Partlayışların arxasında MHP durmur

Bombalı hücum əslində HDP-nin xeyrinə işləyə bilər



Türkiyədə parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasındakı siyasi rəqabət silahlı mübarizə ilə əvəz olunub. Mayın 18-də gündüz saatlarında Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mersin vilayətlərində yerləşən yerli təşkilatların binalarına silahlı hücum edilib.

Partiya qərargahına atılan bomba 6 nəfərin yaralanmasına səbəb olub. Terror hadisəsini törədənlər Milliyyətçi Hərəkat Partiyasının (MHP) simvollarından istifadə ediblər. HDP Mərkəzi İdarə Heyəti hadisədən sonra açıqlama yayaraq olaya görə, hökuməti ittiham edib. Açıqlamada qeyd olunub ki, seçkilər ərəfəsində partiyanın 60-dək yerli ofislərində binalar, avtomobillər, üzv və könüllülər hücuma məruz qalıblar. Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Zuhal Topçu hücum zamanı MHP simvollarından istifadə edilməsini qınayıb: "Hücumda partiyadaşlarımız iştirak etməyib. Ülkücü gəncliyin, yaxud da partiya üzvlərimizin belə bir terrorda iştirakı mümkün deyil. AKP hökumətinin müasir siyasəti hansı hala gətirdiyini millətimiz də görməlidir”. Baş nazir Əhməd Davudoğlu HDP-yə qarşı həyata keçirilən hücumları pisləyib və hadisəni provokasiya adlandırıb. Öz növbəsində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da açıqlama yayaraq hücumları kəskin şəkildə tənqid edib.

Hadisəni dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu partlayışın arxasında türk millətçilərinin olduğuna inanmır: "HDP-nin Adana və Mersindəki bürolarına qarşı həyata keçirilən bombalı hücumlar əslində seçkidə bu partiyanın xeyrinə işləyə bilər. Bu kimi olaylar partiyanın türklər demişkən, "mağduriyyətini” artıracaq. Hələlik, HDP-nin 10 faizlik baryeri aşıb-aşmayacağı bəlli deyil, amma guya, terrora məruz qalmaları onlara əlavə səs gətirəcək. İstənilən halda inanmıram ki, partlayışın arxasında MHP durur”.

Sabiq dövlət müşaviri, siyasi ekspert Qabil Hüseynli də vurğulayıb ki, partlayışlarda nə dövlətin, nə də Türkiyədəki hər hansı siyasi partiyanın əli var: "Partlayışı HDP və ya onların himayədarları həyata keçirib. Bununla cəmiyyətdə özlərini "əzabkeş” kimi qələmə verməyə səy göstərirlər. Eyni zamanda çalışırlar elə təsəvvür yaratsınlar ki, guya, Türkiyədə kürdlərin siyasi fəaliyyətinə əngəl yaradılır. Məncə, olaylar kürdlər tərəfindən əvvəlcədən planlaşdırılıb. MHP-nin belə bir terrora əl atacağını güman etmirəm. Çünki terror, ümumiyyətlə, Türkiyənin nüfuzuna xələl gətirən hadisədir. Türkiyənin mənafeyini hər şeydən üstün tutan millətçilərdən bu cür hərəkət gözləmək inandırıcı deyil. Mən şəxsən bu məsələ ətrafında fikirləşəndə, PKK-nın və ya HDP-nin fəalları üzərində dururam. Məqsəd seçkiqabağı partiyanın reytinqini yüksəltmək, səs sayını artırmaq və 10 faizlik seçim barajını keçməkdir. Çox güman ki, bu hadisədən sonra xeyli sadəlövh kürdlər, hətta bəzi türklər aldanaraq HDP-yə səs verəcəklər”.

Politoloqun sözlərinə görə, HDP bütün kürdləri öz ətrafında cəmləyə bilməyib: "Düzdür, son zamanlar bu istiqamətdə xeyli çirkin iş aparır. Amma kürdlərin 20-25 faizi hələ də AKP-yə səs verir. Həmçinin, CHP və MHP-nin özündə də xeyli kürd təmsil olunur. Şəxsən CHP sədri Kamal Kılıçdaroğlunun kürdlərlə yaxın qohumluq əlaqələri var. Türkiyədə qarışıq siyasi palitra mövcuddur”.

İsmayıl