Pediatr analara məsləhət verdi

Yalnız keçi südü ana südünə yaxındır
Dünən Bakıda "Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda mətbuat konfransı keçirilib. Ölkədə ana südü ilə qidalanma faizinin artırılmasının vacib olduğunu deyən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev təəssüflə qeyd edib ki, bütün dünyada, o cümlədən Azərbaycanda uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzuolunan həddə deyil: "Statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşaqların 25 faizi ana südü il qidalanıb. Döşlə əmizdirmənin təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin həyata keçirdiyitədbirlər nəticəsində son illərdə bu rəqəm 50 faizədək yüksəlib. Bu rəqəm də arzu olunan hədd deyil”.
Onun sözlərinə görə, Bakıda doğulan uşaqların 48-50 faizi, regionlarda isə 50-55 faizi ana südü ilə qidalanır: "Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir. Ana südünün tərkibindəki zülal, yağ, karbohidrat, ferment, vitamin və minerallar uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır”.
Döşlə əmizdirmənin həmçinin ananın sağlamlığına da müsbət təsir göstərdiyini vurğulayan baş pediatrın sözlərinə görə, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ayda növbəti hamiləlik riskini azaldır: "Ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99 faizi subyektiv (ana südünün çatışmazlığı), 1-2 faizi isə obyektiv səbəblər (hipoqalaktiya) təşkil edir”.
Süni qida şirkətlərinin məhsullarını satmaq üçün bütün üsullardan istifadə etdiklərini deyən N.Quliyev eyni zamanda həmin şirkətlərin əməkdaşlarının qapınqapı gəzdiklərini, hətta məhsulları hədiyyə kimi verdiklərini də qeyd edib. O hətta həkimlərin də süni qida şirkətlərinin, mənəviyyatsız işlərin qurbanına çevrildiyini bildirib: "Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Belə hallara qarşı n Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır. Baş pediatr vurğulayıb ki, ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər. Ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib. Bu, çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı”. Görəsən, digər pediatrlar Azərbaycanda satılan süni uşaq qidaları ilə bağlı nə düşünür?
Hansı qidaların verilməsi məsləhətlidir?
Pediatr Vaqif Qarayev də "Şərq”ə açıqlamasında körpə uşaqlar üçün ən məsləhətli qidanın ana südü olduğunu deyib: "Bu birmənalıdır. Ana südü olan yerdə süni uşaq qidalarından istifadə etmək düzgün deyil. Nəsib müəllimin narahatlığı başadüşüləndir. Amma bu o demək deyil ki, ananın südü olmayanda uşaq ac qalmalıdır. Süni qidalar uşaqların sağlamlığına, fiziki və əqli inkişafına ana südü qədər təsir göstərməsə də, uşaqların qidalanması üçün ana südü olmayanda bu qidalardan istifadə etmək lazımdır. Düzdür, ananın südü ola-ola, süni qida təklif edən həkimlərimiz var. Bu isə artıq mənəvi cinayətdir. Xüsusən də doğum evlərində südü olan analara belə, süni qidalar məsləhət görürlər. Buna səbəb də həkimlərlə firmaların anlaşmasıdır. Bunu bütün ölkə bilir, gizlətməyin heç bir mənası yoxdur. Amma xoşbəxtlikdən bu tendensiya sistem şəklini almayıb. Gözüaçıq analarımız var ki, haqlı olaraq həkim məsləhətinə qulaq asmırlar. Axı ana, südü ola-ola körpəni niyə süni qarışıqlarla qidalandırmalıdır ki?! Elə analar da var ki, özləri körpələrini qidalandırmaqdan imtina edirlər. Belə halda isə ananın daşıdığı məsuliyyət həkiminkindən qat-qat üstündür. Sözün açığı, südü olduğu halda, bunu uşağından əsirgəyən qadına mən ana demirəm. Yalnız o halda uşağa süni qida verilə bilər ki, o, ana südü ilə doymur və ya ananın ümumiyyətlə südü yoxdur”.
Ana südü olmadığı halda uşaqlara verilən süni qidalardan hansının daha məsləhətli olduğuna gəldikdə isə pediatr deyib ki, süni qarışıqların tərkibi demək olar ki, eynidir. Onlardan hansınısa fərqləndirmək olmaz: "Pis kimi hamısı pis, yaxşı kimi hamısı yaxşıdır. Onu deyim ki, ana südünü tam şəkildə əvəz edə biləcək süni qida yoxdur və belə bir qarışıq istehsal etmək də mümkün deyil. Hamısı müəyyən mənada uyğunlaşdırılmış qidalardır. Adları müxtəlif olsa da, aşağı-yuxarı hamısının tərkibi eynidir. Əgər süni qidalar uşaqların mədə-bağırsaq sistemində problem yaratmır, çəkisini normal artırırsa, deməli, həmin məhsul uşaq üçün ən yaxşı qidadır. Amma allergiyalı uşaqlara həkimin məsləhəti ilə anti-allergik tərkibli qidalar verilməlidir. Yaxud da süni qidalar hansısa körpəyə köp verirsə, ona köp əleyhinə olan qarışıq qidalardan verilməlidir”.
V.Qarayevin sözlərinə görə, uşağın qidalanmasını doğulan gündən 1 yaşına qədər aybaay həkim təyin eləməlidir: "Sözsüz ki, baza yemək həmişə ana südü qəbul olunur. Süd olmayanda isə baza yeməyi olaraq süni uşaq qidaları nəzərdə tutulub. Eyni zamanda, hər ay uşaq böyüdükcə ona əlavə qidalar da verilir ki, bu da ancaq həkim nəzarəti altında olmalıdır. Meyvə şirələri, yumurta sarısı, süzmə, bulyon və sair, bunun hamısını həkim təyin etməlidir. Amma uşaq bir aylıq olanda ana südü kifayət etmirsə, heç bir həkim filan adda olan qidanı ver deyə bilməz. Bir həkim deyir "Humana” yaxşıdır, o biri də deyir yox, "Nutirlon” daha yaxşıdır. Onu da deyim ki, "Nutirlon” az qala bütün doğum evlərinin simvoluna çevrilib. Hansı ananı danışdırırsan, həkiminin bu qidanı məsləhət gördüyünü deyib. Axı bu qidanın tərkibində onu digərlərindən fərqləndirən heç bir qarışıq yoxdur. Görünür, həmin firma həkimlərlə daha yaxşı əməkdaşlıq edir deyə, hamı ona qaçır. Əslində bu problem sadəcə bizim ölkədə yaşanmır. Türkiyə, Rusiya, Gürcüstanda da həkimlərlə qida şirkətlərinin işbirliyinə rast gəlmək olur”.
Yalnız keçi südünün tərkibinin ana südünə çox yaxın olduğunu vurğulayan pediatrın sözlərinə görə, ancaq onun tərkibində olan əlavə bir ferment uşaqların mədəaltı vəzini zədələyir: "Əslinə qalsa, uşağın mədə-bağırsaq sisteminə mənfi təsir etmirsə, hər qidanı vermək olar. Bir şərtlə ki, həkim nəzarəti altında olsun. O vaxtları süni qidalar yox idi. Biz öz uşaqlarımıza keçi südü də vermişik, inək südü də vermişik. İndikilərdən də daha sağlam böyüyüblər”.
Şəymən