Paşinyanın da telefon danışığı dinlənilir

“Yeri gələndə onun apardığı siyasətə qarşı bu kimi addımlarla cavab verilir ki, nə dediyinin və nə etdiyinin fərqindəyik. Həddini aşma!"


Ermənistanda milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan və xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın biabırçı səs yazısı yayılıb. Tərəflər arasında sabiq prezident Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıq aparılıb. Səs yazılarının həqiqətən də Xaçatryan və Vanetsyana aid olduğu təsdiqlənərsə, o zaman hər iki məmurun dərhal istefaya göndəriləcəyi ehtimal edilir.

Ermənistanın baş naziri Nikol Paşinyan da gizli səs yazısının yayıldığını təsdiqləyib. O bildirib ki, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib. Məlumat üçün deyək ki, səs yazısında Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər. 

O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını da xatırladıb. Tərəflərin danışığında Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılıb. 

Xaçatryan qeyd edib ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var. Sabiq prezident Robert Koçaryan da səs yazıları barədə açıqlama verib. Koçaryan xüsusi xidmət orqanlarının bu davranışını cinayət adlandırıb. Onun sözlərinə görə, səs yazısı ictimaiyyətə yayılandan sonra Ermənistan baş naziri Nikol Paşinyanın açıqlaması sadəcə əhalinin diqqətini yayındırmaq və öz cinayətlərini ört-basdır etməyə hesablanmış uğursuz cəhdlərdir: "Guya onların korrupsiya ilə "qəhrəmancasına" mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə absurddur".
Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl atıb. Bu mənada Koçaryan, ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib. Xalqa müraciət edən eks-prezident Ermənistanın diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb.

Düşmən ölkədəki prosesləri "Şərq"ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın anti-rus siyasəti və Kremlin kurasiyasında olan Qarabağ klanının məşhur üzvlərinə - Robert Koçaryan və Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılması birbaşa Rusiyanın bu ölkədə dayaqlarının zəifləməsinə hesablanıb. Analitikin sözlərinə görə, Rusiyanın əsas fiqurlarına cinayət işinin başlanmasından sonra bu məsələnin təhlükəsizlik orqanlarında müzakirə olunması gözlənilən idi: 

"Rusiya prosesi nəzarətdə saxlayırdı və bu həbslərin sifarişli olduğunu üzə çıxartmalı idi. Paşinyanın Putinlə görüşdə müttəfiqlikdən danışması, Moskvadan qayıtdıqdan dərhal sonra bu səs yazılarının dövriyyəyə buraxılması Paşinyana açıq mesaj idi. Kreml demək istəyir ki, "Moskva sənə inanmadı, İrəvan heç vaxt Rusiyanın etibarlı tərəfdaşı olmayacaq". Hesab edirəm ki, Paşinyanın telefon danışıqları da dinlənilir. Yeri gələndə onun apardığı siyasətə qarşı bu kimi addımlarla cavab verilir ki, nə dediyinin və nə etdiyinin fərqindəyik. Həddini aşma!".

İsmayıl