Pediatr həyəcan təbili çaldı: "“Bu cür məsuliyyətsiz valideynlərin uşaqları..."
“Valideynlərə dəfələrlə tövsiyə edirəm ki, dərmanları, kəsici alətləri, xırda predmetləri uşağın əli çatmayan yerə qoymaq lazımdır”
Uşaq vaxtı hər birimiz oynamaq üçün bizə verilən oyuncaqların, müxtəlif əşyaların "dadına” baxmışıq. Hətta ara- sıra muncuq, düymə və yaxud da digər kiçik həcmli əşyaları udduğumuz da olub. Kiçik ölçüdə olduğu üçün bu cisimlər bizdə heç bir narahatçılığa, ağrılara səbəb olmayıb. Müəyyən fəsadları olsa da, qısa zamanda aradan qaldırılıb.
Amma "zəmanə uşaqları” bizdən daha hiperaktiv olduqlarından kiçik həcmli, hamar əşyalar onları "doydurmur”. Məhz bu səbəbdən də nisbətən böyük oyuncaqlarla oynayır, əllərinə aldıqları an da ağızlarına aparırlar. Əvvəllər uşaqların qaşıq, batareya kimi əşyaları udması faktlarını ancaq xarici mətbuat vasitəsilə müşahidə edirdik. Son zamanlar isə ölkə mətbuatında da azyaşlıların qəpik, batareya udması kimi faktlara rast gəlirik. Elə dünən Bakıda yaşanan hadisə də bunun əyani sübutudur. Qeyd edək ki, oyuncaq batareyası udmuş uşağın mədəsindəki yad cisim endoskopik yolla bədəndən xaric edilib. Mərkəzi Klinikadan verilən məlumata görə, valideynləri tərəfindən tibbi müəssisəyə gətirilən, 1 santimetr diametrində yad cisim udmuş uşaq pediatr-qastroenteroloq Dilarə Bayramova tərəfindən ümumi anesteziya altında endoskopik yolla əməliyyat olunub. Bu barədə məlumat verən həkim son zamanlar 1-3 yaş arası uşaqların oyuncaq batareyalarını udma hallarına tez-tez rast gəlindiyini deyib. Bu səbəbdən o qeyd edib ki, valideynlərin daha diqqətli olmalarına ehtiyac var: "Belə ki, batareyaların tərkibindəki maddə mədə şirəsinin təsiri ilə korroziyaya olunaraq kimyəvi reaksiya verir. Bu isə selikli qişanın zədələnməsi və mədədə qanaxma ilə nəticələnə bilər.
Onu da qeyd edim ki, valideynin xəbəri olmadan uşağın bu kimi cisimləri udması özünü heç bir şəkildə büruzə vermir və orqanizmdə kimyəvi proses davam edir. Bu kimi hallarla rastlaşmamaq üçün uşağın nəzarətsiz qalmamasına diqqət yetirilməlidir”.
Doğrudan da son zamanlar uşaqların zəhərlənməsi, yanması, yad cisimlər udması kimi halların sayının xoşagəlməz dərəcədə çoxaldığını vurğulayan pediatr Vaqif Qarayev "Şərq”ə açıqlaması zamanı valideyn məsuliyyətsizliyi ilə bağlı həyəcan təbili çaldı. Müəyyən yaşa qədər uşaqların daim valideyn nəzarətində olmasının vacibliyinə toxunan pediatra görə, xüsusən də 3-5 yaşlı uşaqlar "civə” kimi olurlar: "İndiki uşaqlar həddindən artıq hiperaktiv, aşırı maraqlıdırlar. Demək olar ki, ipə-sapa yatmırlar. Valideynlərə dəfələrlə tövsiyə edirəm ki, dərmanları, kəsici alətləri, xırda predmetləri uşağın əli çatmayan yerə qoymaq lazımdır. Yoxsa zəhərlənəcək, əlini, ayağını kəsəcək, burnuna, qulağına soxacaq. Amma analar bu məsələdə həddindən artıq məsuliyyətsizdirlər”.
