"Bir şərtlə ki, müasir, dünyanın iqtisadi gedişatına uyğun peşələrin Azərbaycanda tədrisi həyata keçirilsin"
"Müasir standartlara uyğunlaşdırılmış texniki peşə sistemi qurulmalıdır. Birbaşa istehsal və biznes əlaqələri ilə uyğunlaşdırılmalıdır"
Dünya Bankının təşkilatçılığı ilə Dünya Bankının "İnsan Kapital Forumu" işə başlayıb. Tədbirdə Dünya Bankı, UNİCEF-in təmsilçiləri, həmçinin Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov çıxış edib.
Son illərdə təhsil sahəsində görülən işlərdən söz açan nazir 5-6 yaşlı uşaqların məktəbə hazırlığından danışıb: "5-6 yaşlı uşaqların hazırlıq səviyyəsi ilə bağlı 24 faizdən 75 faizədək müsbət nəticələr əldə etmişik. Bununla yanaşı, "İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəmiz artıq icra olunur. Bu pilot layihədə hazırda 2 mindən çox şagird var".
Nazir həmçinin peşə təhsil məktəblərinə də marağın artırılmasından danışıb: "Şagirdlərin erkən olaraq təhsili tərk etməsi mənfi nəticələrə, həmçinin gələcəkdə böyük maliyyə problemlərinə səbəb olacaq. Artıq Azərbaycanda da peşə təhsilinin inkişafı üçün yol xəritəsini cızmışıq. Bunun nəticəsi olaraq biz peşə təhsilində 27 faizədək müsbət nəticə əldə etmişik".
Nazir bildirib ki, görülən işlərin nəticəsində artıq oxuyub, başa düşmə səviyyəsində 10 faizədək artım olub.
İqtisadçı-ekspert Natiq Cəfərli isə nazirin dediklərində böyük həqiqət payı olduğunu deyib. Onun sözlərinə görə, təhsili erkən yaşda tərk edən şagirdlər mütəxəssis ola bilmir. Nəticədə isə Azərbaycan iqtisadiyyatında hər hansı bir formada iştirakdan məhrum olur:
"Təhsilsiz işçi qüvvəsinə isə ölkədə tələbat o qədər də yüksək səviyyədə deyil. Təbii ki, bütün bunlar da gələcəkdə Azərbaycan iqtisadiyyatında müəyyən itkilərə səbəb olacaq. Uyğun şərtlər olsa, yüksək təhsilli bir gənc yaratdığı şirkət, qurduğu iş vasitəsilə həm digər təbəqələr üçün iş yerlərinin açılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verə bilər. Ona görə də təhsil səviyyəsinin aşağı olması, müəyyən səbəblərdən uşaqların orta məktəbi yarımçıq tərk etməsi və onların sayının çoxalması Azərbaycanda iş qüvvəsi bazarı üçün böyük zərbədir”.
İqtisadçının sözlərinə görə, peşə yönümlü ixtisasların artırılması, peşə təhsilinin inkişafına diqqət göstərilməsi bu sahədəki problemlərin həllində mühüm rol oynaya bilər:
"Bir şərtlə ki, müasir, dünyanın iqtisadi gedişatına uyğun peşələrin Azərbaycanda tədrisi həyata keçirilsin. Ölkəmizdə fəaliyyət göstərən texniki peşə məktəbləri ən yaxşı halda sovet təhsil sisteminə uyğun formada qalıb və çox təəssüflər olsun ki, ixtisaslı peşələrlə ölkə iqtisadiyyatının təmin olunmasında heç bir rol oynamır. Bunun üçün də müasir standartlara uyğunlaşdırılmış texniki peşə sistemi qurulmalıdır. Birbaşa istehsal və biznes əlaqələri ilə uyğunlaşdırılmalıdır. Çünki bir çox hallarda böyük biznes şirkətləri onlara lazım olacaq ixtisaslarla bağlı peşə məktəblərinə sifariş verirlər. Bu sahənin inkişafı üçün maliyyə yardımları belə ayırırlar.
Azərbaycanda isə belə bir mexanizm yoxdur. İstehsalla texniki peşə məktəbləri arasında heç bir bağ mövcud deyil. Bu isə iqtisadiyyatda insan resursları itkisinə səbəb olan başlıca amillərdən biridir. Bu sahəyə diqqətin artırılması, yeni strategiyanın qəbul olunması çox vacibdir. İxtisaslı peşəyə sahib olan işçilərin sayının artırılması gələcəkdə ölkə iqtisadiyyatının daha dinamik inkişafına təkan verəcək amilə çevrilə bilər”.
Şəymən