öz seçicilərini itirəcək. AKP deyəcək ki, koalisiyanın qurulmasına MHP mane oldu”.

İsmayıl