Batareyaların tərkibində kimyəvi maddələrin olduğunu deyən V.Qarayev həmin maddənin orqanizm üçün təhlükəli olduğunu və ciddi zəhərlənmə verdiyini deyib:
"Həmin yad cisim insan orqanizmindən vaxtında çıxarılmasa, əriyir və zəhərlənmə verir. Ümumiyyətlə, son zamanlar bu cür hadisələr artıb. Uşaqlar saat daşlarından tutmuş pult batareyasına qədər hər şeyi udurlar. Məhz anaların məsuliyyətsizliyindən!!! Yaxşı olar ki, bu cür hallarla üzləşən valideynlər ləngimədən həkimə müraciət etsinlər. Bəzən gözləyirlər ki, yad cisim bağırsaq vasitəsilə bədəndən xaric olacaq. Düzdür, belə hallar da olur, amma istənilən halda həkimə müraciət etmək lazımdır. Çünki udulan əşya uzun müddət ifrazatla çıxa bilməyibsə, bu mütləq ən sonda bağırsaq keçməzliyi ilə nəticələnə bilər”.
Pediatrın sözlərinə görə, uşaqların oyuncaqla oynadığına diqqət yetirən valideynlər görəndə ki, həmin oyuncaq yoxdur, həmin anda şübhələnməyə başlayır və həkimlə əlaqə saxlayıb, məsləhət alırlar. "Təbii ki, uşağın hər hansı bir əşyanı udub-udmadığı ancaq rentgen müayinəsindən sonra bəlli olur. Əgər vaxtında müəyyən olunsa ki, uşaq yad cisim udub, bu zaman ciddi bir fəsad olmur. Uşağın mədəsini yuyub, həmin oyuncağı ordan çıxarırlar. Yox əgər batareya artıq mədədə əriyibsə, bu zaman qanaxma kimi təhlükəli proseslər baş verə bilir”.
Anaların məsuliyyətsizliyindən gileylənən pediatr artıq onlara tövsiyə verməkdən yorulduğunu deyib:
"Bu barədə hər gün yazıram, 5-6 saatdan sonra görürəm oxuyan yoxdur, əsəbiləşib silirəm. Təəssüflər olsun ki, bu gün hamı kriminal aləm, avtoritetlər haqqında yazılan yazıları, statusları oxuyur. Maarifləndirmə xarakterli mövzuların üzünə belə baxan yoxdur. Bu cür məsuliyyətsiz valideynlərin uşaqları hələ tank da "udacaq”. Fikirləri, zikirləri küçədə, serialda, kimin haradan gəlib, hara getməsindədir. "İş”lərinə mane olmasın deyə, uşağın kefi nə istəyir verir əlinə ki, oynasın! Təki ağlamasın, sakit olsun! Bilsəm ki, uşaqları yanan, zəhərlənən, yaxud da balkondan yıxılan analar ciddi bir işlə məşğul olublar, yenə də onları bağışlamaq olar. Televizora baxmaq üçün uşağa qarşı laqeyd qalmaq olar?! İnandırım sizi ki, mən dəfələrlə yanan uşaq görmüşəm. Təsadüf də bir dəfə olar axı! Dərmanlar, saç boyaları uşaqların əli çatan yerdə olmamalıdır. İş-işdən keçəndən sonra yadımdan çıxıb, bəhanələrinin heç bir faydası olmur. Düzdür, bədbəxt hadisədən heç kim, heç bir dövlət sığortalanmayıb. Dünyanın hər hansı bir ölkəsində də balkondan yıxılıb ölən, qaynar qazana düşən uşaqlara rast gəlmək olur. Amma bizdə məsuliyyətsizlik bir növ həyat tərzinə çevrilib”.
Şəymən