Partiyaların qurultayları gecikir

Əli Orulu: “Qurultayı sentyabr- oktyabr aylarında keçirəcəyik”Sərdar Cəlaloğlu: “Mən niyə sədrlikdən getməliyəm?”
Xəzər Teyyublu: "Qurultayımız ötən il baş tutduğundan növbəti qurultaya xeyli müddət var”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) mütəmadi olaraq öz qurultayını keçirsə də, bəzi müxalif siyasi təşkilatlarda bu məsələlərlə bağlı ləngimələr olur. Demək olar ki, əksər müxalif partiyanın qurultayı yubanır. Və bunun səbəbi müxtəlif amillərlə izah olunur. Bu məsələləri nəzərə alıb, müxalif siyasi qurumlar arasında qurultayın gecikmə səbəblərinə dair sorğu keçirdik.
Bir müddətdr ki, qurultayı yubadılan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu bunu son parlament seçkiləri ilə əlaqələndirib: "Partiya bütün gücünü seçkilərə yönəltdi. Ona görə də, qurultayın keçirilməsi yubandı. Digər tərəfdən qurultayın keçirilməsini ləngidən proseslər baş verdi. Amma hazırda qurultayın təşkili üçün heç bir problem və əngəl yoxdur. Qurultay nümayəndələri müəyyənləşib. Təşkilati işlər görülüb. Texniki məsələlər isə qurultayın keçiriləcəyi məkan müəyyən olunduqdan sonra həll olunacaq. Hər halda nəzərdə tutulur ki, qurultayı sentyabr-oktyabr aylarında keçirək”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, indiyə qədər daxili nizamnamayə görə, 5 qurultay keçirməlidirlər, lakin onlar 16-ya yaxın qurultay reallaşdırıblar: "Birləşdirici, növbədənkənar və fövqəladə qurultaylarımız baş tutub. Elə olub ki, bir ildə 2-3 qurultay keçirmişik. Ona görə də, qurultayımızın sayı nizamnamədə göstərilənlərdən çoxdur. Ədliyyə Nazirliyi (ƏN) keçirib, göndərdiyimiz qurultayların çoxunun nəticəini qeydiyyata almayıb. Biz ƏN-ə məktub göndərmişik və bu ilin sentyabrında qurultayımızı keçirəcəyik. İndi üzvlərimiz məzuniyyətdədirlər. Qayıtdıqdan sonra qurultayın təşkilati işlərinə baxacağıq”.
"Partiyada sədr dəyişikliyi gözlənilirmi” sualına gəlincə, S.Cəlaloğlu buna sərt və aqressiv cavablar verdi: "ADP sədri niyə dəyişilməlidir ki? Buna hansı zərurət var? Sərdar Cəlaloğlunun intellektual səviyyəsi aşağıdır? Sərdar Cəlaloğlunun qabiliyyəti zəifdir? Xalq, dövlət qarşısında nöqsanımı var? Liderlər yetişib, siyasətdən gedəcəklərsə, onların yetişdirilməsinə nə ehtiyac qalır ki? Biz kənarda duraq, küçədən keçəni gətirib, partiya sədri qoyaq? Baxın dünya siyasətinə, Mak Keyin 50 ildir Amerikada senatordur. Mahatma Qandi uzun müddət prezident olub. Söhbət adamların uzun müddət vəzifədə qalmasında deyil, o vəzifəyə nə qədər layiq olmasından və keyfiyyətdən getməlidir. Bəli, Sərdar Cəlaloğlu partiya sədrliyinə layiq deyilsə, dünəndən getməyə hazırdır. İkincisi də, gərək sədr əvəzlənəndə onun yerinə gələn daha bacarıqlı olsun. Ondan bacarıqsız gələcəksə, bu, partiyaları dağıtmaq deməkdir. Məsələn, Lalə xanım getdi, partiyası dağıldı. Etibar Məmmədov getdi, təşkilatı məhv oldu. İsa bəy getdi, Müsavat zəiflədi. Elçibəy getdi, partiyası dağıldı. İndi deyirsiniz ki, bu yolu biz də təkrarlayaq? Dağıdaq mütləq. Azərbaycan təcrübəsi göstərir ki, liderləri yetişdirmək olduqca çətindir. Yetişəndən sonra onların dəyişdirilməsi partiyaları məhv edir. Əgər siz mənim bir siyasətçi kimi fikirlərimin doğru olmadığını, proqnozlarımın doğrulmadığını, hadisələri düzgün təhlil edə bilmədiyimi, dövlət və milli maraqlara xəyanət etdiyimi, görmüsünüzsə, təbii ki, mən getməliyəm. Getmək istəməsəm də, məni göndərmək lazımdır. Bir halda ki, bu halların heç biri yoxdur, mən niyə sədrlikdən getməliyəm? Əksinə, öz üzərimdə işləyirəm. İctimai-siyasi həyatın ən müxtəlif sahələrinə nüfuz edirəm. Çox böyük təcrübəyə malikəm. Sözümün kifayət qədər təsiri var. Siz isə deyirsiniz ki, sədrlikdən getməyi düşünürsünüzmü? Azərbaycan xalqını başsız qoymaq istəyən qüvvələr var. Onlar birinci növbədə liderlərin getməsini istəyirlər. Siyasi təşkilatları məhv etməyin metadologiyası mövcuddur. Bunlardan biri də başsızlaşdırmadır. Mənim ADP sədrliyindən getməyim millətimə və dövlətimə xəyanətimdir”.
Klassik Xalq Cəbhəsi (KXCP) Partiyasının sədr müavini Xəzər Teyyublu da vurğulayıb ki, təşkilatın qurultayını nizamnamə çərçivəsində keçirirlər: "Nizamnaməyə uyğun olaraq sonuncu qurultayımız 2015 ci il, avqust ayının 1-də baş tutub. Partiyanın nizamnaməsində göstərilir ki, KXCP qurultayını 3 ildən bir keçirməlidir. Qurultayımız ötən il baş tutduğundan növbəti qurultaya xeyli müddət var”.
Təşkilatda sədr dəyişikliyinə toxunan qurum yetkilisi X.Teyyublu deyib ki, bu məsələlər yalnız zərurətdən irəli gəlir: "KXCP-də isə buna zərurət yoxdur. Partiyanın sədri Mirmahmud
Mirəlioğludur. Onun ölkənin ictimai-siyasi həyatında kifayət qədər nüfuzu var. KXCP siyasi təcrübəsi olan təşkilatdır”.
Ayyət Əhməd