Elektrik avtomobillərinə güzəştlər ləğv edildi, idxal iki dəfə azaldı - İqtisadçıdan AÇIQLAMA

  • Hava çirklənir, elektrik avtomobillərinin idxalı azalır. Məntiqlə güzəştlər artırılmalı idi

Azərbaycanda avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcmi 959.8 min ton olub. Stasionar mənbələrdən (yəni, sənaye, istehsal, və s.) atılan emissiya 98.4 min ton təşkil edib. Beləliklə, avtomobil nəqliyyatı üzrə emissiyalar stasionar mənbələri təxminən 10 dəfə üstələyib. Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında məlumat paylaşıb. 

İqtisadçı Sherg.az-a açıqlamasında qeyd etdi ki, havaya atılan emissiyaların böyük həcmi avtomobillərin payına düşürsə, o zaman elektriklə işləyən və hibrid avtomobillərin ölkəyə idxalına geniş şərait yaradılmalıdır. Bizdə isə əksi müşahidə edilir: 

- Əgər avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcmi stasionar mənbələrdən atılan emissiyaların həcmindən çoxdursa, bu o deməkdir ki, Azərbaycanda istehsal yox dərəcəsindədir. Amma, diqqətimi başqa məsələ çəkdi: əgər avtomobillər daha çox atmosferi çirkləndirirlərsə, məntiqlə, nə etmək lazımdır? Elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsini və satışını daha çox stimullaşdırmaq, güzəştləri artırmaq. Məntiqlə bu addımlar atılmalı idi. Bəs hökumət nə etdi? Elektrik və hibrid avtomobillərə tədbiq edilən vergi və rüsum güzəştlərini bu ildən ləğv etdi, bu da elektrik avtomobillərinin ölkəyə gətirilməsinə ciddi mənfi təsir etdi. Elektrikli və hibrid avtomobilləin ölkəyə idxalında ötən ilin eyni dövrü ilə müqaisədə 2 dəfə azalma var. 2025-ci ilin yanvar-iyul aylarında ölkəyə 1180 ədəd elektiklə işləyən avtomobil gətirilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 596 ədədə düşüb.