Pediatrdan haqlı irad: "Bəzi "psixoloqlar" uşaqlara yalandan autizm diaqnozu qoyur" - Valideyn çöllərə düşür

Vaqif Qarayev: " Valideynlər pediatrdan kənarda həmin "dırnaqarası" psixoloqun, yaxud loqopedin yanına gedir. Halbuki uşaqların orqanizmində baş verən dəyişikliyi ilk növbədə tibb mütəxəssisi – pediatr təyin etməlidir&#
"Son zamanlar "Autizm" yalnız Azərbaycanda deyil, dünyanın hər yerində yayılıb”.
Bunu "Sherg.az”a son illər autizm xəstəlikli uşaqların sayının artmasının səbəblərini izah edərkən pediatr Vaqif Qarayev deyib. 
O bildirib ki, məlum xəstəliyin yayılma səbəbləri hələ də bilinmir:
"Təxminən iki il əvvələ qədər əsas səbəb kimi uşaqlara vurulan peyvəndlərin keyfiyyətsiz olması göstərilirdi. Lakin bu əsasını tapmadı. Nəticədə həmin yanaşma aradan qalxdı.
Autizm çox şaxəli əlamətləri olan xəstəlikdir. Burada psixoloji, psixiatrik problemlər, davranış və nitq pozulmaları daxildir. Amma bu problemləri olan hər kəsə autizm diaqnozu qoyulması qətiyyən qəbul edilməzdir. 2 yaş yarım və 3 yaşında uşaqda valideyn davranış, nitq pozğunluğu hiss edirsə, həkimə müraciət edir. Pediatr, nevroloq və psixoloq bir yerdə dəqiqləşdirsə ki, uşaq autizm xəstəsidir, artıq digər mütəxəssislərə yönləndirilə bilər”.
Son vaxtlar psixoloji mərkəzlərin çox olduğunu vurğulayan həkim deyib ki, kimin pulu var, yeni psixoloji mərkəz açır:
"Çoxları isə hansısa təlimdən qazandığı sertifikatlarla dırnaqarası psixoloq olur. Valideynlər isə pediatrdan kənarda həmin o dırnaqarası psixoloqun, yaxud loqopedin yanına gedir. Halbuki uşaqların orqanizmində baş verən dəyişikliyi ilk növbədə tibb mütəxəssisi – pediatr təyin etməlidir. Sonradan digər mütəxəssislərə müraciət etmək olar.
Bəzi "psixoloqlar" uşaqlara yalandan autizm diaqnozu qoyur. Nəticədə valideyn çöllərə düşür. Bu məsələlər tənzimlənməli, diaqnoz qoymaq məsələsi mərkəzləşdirilməlidir. Dövlət bu işlə ciddi maraqlanmalıdır.
Autizm xəstəsinin reabilitasiyası üçün külli miqdarda vəsait lazımdır. Həmin uşaqlar hər qidanı yeyə bilməz, onların menyusu fərqlidir və çoxlu pul tələb edir. Zavallı valideynlər isə bunu qarşılaya bilmir”.
V.Qarayev əlavə edib ki, heç bir loqoped uşağa anası qədər yaxın ola bilməz:
"Analar bu məsələdə tənbəllik edir, uşaqları ilə danışmır. Ya kompüteri, ya da telefonu uşağın qabağında qoyur, televizorda cizgi film açır, öz işi ilə məşğul olur. Əslində uşaq deyilən sözləri anlayır, eşidir. Lakin dil işləmədiyindən, uşaq intensiv danışmadığından nitqində geriləmələr olur. Hər uşağa autizm diaqnozu qoymaq olmaz.
Dövlət bunu ciddi maliyyə tələb etdiyinə görə, tənzimləməlidir ki, hamı üçün əlçatan olsun. Məlum məsələ mütləq ciddi yanaşma tələb edir. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Mətbuatda, televiziyada, sosial mediada - hər yerdə bu məsələlər önə çəkilməlidir. İndi az qala bütün uşaqlarda nitq, davranış pozğunluğu var.
Onlara ciddi yanaşsaq, düzgün addımlar atsaq, təxmini bir aya statistik rəqəmlərdə də, autizm xəstələrinin sayında da yüksək dönüş etmək olar”.
Qeyd edək ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin açıqladığı statistikaya görə, autizmin ən çox aşkarlandığı ölkələr sırasında Azərbaycan ikinci yerdədir.
Aysel Aslan