Pasiyentlər xəbərsizdir...

Onlar bilmirlər ki, müraciət etdikləri klinikalarda hansı xidmət növünə icazə var, hansına yoxdur



Azərbaycanda bir neçə özəl tibb müəssisəsi cəzalandırılıb. Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Səhiyyə Nazirliyi nəzarətini gücləndirməkdə davam edib.

Keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb. Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.

Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).

Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısını, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

Nazirlik vətəndaşlara xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünün və yaxınlarının həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.

Qeyd edək ki, bir müddət öncə SN paytaxtdakı "Atlas Medical Center” klinikasının fəaliyyətini dayandırmışdı. Həmin klinikada ginekoloji və doğuşayardım xidmətlərinin lisenziyadan kənar olduğu aşkarlanmışdı.

Özəl klinikalarla bağlı sərt tədbirlərin görülməsinə münasibətində Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla bunun təqdirəlayiq addım olduğunu dedi:

- Təbii ki, klinika lisenziyasında göstərilməyən fəaliyyət növü ilə məşğul olmamalıdır. Bu, qanunsuzdur. Belə faktlar aşkarlandığı halda, Səhiyyə Nazirliyi çox doğru olaraq həmin klinikanın fəaliyyətini dayandırır. Nazirlik klinikaların fəaliyyətini həm peşəkarlıq, həm də texniki baxımdan araşdırır, uyğunluq olmadığı aşkarlandıqda, tibb müəssisəsinin fəaliyyətini davam etdirməsinə icazə verilmir. Amma problem həm də bundadır ki, tibb müəssisələrinə müraciət edən pasiyentlər bundan xəbərsiz olur. Pasiyent bilmir ki, hansı xidmət növünə icazə var, hansına yoxdur. Klinikalar çox yaxşı reklam olunurlar, xarici ölkələrdən dəvət edilmiş həkimlərlə çalışdıqlarını bildirirlər, pasiyentlər də həmin tibb müəssisələrinə müraciət edir. Klinikanın lisenziyadan kənar xidmət növləri ilə məşğul olursa, bu, pasiyentlərin həyatına və sağlamlığına riski də artırır. Bəlkə də məhz lisenziyadan kənar göstərilən xidmət növü olduğu üçün həmin sahə üzrə mütəxəssislər orada işləmir və ya həmin sahəyə uyğun tibbi avadanlıqlar klinikada mövcud olmur. Bu da pasiyentin həyatı üçün real təhlükədir.

Məlum məsələdir ki, özəl klinikalar kommersiya təyinatlı müəssisələrdir. Və onlar üçün gəlir əldə etmək vacibdir. Amma əlaqədar strukturlar bu müəssisələrin tibb istiqamətini ciddi yoxlamalıdır. Və klinikalara nəzarət daimi olmalıdır.

Məlahət Rzayeva