Paytaxtda şok cinayət: Özünü İŞİD üzvü kimi tanıdan şəxs uşağı girov götürüb
İlqar Altay: "Bir cinayət törədilirsə, ona əslində 2 cinayət işi kimi yanaşılır. Deyək ki, biri, birbaşa cinayətin ünvanlandığı şəxs, digəri isə bunun cəmiyyətə təsiri”
Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlının oğlunu girov götürərək azad etməsi müqabilində pul tələb etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.
Aparılmış araşdırmalarla özünü "İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn isə tapılaraq valideynlərinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hadisə ilə bağlı fikirlərini "Şərq”ə bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay qeyd etdi ki, uşağı oğurlamış şəxsin özünü "İŞİD” üzvü kimi təqdim etməsinə ötəri yanaşılmamalıdır:
- Bu hadisə ciddi araşdırma tələb edir və şübhəsiz ki, hüquq-mühafizə orqanları vəzifələrinin öhdəsindən gələcəklər. Hamımız bilirik ki, hazırda bütün dünyada terror təhlükəsi tüğyan edir. İnkişaf etmiş, ən yüksək səviyyədə mühafizə sistemləri olan ölkələr belə təhdid altındadır. Bunu nəzərə alaraq biz deyə bilmərik ki, ölkəmiz belə bir təhlükədən tam sığortalanıb. Sadəcə, bilirik ki, bizim hüquq-mühafizə orqanları dövlətin təhlükəsizliyini təmin etmək gücündədir. Görürsünüz ki, oğurlanmış uşaq qısa zaman ərzində necə tapılıb, cinayətkar da yaxalanıb. Cinayətkarın məhz "İŞİD” üzvü kimi ailəni təhdid etməsi diqqət çəkir. Mən hesab etmirəm ki, o şəxs həqiqətən "İŞİD” üzvüdür. İlk baxışdan belə görünür ki, burada, sırf xeyir güdmək, qazanc, mənfəət əldə etmək məqsədi olub. O, bu addan sadəcə, istifadə edib. Həmin şəxs "İŞİD” adından istifadə etməklə ailədə qorxu, xof yaratmaq, tez bir zamanda istəyinə nail olmaq məqsədi güdürmüş. Bəlli məsələdir ki, hazırda "İŞİD” dünyada qəddarlığı, iyrənc hərəkətləri ilə tanınır. Əlinə düşənə aman vermir, kəsir-tökür. Hətta uşaqlardan da öz iyrənc məqsədləri üçün istifadə edirlər. Çox güman ki, bu şəxs də "İŞİD” üzvü olduğunu söyləməklə valideynləri qorxutmaq və tələb etdiyi məbləği tez bir zamanda əldə etmək istəyib. Amma işin ikinci tərəfini düşünməyib ki, "İŞİD” adını eşidən hüquq-mühafizə orqanlarına daha çox etibar edəcək, təhlükəsizliyini onlara əmanət edəcək, xilas olunmaq istəyəcək. Cinayətkarın "təxmini” düz çıxmayıb, əksinə, zərərçəkmişlər polisə müraciət etməklə cinayətin durdurulmasına və cinayəti törədənin də ələ keçməsinə nail olublar. Şbühəsiz, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və həmin şəxsin həqiqi kimliyi üzə çıxacaq.
İ.Altay bu səpkili hadisələrin cəmiyyətə təsir məsələsinə də toxundu:
- Bir cinayət törədilirsə, ona əslində 2 cinayət işi kimi yanaşılır. Deyək ki, biri, birbaşa cinayətin ünvanlandığı şəxs, digəri isə bunun cəmiyyətə təsiri. Məsələn, bəzən şahidi oluruq ki, zərərçəkmiş birisi hansısa əmələ görə cinayəti törədəni bağışladığını deyir, lakin dövlət ittihamçısı - prokuror məsələyə ictimai təhlükəsizlik və cəmiyyətə təsir baxımından şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Çünki burada törədilmiş faktın cəmiyyətə təsir imkanları gözardı edilə bilməz. Dövlət fərdlərin hüquqlarını qoruduğu kimi, cəmiyyətin hüquqlarını da qorumaq vəzifəsi daşıyır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları hər bir hadisənin ictimai əhəmiyyəti, cəmiyyətə təsir imkanlarını nəzərə alaraq, həmişə olduğu kimi, yenə də müəyyən bir açıqlama ilə çıxış edəcəklər. Əlbəttə, hər bir hadisəyə münasibət onun dolğunluğundan asılıdır. Bilirsiz, insanlar "İŞİD” adını eşidib qorxuya düşə bilər. Kimlərdəsə, belə yanlış təsəvvür yaranar ki, ölkədə "İŞİD” qruplaşması mövcuddur, təhlükə yaratmaq gücündədirlər, uşaqları oğurlayırlar və s. Bu cür narahatlıqların, gərginliyin aradan qalxması üçün baş vermiş bu hadisə ilə bağlı da ciddi araşdırma aparılaraq ictimaiyyətə məlumat verilməlidir. Biz hər zaman müəyyən cinayət faktları ilə bağlı DİN-in, yaxud da Baş Prokurorluğun açıqlamalarının şahidi olmuşuq. Yəqin ki, bu dəfə də ehtiyac olacağı təqdirdə belə açıqlama veriləcək.
Məlahət Rzayeva