"Paşinyanın qərarları Rusiyanın mənafeyinə ziddir” - “Qırmızı xətt”i keçir

Elnur Soltanov:"Bu “qırmızı xət”lərə Rusiyanın razılığı olmadan münaqişə ilə bağlı addım atmamaq və Qərbə meyl etməmək daxildir"



"Nikol Paşinyanı Ermənistanın "küçələri” populist şəkildə dəstəkləyir. Lakin bu dəstək leqal və institutsional deyil”.

Bunu "Sherg.az”a Ermənistandakı iqtisadi çətinliklər və siyasi böhran haqqında danışarkən politoloq Elnur Sultanov söyləyib. 

Onun fikrincə, dövlət orqanlarında, əhəmiyyətli təşkilatlarda və ən əsası Ermənistan parlamentində çoxluq "Qarabağ klanı”nın əlindədir:

"Baş nazir isə parlamentdəki çoxluğun ortaya qoyduğu namizəddir. Leqal olaraq, parlament hər an yeni baş naziri seçə bilər. Nikol Paşinya isə küçədəki dəstəyini parlamentə daşımadığı müddətcə ortada qalacaq. Parlamentdəki çoğluğu öz adamlarından seçəndən sonra baş nazirin hakimiyyəti güvəndə ola bilər.

"Qarabağ klanı” isə Paşinyanın məqsədlərini başa düşür. Amma klan Paşinyanın üzərinə çox getsə, Ermənistan əhalisi, küçələrdə etiraz edən həmin kütlə ilə üz-üzə qalacaq. Ona görə, ehtiyatlı davranırlar. "Qarabağ klanı” gözləyir ki, Paşinyan küçədəki dəstəyini itirdiyi anda parlamentdəki çoxluqdan istifadə edib, onu məhv etsin.

Ermənistan baş naziri küçədəki dəstəyini itirməmək üçün korrupsiyaya qarşı addımlar atmalıdır. Korrupsiya içində olan isə Azərbaycan torpağının işğalında rol oynayan generalların da təmsil olunduğu "Qarabağ klanı”dır. Klan Rusiya ilə əlaqəli olduğuna görə, Paşinyan Kremlin "qırmızı xət”lərini də nəzərə almalıdır. Bu "qırmızı xət”lərə Rusiyanın razılığı olmadan münaqişə ilə bağlı addım atmamaq və Qərbə meyl etməmək daxildir. Ermənistan baş nazirinin korrupsiyaya qarşı atdığı addımlar "Qarabağ klanı”na zərbədir və Rusiyanın mənafeyinə ziddir”.

E.Sultanov hesab edir ki, Nikol Paşinyanın addımları Rusiya ilə münasibətlərini daha da korlasa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işin axarını öz xeyrinə dəyişdirə bilər:

"Burada əsas məsələ rəsmi Bakının İrəvanla təkbətək qalmasıdır. Hazırda isə Ermənistanda "ikibaşlı” dövlət və cəmiyyət mövcuddur. Ona görə, qərarlarda, qanunvericilikdə və iqtisadi sahədə fikir müxtəlifliyi və problemlər yaranır. Nəticə olaraq, Ermənistanda iqtisadi və siyasi böhran vəziyyəti davam edir. Düşmən ölkədə qalib gələn tərəf olmasa, durum daha da gərginləşəcək. Bu isə müxtəlif sahələrdə ciddi çökmələr yaradacaq”.

Aysel Aslan